Sovet Hakimiyyəti illərində Azərbaycanın görkəmli söz sənəti nümayəndələri də amansız repressiyalara məruz qalıb, təqib olunublar. Onlar əsassız bəhanələrlə həbs edilərək zindanlara salınıb, güllələnib, sürgün ediliblər. Sovet repressiya maşınının günahsız qurbanlarından biri də istedadlı qələm sahibi, həmyerlimiz şair Əhya Naimdir.
Əhya Qoçalı oğlu Paşayev 1895-ci ildə Gəncə Quberniyası Şuşa qəzasının Ağcabədi kəndində anadan olub. Onun atası Qoçalı və anası Zəhra xanım dövrün zəngin dünyagörüşlü, bilikli, şəriət məsələlərinə yaxşı bələd olan şəxslərindən sayılıblar.
İlk təhsilini valideynlərindən, babası Paşa kişidən alan Əhya Naim onlardan ərəb və fars dillərini öyrənib. O, dini biliklərlə yanaşı, Şərqin görkəmli sənətkarları Firdovsi, Nizami, Xəyyam, Sədi, Hafiz, Füzuli, M.P.Vaqif və s. kimi qüdrətli şairlərin yaradıcılığını dərindən mənimsəyib.
Əhya Naim sonralar mədrəsədə və Xəlfərəddində fəaliyyət göstərən rus-tatar məktəbində təhsil alıb. O, təhsilini başa vuraraq rus-tatar məktəbində müəllimlik fəaliyyəti göstərib. İstedadlı gənc bu zaman şeir yaradıcılığı ilə də geniş məşğul olub. Rus-tatar məktəbində müəllim işlədiyi vaxt Ə.Naim Azərbaycanın görkəmli xanəndələri Mütəllim Mütəllimov və Zülfü Adıgözəlova da dərs deyib. Mütəllim Mütəllimov xatirələrində, müsahibələrində yaxın qohumu və qonşusu olan Əhya Naimdən ərəb və fars dillərini, əruz vəzninin sirlərini öyrəndiyini dönə-dönə vurğulamış, sevimli müəllimini həmişə hörmətə yad etmişdir. Akademik Rafael Hüseynov vaxtı ilə Mütəllim Mütəllimovdan aldığı radio müsahibəsində bu haqda ətraflı söz açmış və həmin müsahibə zamanı xanəndə yazı-pozu öyrəndiyi müəlliminin şeirlərinə, dünyagörüşünə söz olmadığını vurğulamışdır. O, Əhya Naimin “qoşduğu qəzəllərin” dillər əzbəri olduğunu bildirərək, ondan bir beyt də söyləmişdir:
Mənimlə bu fələyin bilməm iddiası nədir?
Basıbdı qəlbimə yüz min qəm, cəfası nədir?
Təsadüfi deyildir ki, muğam ifaçıları arasında şairin yaradıcılığına ən çox müraciət edən xanəndə məhz Mütəllim Mütəllimov olub.
Böyük muğam ustası Yaqub Məmmədov, yerli xanəndələr Nargilə Cəfərova, Fərzalı Ağcabedinski, Seyid Rasim və digərləri də Əhya Naimin şeirlərindən tez-tez istifadə ediblər.
Əhya Naim öz geniş və çoxşaxəli fəaliyyəti ilə diqqəti çəkib. O, dini işlərlə, şəriət məsələləri ilə də müntəzəm məşğul olurdu. Ağcabədi Cümə məscidində ilk azan verən şəxslərdən olub.
Naim bir müddət Xəlfərəddin kəndində mirzəlik də edib, sakinlərə yazı-pozu işlərində yaxından köməklik göstərib, onların çar üsul-idarəsi tərəfindən törədilən problemlərinin həllinə nail olub.
