Taxıl biçini kampaniyası genişlənir

         Rayonda taxıl biçini geniş sürət götürür. İstehsalçılar hər il olduğu kimi bu il də əkin sahələrində bol məhsul yetişdirilməsinə nail olublar. Təsərrüfatlarda aparılan keyfiyyətli aqrotexniki tədbirlər, xəstəliklərə və ziyanvericilərə qarşı səmərəli mübarizə tədbirləri nəticəsində bunun üçün mühüm zəmin yaranıb. Havaların əlverişli keçməsi də bu sahədə xüsusi önəm kəsb edib.

Rayon istehsalçıları tərəfindən cari təsərrüfat ilində 29 min 935 hektardan çox əkin sahəsinə taxıl əkilib ki, bunun da 22 min 224 hektarını buğda, 7 min 711,2 hektarını isə arpa təşkil edir.

Biçinə ciddi hazırlaşan taxılçılarımız məhsulun vaxtında və itkisiz toplanması üçün bütün imkanları səfərbər ediblər.

Mütəxəssislərin rəylərinə görə, sahələrdən məhsuldarlıq ötən ildəkindən çox olacağı gözlənilir.

Rayonda fermer təsərrüfatlarının taxılı operativ biçib, təhvil vermələri üçün kombayn və digər zəruri texniki vasitələrlə təminatı diqqət mərkəzində saxlanılır.

Fermerlərin dedikləri kimi, havalar əlverişli keçərsə, məhsul yığımını qısa müddət ərzində başa çatdırmaq mümkün olacaq.

Ümumilikdə, iyunun 16-na olan məlumata görə rayon üzrə 4 min 30 hektardan 13 min 299 ton taxıl, 3 min 850 hektardan isə 13 min 682 ton arpa biçilib. Biçində Ağcabədi şəhər, Qaradolaq, Taynaq, Təzəkənd, Şənlik və s. kəndlərin ərazisində fəaliyyət göstərən fermer təsərrüfatları fərqlənirlər. Rayonda taxıl biçini davam edir.

Yəhya PAŞAZADƏ

Şərhlər