30.2 C
Aghjabadi
Bazar ertəsi, May 23, 2022

Qorxulu pandemiyadan yeganə xilas yolu vaksinasiyadır

İnsanı 1 və ya 2 həftə xəstə edən COVID-19 virusu qohumlar, uşaqlar və ya iş yoldaşları üçün ağır nəticələr törədə bilər. Dünyada hər il yüzlərlə insan peyvənd olunmadığı üçün vaksin tövsiyə edilən xəstəliklər səbəbindən həyatını itirir.
Vaksinlər xəstəliyə yoluxma zamanı ağırlaşma və ölüm hallarının qarşısını alan təhlükəsiz vasitədir. İmmun sistemi vaksini antigen kimi qəbul edir və ona qarşı anticisimlər yaradır. Orqanizm peyvənd vasitəsilə virusla tanış olduğu üçün artıq xəstəliklə qarşılaşanda hazırlıqlı olur və ağırlaşmanın qarşısı alınır. Vaksin öldürülmüş və ya zəiflədilmiş mikroblar və onların ifraz etdiyi bəzi antigen xassəli maddələr olduğu üçün xəstəliyə yoluxma zaman qarşıya çıxan canlı virusla müqayisədə heç bir təhlükəsi olmur. Bütün klinik yoxlamalar zamanı 10 minlərlə insan da bəzi hallarda yalnız zəif allergik reaksiya ilə nəticələnmişdir.
Gənc və sağlam insanlar da xəstələnə və həyatını itirə bilər. Belə nümunələr həm ölkəmizdə, həm də dünyada yüzlərlədir. Gənclər xəstəliyi simptomsuz və yüngül keçirsələr də, ətraflarında olan digər insanlara böyük təhlükə yarada bilərlər. Bu səbəbdən vaksin həyatları xilas etmək üçün yeganə yoldur. Maska taxmaq, sosial məsafə saxlamaq, gigiyena və s. kimi tədbirlər görmək virusa məruz qalmaq və ya başqalarına yoluxdurmaq şansını azaldır. Sağlam qidalanmaq, idmanla məşğul olmaq və sağlamlıq müayinələrindən keçmək kimi vaksinlər də insanların sağlam olmasında mühüm rol oynayır. Lakin bu tədbirlər kifayət etmir. Peyvəndlər immunitet sistemimizi virusla mübarizə aparmağa hazır edir.
Çox az sayda olsa da, vaksinasiyaya əks göstərişi olan insanlar da var. Peyvənd olunanlar qazanılan immunitet sayəsində onları da qorumuş olur. Bu siyahıya vaksinasiya strategiyasına uyğun olaraq hamilə qadınlar, süd verən analar, 18 yaşdan kiçik vətəndaşlar da aiddir. COVID-19-a qarşı hazırlanmış peyvəndlər dünyada təxminən 3,9 milyona yaxın insanın ölümünə səbəb olan pandemiyanı dayandırmaq üçün həyati əhəmiyyətə malikdir.
Əslində, bütün yoluxucu xəstəliklərin qarşısı vaksinlə mümkün olub. 1990-2017-ci illərdə vərəm, hepatit B, difteriya və s. kimi vaksinlə qarşısı alına biləcək xəstəliklərdən minlərlə insan həyatını itirdi. Vaksinin olmaması səbəbindən 1346-1352-ci illərdə Avropa əhalisinin 25 30% i vəba xəstəliyindən məhv olub. 1916-1920-ci illərdə İspaniya qripi 2 milyard dünya əhalisinin 30%-inə yoluxmuş və 20 ilə 50 milyon insanın ölümünə səbəb olmuşdu. Ən kiçik ehtimalla müqayisə etsək, bu xəstəlik Birinci Dünya müharibəsində ölənlərdən daha çox insanı məhv edib. 1618-ci ildə 20 milyon olan Meksikada İnka əhalisinin sayı çiçək xəstəliyi səbəbindən 1,6 milyona düşüb.
Son yüz ildə peyvəndlər bir çox xəstəliyin zərərlərinin və ölüm hallarının azalmasına kömək olub. 1960-cı illərdə qızılca xəstəliyinə qarşı peyvənd icad olunana qədər hər il bu xəstəlikdən təxminən 2,6 milyon adam ölürdü. ÜST-in məlumatına görə 2000-2017-ci illər ərzində qızılca xəstəliyi ilə bağlı ölümlərin sayı 80% azalıb. Müasir peyvəndlər milyonlarla insanın həyatını xilas edib. Peyvəndlər icad olunana qədər dünya bugünkündən daha çox təhlükədə idi. Cəmi bir neçə on il əvvəl milyonlarla insan poliomielit xəstəliyinin qurbanı olurdu – bu xəstəliyə yoluxanları ya iflic, ya da ölüm yaxalayırdı. Hazırda poliomielit tamamilə yox olub. Xüsusilə, uşaqların gələcəyi üçün vaksin vacibdir. COVID-19 səbəbindən dünyanın hər yerində olduğu kimi respublikamızda da şagird və tələbələrin təhsili məhdudlaşıb. Dünyada 1 milyarda yaxın şagird təhsilini davam etdirə bilməyib. Bu səbəbdən vaksinasiya təhsildəki itkiləri bərpa etmək və uşaqlara etibarlı bir gələcək yaratmaq üçün çox vacibdir.
COVID-19 səbəbindən turizm, iaşə obyektləri, hava yolu, səyahət və s. sahələrdə böyük iqtisadi itkilər yaşandı və dünyada milyonlarla insan iş yerini itirdi. Dünyada iqtisadi itkilərin bərpa olunması üçün vaksinasiya yeganə yoldur. Vaksinasiya ilə mədəni həyat canlanacaq (konsertlər, kino, teatr, sərgilər və s.) insanların gündəlik həyatında sosial aktivlik artacaq. Peyvənd milyonlarla insanın ölümünün qarşısının alınması, səhiyyə sisteminin rahatlaması və xəstəliyə xərclənən iqtisadi itkilərin azaldılması üçün yeganə üsuldur. Vaksinasiya ilə səhiyyəyə düşən yük azalacaq. Həkimlər öz gücünü və səylərini digər xəstəliklərin müalicəsinə yönəldə biləcəklər. Nəticədə səhiyyə xidmətlərinin keyfiyyəti artmış olacaq. Müasir dövrdə yoluxucu xəstəliklərə qarşı mübarizə üsullarından ən effektli və iqtisadi cəhətdən ən əlverişlisi vaksinasiyadır.