Bununla belə, onun fəaliyyətində şeir yaradıcılığı xüsusi yer tutur. Şairin məharətlə qələmə aldığı lirik, ictimai-siyasi motivli şeirləri ilə yanaşı, yüksək bədii dəyərlərə malik mənzumə və mərsiyələri də maraq doğurur. Naimin yazdığı həmin bədii nümunələr bölgə əhalisi arasında geniş yayılıb və sevilə-sevilə oxunub.
Əhya Naimin şeir və qəzəllərini xanəndələr toy məclislərində, şənliklərdə, mərsiyə və növhələrini isə Məhərrəmlik mərasimlərində səsləndiriblər.
Şairin yaradıcılığı respublikaya səs salıb. Deyilənə görə, xalq şairləri Səməd Vurğun və Süleyman Rüstəm onu Bakı şəhərində yaşamağa, yazıb-yaratmağa dəvət ediblər. Əhya Naim təəssüf ki, bu təklifə razılıq verməyib. Sovet hakimiyyətinin ilk illərində ideoloji mübarizə getdiyi bir şəraitdə quruluşun üstünlüyündən bəhs edən şeirlər yazmaqdan imtina edən Əhya Naim repressiya və təzyiqlərlə üzləşib. Şair 1932-ci ildə əsassız-sübutsuz təqsirləndirilərək, İrana sürgün olunub. Bir müddət Tehrandan məktubları gəlsə də, onunla əlaqə tamam kəsilib. Təəssüflər olsun ki, görkəmli şairin sonrakı taleyi məlum deyil.
Həmyerlimiz, filologiya elmləri namizədi Rasim Tağıyev sovetlər dönəmində Əhya Naimin yaradıcılığı ilə əlaqədar müəyyən tədqiqat işləri aparıb. Lakin qəfil ölüm ona bu işi başa çatdırmağa imkan verməyib. Görkəmli alim, akademik Şamil Cəmşidov “Aran” qəzetində çap etdirdiyi “ Zindandan məktublar” adlı məqaləsində Naimin əlyazmaları haqqında məlumat verib.
İstedadlı şairin əlyazmalarının üzə çıxarılaraq, kitab şəklində çap edilməsinə bu gün zəruri ehtiyac yaranıb. Bu gün Ağcabədidə keçirilən Məhərrəmlik mərasimlərində səsləndirilən mərsiyələrin əksəriyyəti də Əhya Naim qələminin məhsuludur. Onları seçib, toplamaq olduqca vacibdir. Çünki sovet repressiyasına məruz digər həmyerlimiz Nadim təxəllüslü Molla Səttar Fərzəliyev də mərsiyələr müəllifi olub.
Tərəfimizdən bu istiqamətlərdə müəyyən addımlar atılıb. Şairin əsərlərinin üzə çıxarılması üçün “Aran” qəzeti vasitəsi ilə oxuculara müraciətlər ünvanlanıb. 1997-ci ildə “Aran” qəzetində “Əhya Naim kimdir”, 1999-cu ildə isə “525-ci qəzet”də “Talesiz şair” adlı məqalələr dərc edilib. “Dünya məhəbbətsiz yaşaya bilməz” adlı kitabımda nəşr olunan “Sürgün edilmiş ömür” adlı mənzum dram görkəmli sənətkar Əhya Naimin xatirəsinə həsr edilib. Bundan əlavə, müəllifi olduğum “Ağcabədi dindarları” adlı kitabda da şairin həyat və yaradıcılığından bəhs olunub. Sənətkarın əlimizdə olan yeganə qəzəlini sizə təqdim edirik:
Neyləmişdim sənə, etdin məni avarə fələk,
Elədin bəxtimi qarə, a günü qarə, fələk?!
Görmədim səndə göyərsin, ucalsın bir sərv,
Adətindir qurudub, qərq etmək odlarə, fələk.
Üzümü hər kimə tutdum ki, deyim dərdi-dilin,
Onu məndən elədin tez, ürəyi qarə fələk.
Naimi qəmzədəyəm, çoxdur gileyim səndən,
Məni öldür, nə olar, ya yetir yarə, fələk.
Yəhya PAŞAZADƏ