Ərşad müəllim

Həyatını müəllimliyə həsr edən insanlar həqiqətən fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır.

Heydər Əliyev.

Dünyada çox sənət və peşələr mövcuddur. Ancaq bu sənətlər içərisində sözsüz, ən müqəddəsi, ülvisi müəllimlikdir. Çünki filosofun dediyi kimi, valideyn insanı göydən yerə endirirsə, müəllim onu yerdən göyə qaldırır. Müəllimlik əvəzolunmaz, yeri görünən və insan oğlu üçün ən önəmli, eləcə də tayı-bərabəri olmayan bir sənətdir. Müxtəlif təbiət və xarakterli şagirdlərin ürəyinə yol tapmaq, işıq saçmaq müəllimin ən ümdə arzusudur. Müəllim eyni zamanda psixoloq, filosof və tərbiyəçi vəzifələrini daşıyır. Buna görə də müəllimlik, tərbiyəçilik bütün dövrlərdə ən müqəddəs peşələrdən sayılır.

İnsan doğulanda hələ mükəmməllikdən çox uzaq olur. Onun böyüyüb insan kimi yetişməsində, formalaşıb xarakter sahibi olmasında müəllimin gördüyü işlər əvəzsizdir. Çünki şagird bilikalma vasitəsi ilə sonsuzluğa yüksəlir. Bilikverən də əlbət ki, müəllimdir.

Müəllim məktəbə yenicə qədəm qoyan cocuğun kövrək, titrək əllərindən tutub ona təkcə Ana, Vətən sözlərini yazdırmaqla kifayətlənmir. Şagirdin hər bir dəcəllik və nazına dözən müəllim yuxusuz gecələr keçirir, gələcək nəslin bilikli, savadlı və vətənpərvər böyüməsi üçün saç ağardır, öz ömrünü onların ömür yollarında şam kimi əridir. Müəllim əsl  qəhrəmanlıq nümunəsidir. Axı qəhrəmanları da elə məktəb, müəllim yetişdirir.

Müəllimin verdiyi bilik insan varlığını təmizləyir, dünyagörüşünü artırır, tənzimləyir. Elmin daşlı-kəsəkli yollarında gələcəyin kamil insanı kimi yetişdirmək amalına, məqsədinə qulluq edən müəllim şagirdi hamar, rahat cığırla aparır. Müəllim gələcəyin sağlam düşüncəli insanını tərbiyə edib, elmli görmək üçün öz ömründən kəsib onun ömrünə calayır. Müəllim bir gün təbiətin qanuna uyğun olaraq dünyanı tərk edir, onun tələbələri müəllimin yolunu davam etdirərək əziz xatirəsini unudulmağa qoymur…

Ərşad Məhəmmədəli oğlu Qasımov 1922-ci ildə Kəbirli mahalında anadan olub. Az ömür yaşasa da Kəbirli elatının ilk riyaziyyat müəllimlərindən biri olaraq böyük işlər görüb və bir çox riyaziyyatçılar Ərşad müəllimin məktəbinin davamçıları kimi bu gün də fəaliyyət göstərirlər. Bütün bunlar Ərşad müəllimin bu dəqiq fənni dərindən bilməsi və bir fədakar müəllim kimi riyaziyyatı həmkəndlilərinə ustalıq, eləcə də böyük məntiqlə aşılaması və öyrətməsinin bariz nümunəsidir.

1941-1945-ci illər müharibəsindən əvvəl Ağdam iki illik Müəllimlər İnstitutunda təhsil alan Ərşad Məhəmmədəli oğlu bir vətənpərvər gənc kimi 1942-ci ildə cəbhəyə, müharibəyə yollanır. 1943-cü ildə müharibədə yaralanır və II qrup əlil kimi ordudan tərxis olunur. Qiyabi yolla Azərbaycan Pedaqoji İnstitutun fizika-riyaziyyat fakültəsini uğurla başa vurur. Salmanbəyli kənd yeddiillik (o vaxtki ) məktəbdə direktor və sonra ömrünün axırına kimi riyaziyyat müəllimi işləyir.

Ərşad müəllim təkcə müəllim deyildi. O, hərtərəfli mükəmməl bilikli, dünyagörüşlü insan idi. Onun biliyinin dərinliyinə işarə olaraq, sağlığında el arasında ona təkcə müəllim yox, alim Ərşad deyirdilər…

Ərşad müəllimin 7 övladı var, onların 6-sı ali təhsillidir. Oğlanları Zöhrab (böyük oğlu) və Alpənah yüksək ixtisaslı riyaziyyat müəllimləridir. Mərhum oğlu Yaqub da müəllim idi. Bədən tərbiyəsini tədris edir, yeniyetmələrin sağlam və güclü böyümələri üçün əlindən gələni edirdi. Oğlu Mütəllim ali təhsilli mexanikdir. Kiçik oğlu Eyler Universitetin tətbiqi-riyaziyyat fakültəsini bitirib. Güclü riyaziyyatçı və şahmatçıdır. Qızı Fəxrəndə də atasının yolu ilə getmiş, fizika-riyaziyyat müəllimi olmuşdur. Ərşad müəllimin nəvələrindən 10 nəfəri ali təhsillidir.

Riyaziyyat, mexanika və digər dəqiq elmlərin qanunlarını əxlaqi hadisələrə, insan ruhunun varlğının tətbiq etməklə insanı əsl xoşbəxtliyə qovuşdurmaq mümkün həqiqətdir. Bax sağlığında bu həqiqətlərə qəlbən əməl edən Ərşad müəllimin indi çoxsaylı tələbələri öz həyat yollarında riyaziyyat elmini seçərək və bu dəqiq elmə qulluq etməklə Ərşad müəllimin ölməz ruhunu şad edirlər.

…1965-ci il yanvarın biri Salmanbəyli kəndində səhər tezdən dumanlı, çisginli, yağışlı bir hava hökm sürürdü. Cəmi 43 yaşı olan, qəlbi hələ yaşamaq, yaratmaq, həmkəndlilərinə riyaziyyat elminin sirlərini böyük həvəslə öyrətmək istəyi ilə alışıb-yanan Ərşad Qasımovun ürəyi qəfil dayandı. O, gözlərini əbədi olaraq yumdu. Sanki təbiət də onun cavan yaşında dünyasını tərk etməsi haqsızlığı ilə barışmır, ondan ötrü göz yaşları tökürdü. Salmanbəyli kəndində yağış yağırdı…

…Dəfn mərasimində iştirak etmək üçün müxtəlif bölgələrdən gələn adamlar və maşınlar o qədər idi ki, kəndin ortasında iynə atsan yerə düşməzdi. Bu o zaman maşınların və gediş-gəlişin az olduğu  bir vaxt idi…

Allah sənə rəhmət eləsin, Ərşad müəllim! Qəbrin nurla dolsun. Sənin unudulmaz xatirən həmişə bizim yaddaş və qəlbimizdə yaşayacaq. Çünki sən həmişə bizimləsən.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com