Dövlətimiz ölkə əhalisinin sağlamlığının qorunmasını özünün əsas vəzifəsi hesab edir. Pandemiya təhlükəsi başlayanda respublikamızda bu istiqamətdə vacib addımlar atılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin göstərişinə əsasasən Nazirlər Kabinetinin Sərəncamı ilə 2020-ci il 30 yanvar tarixində “Azərbaycan Respublikasında yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair Fəaliyyət Planı” təsdiq edildi, 2020-ci il 27 fevral tarixində koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi məqsədilə Nazirlər Kabinetinin yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət Operativ Qərargah yaradıldı və bütün bu tədbirlər pandemiya ilə mübarizədə öz müsbət təsirini göstərdi. 
Azərbaycan səhiyyə sistemi tez bir zamanda COVID-19-la mübarizəyə səfərbər edildi və pandemiya səbəbindən işsiz qalan əhalinin sosial müdafiəsi gücləndirildi. Uzaqgörən və çevik qərarlar Azərbaycanın dünyada vaksinasiya prosesinə başlayan ölkələr sırasında ilk cərgədə qərarlaşmasına səbəb oldu. Azərbaycan dövləti daim əhalinin sağlamlığını düşünür. Nazirlər Kabinetinin 2021-ci il 16 yanvar tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası” qəbul olunub. Prezident İlham Əliyevin böyük uzaqgörənliklə ölkəmizi daxil etdiyi vaksinasiya platformaları öz bəhrəsini verib. Bunun nəticəsidir ki, bu gün ölkəmizdə artıq əhalinin 4 növ vaksin seçimi var. Onların hər biri effektiv və təhlükəsizdir.
Əhalidə kütləvi immunitet xəstəliyə yoluxub sağalanlar və vaksin etdirənlər hesabına yaranır. Hazırda ölkəmizdə 2,9 milyon vaksinasiya olunan, 330 min nəfər isə xəstəliyə yoluxub sağalan şəxs vardır. Yalnız ölkə əhalisinin 70 80%-dən çoxunda kütləvi immunitetin yaranması epidemioloji sabitlik yarada bilər. Azərbaycan xalqı pandemiya ilə mübarizədə də, Vətən müharibəsində də “Biz birlikdə güclüyük!” düşüncəsi ilə qalib oldu. Vaksinasiya prosesində də bu belə olacaqdır.
Respublikamızın digər bölgələri ilə bərabər rayonumuzda da vaksinasiya tədbirləri genişlənib. Belə ki, indiyədək rayonda 51 mindən çox vaksinasiya edilib. Bunun da 30 mindən çoxu birinci doza, 21 mindən çoxu ikinci doza ilə peyvənd olunanlardır. Hazırda 18 yaşdan yuxarı bütün yaş kateqoriyaları vaksinasiya olunur. Gün ərzində 600-700 nəfər peyvənd olunur. Rayonun Hindarx qəsəbəsi, Hüsülü, Bala Kəhrizli, Aran, Qaravəlli kənd məntəqələrində vaksinasiya kampaniyası mütəşəkkil təşkil olunub və uğurla davam etdirilir.

