Şəhərimizi zibilləyənlər – FOTOLAR

         Respublikamızın qabaqcıl bölgələrindən sayılan Ağcabədi rayonu müstəqillik tarixindən keçən 30 il müddət ərzində böyük bir inkişaf yolu keçmişdir. Rayon və kəndlərin qazlaşdırılması, çəkilən səliqəli asfalt yolları, tikilən yeni idarə, təşkilat və məktəb binaları dediklərimizin əyani sübutudur. Bütün sadaladıqlarımı bir kənara qoymağa məcburam. Haqqında söz açacağım mövzu zibil problemi ilə bağlıdır. Sosial şəbəkədə bizə yazanları nəzərə alıb vəziyyətlə maraqlandıq. Rayonumuzda yolla gəzərkən əksər yerlərdə zibil qalıqlarına rast gəlmək olar. Kimisi evinin yanında banka qırıntısını atır, kimisi mikrob və xəstəlik mənbəyi olan maskaları, şirin, qazlı su qabları, siqaret kötükləri və digər məişət tullantıları ilə şəhərimizi üfunət, bataqlıq yerinə çevirmək istəyirlər. Şəhərimizin əksər küçələrində zibil qabları yerləşdirilib. Amma təəssüflə qeyd etməliyəm ki, elə insanlar olur ki, əlindəki şüşə qırıntısını, uşaq bezini, yararsız əşyaları zibil qutularına deyil, su kanalına, küçəyə atırlar.

Redaksiyamıza olunan müraciətə əsasən şəhərin Soltanbəy küçəsinə də baxış keçirərkən vəziyyətin bərbad olduğuna şahidlik etdik. Burada yaşayış evlərinə çox yaxın hissədə, kanal ətrafında üfunətdən dayanmaq olmur. Gəmiricilər saysız-hesabsızdır. Təbii ki, zibili tökən həmin sakinlərdir.

Amma onların da əlində bəhanə var ki, zibil qabları yoxdur. Ağcabədi Mənzil və Kommunal İstismarı İdarəsinin işçiləri belə ərazilərə baxış keçirərək acınacaqlı vəziyyəti öyrənsələr yaxşı olar. Onlarla bərabər şəhər sakinləri də böyük məsuliyyət daşıyırlar. Çünki, tulladığımız hər bir zibillə öz evimiz və ətrafdakı evləri deyil, həm də ümumilikdə rayonumuzun təmizliyinə və sağlamlığımıza zərbə vurmuş oluruq. Məsuliyyət dərk edərək atdığımız addımların fərqində olmalıyıq. İnanırıq ki, Ağcabədi Mənzil və Kommunal İstismarı İdarəsinin bir müddət əvvəl təyin olunan rəhbərliyinin qətiyyəti, bacarığı sayəsində şəhərimizin müxtəlif yerlərindəki natəmizlik aradan qaldırılacaqdır.

Hüseyn QULUZADƏ

Şərhlər