Xəbər lenti

Bu gün onların peşə bayramıdır

Mayın 23-ü Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır.  Bu münasibətlə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ulu...

“Fədakarlar bir amalın uğrunda” kitabının təqdimatı keçirilib

Mayın 21-də Nizami Kino Mərkəzində Mədəniyyət Nazirliyi tabeliyində Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri,  Azərbaycan Jurnalistlər Birliyinin üzvü Aydın Tağıyevin...

Azərbaycan sülhə, təhlükəsizliyə və sabitliyə sadiqdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevmayın 18-də Litva Prezidenti Gitanas Nausadının ölkəmizə səfəri ilə əlaqədar mətbat üçün bəyanat verib.  Ölkə Prezidenti bildirib...

“Çempionumuz” layihəsi çərçivəsində növbəti görüş

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan İdman Könüllüləri İctimai Birliyi tərəfindən təsdiq edilmiş birgə əsasnaməyə müvafiq...

Deyimlərimiz, kəlamlarımız

         Bədii yaradıcılıq xalqımızın ruhunda, canındadır. Lap qədimdən bu günə qədər qaynayıb-daşan, axıb-coşan bu yaradıcılıq çeşməsi bitib-tükənmək bilmir. Zəngin məna çalarlarına malik...

Avşar elinin tarixi

         Fəzlullah Rəşidəddin (“Cəmiəttəvarix”), Yazıçıoğlu Əli (“Səlcuqnamə”) və Əbülqazi Bahadır Xan Xivəliyə (“Şəcəreitərakimə”) görə Avşar adının anlamı “işlərini cəld görən və ova...

Kümçülərə 877 qutu barama qurdu paylanılıb

         Respublikamızda barama istehsalına yüksək dövlət diqqət və qayğısından ruhlanan rayon kümçüləri 2022-ci təsərrüfat ilində  də bu mühüm kampaniyaya böyük həvəslə qoşulublar.

Şəhidlərin xatirəsi əbədiləşdirilib

         Rayonun İmamqulubəyli kəndində Birinci Qarabağ müharibəsi şəhidləri Hidayət Kərimov, Cavanşir Zeynalov, Savalan Kərimov, Yadigar Bəşirov və Röyal Baxşəliyevin xatirələrini əbədiləşdirmək məqsədi...

ZƏFƏR QURULTAYI UĞURLU SİYASƏTİN NƏTİCƏSİDİR

https://www.youtube.com/watch?v=dqfE9owZVPk&t=71s

Kürdəmirdə baş verən avtoqəzada Ağcabədi sakinləri xəsarət alıb

Hadisə bu gün səhər Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun rayonun Atakişili kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, “Mercedes” markalı minik avtomobilinin sürücüsü İmişli...

Şərhlər