Tənqidçi, ədəbiyyatşünas, tərcüməçi – Daha bir ağcabədili məşhur(1952)

Quliyev Vilayət Muxtar oğlu – tənqidçi, ədəbiyyatşünas, tərcüməçi. 1985-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru(1990). M.F.Axundov (1989) və H.Z.Tağıyev adına mükafatların laureatı.1952-ci il noyabr ayının 5-də Azərbaycan Respublikası Ağcabədi rayonunun Ağcabədi qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Beyləqan rayonundakı G.Əsədov adına Birinci Şahsevən orta məktəbini bitirdikdən sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1970-1975). Üç il orta məktəblərdə Azərbaycan dili və ədəbiyyat müəllimi kimi çalışdıqdan sonra təhsilini AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əyani aspiranturasında (1978-1981) davam etdirmişdir. 1982-ci ildə “Müasir Azərbaycan nəsrində üslub müxtəlifliyi” mövzusunda namizədlik, 1990-cı ildə “Azərbaycan filoloji fikri və rus ədəbi-ictimai mühiti (XIX əsrin birinci yarısı)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi (1981-1984), böyük elmi işçi və sektor müdiri (1984-1987), elmi işlər üzrə direktor müavini (1987-1991) vəzifələrində çalışmışdır. 1992-1993-cü illərdə Türkiyə Cümhuriyyətindəki Ərzurum Atatürk Universitetinin professor olmuşdur. 1993-1995-ci illərdə yenidən Ədəbiyyat İnstitutunda aparıcı elmi işçi vəzifəsində işləmişdir. 1996-2000-ci illərdə Birinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyət göstərmişdir. Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 1999-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Xarici işlər naziri vəzifəsinə təyin edilmiş və 2004-cü ilə qədər bu vəzifədə işləmişdir. 1999-2004-cü illərdə eyni zamanda Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının üzvü, YUNESKO-nun Azərbaycan Milli Komitəsinin sədri və “Diplomatiya aləmində” (Azərbaycdan, rus, ingilis dillərində) jurnalının baş redaktoru olmuşdur. 2004-cü il iyun ayının 7-dən Azərbaycan Respublikasının Polşa Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiridir.
1980-ci illərdən etibarən respublikanın ictimai-siyasi həyatında fəal iştirakı ilə seçilmişdir. Azərbaycan Milli İstiqlal Partiyası Təşkilat Komitəsinin üzvlərindən biri (1992) və partiyanın mətbu orqanının – “Millət” qəzetinin baş redaktoru olmuşdur. Demokratik İstiqlal Partiyasının birinci katib seçilmişdir(1994).
Mətbuatda ilk yazısı 1969-cu ildə çap olunmuşdur. 1978-ci ildən etibarən ədəbi-tənqidi mövzulu məqalə və kitabları, rus, türk və ingilis dillərindən tərcümələri ilə ədəbi mühitdə ardıcıl çıxış edir. Ədəbi-tənqid, ədəbi-mədəni əlaqələr, ədəbiyyatşünaslıq və elm tarixçiliyi ilə bağlı məsələlər yaradıcılığının əsas istiqamətlərini təşkil edir. Keçmiş Sovet İttifaqının bir sıra şəhərlərində, habelə Avropa ölkələrində keçirilən beynəlxalq elmi konfransların iştirakçısı olmuşdur. Kitab və məqalələri Rusiyada, Türkiyədə, İranda, Polşada və digər ölkələrdə çap edlmişdir. “Azərbaycan” və “İpək yolu” jurnallarının redaksiya heyətinin, 100 cildlik “Filoloqun kitabxanası” nəşrinin Redaksiya Şurasının üzvüdür.

Əsərləri:

  1. ”Mirzə Kazım bəy”. B., “Yazıçı”, 1987, 205s.
  2. ”Özümüz və sözümüz (şərikli)”.B., “Azərnəşr”, 1993, 120s.
  3. ”Özümüz və sözümüz (şərikli)”.B., “Təbriz”, 1995, 135s.
  4. “Ağaoğlular”.B.,”Ozan”, 1997, 336 s,
  5. “Heydər Əliyev və ədəbiyyat məsələləri”. (şərikli) B.., “Elm”, 1998, 211 s.
  6. “Azərbaycanda erməni zülmü”. B., “Ozan”, 1999, 228 s.
  7. “İsa Sultan Şahtaxtinskinin qəribə həyatı”. B.., “Ozan”, 1999, 88 s,
  8. “Azərbaycan filoloji fikri və rus ədəbi mühiti”. B.., “Ozan”, 2000, 456 s.
  9. Tarixdə iz qoyan şəxsiyyətlər”. B.., “Ozan”, 2001, 584 s.
  10. “Açıq sözün hikməti”. B.., “Ozan”, 2002, 520 s.
  11. “Tariximiz-taleyimiz”. B.., “Ozan”, 2002, 424 s.
  12. “Azerbaydjanskaya şkola v russkoy orientalistike”, B.., “Azərnəşr””,2004, 476 s.
  13. “Azərbaycanın görkəmli şəxsiyyətləri”. “Tehran”, 2004, 482 s.
  14. “Ədəbiyyatda Nobel mükafatı laureatları”. B.., “Mütərcim”, 2009, 384 s.
  15. “Son illərin yazıları”. B.., “Ozan” 2009, 600 s.

Tərtib və tərcümələri:

  1. Rafael Mustafin. “Qəhrəman şairin izi ilə”. Tərcümə. Gənclik, 1988, 351 s.
  2. Azərbaycan Demokratik Respublikası. “Məqalələr məcmuəsi” Tərtib, tərcümə, redaktə, ön söz və şərhlər B.., “Elm”, 1992, 260 s.
  3. İyirmi üç Nəsrəddin. Tərtib, tərcümə, müqəddimə. Bakı, Gənclik, 1992, 510 s.
  4. Lev Qumilyov. Qədim türklər. Tərcümə. B.., “Gənclik”, 1993. 650 s.
  5. “Türkiyə dışındakı türk edebiyatları antolojisi” I cild. Tərtib, müqəddimə. Ankara, Kültür Bakanlığı, 1993, 430 s.
  6. “Türkiye dışındakı türk edebiyatları antolojisi” III cild, Tertib, müqəddimə. Ankara, Kültür Bakanlığı, 1993, 420 s.
  7. “Türkiye dışındakı türk edebiyatları antolojisi” IV cild, Tertib, müqəddimə. Ankara, Kültür Bakanlığı, 1993, 418 s.
  8. Lev Qumilyov. “Eski türkler”. Çeviri. Ötüken yayın evi, Ankara, 1996, 662s.
  9. Ə.M.Topçubaşov. “Paris məktubları”, Tərtib, tərcümə, müqəddimə, B., Azərnəşr 1998, 120s.
  10. A.M.Topçibaşev. “Pisma iz Parija” Tərtib və müqəddimə. Bakı, Azərnəşr, 1998, 118s.
    V.Baxtin, İ.Panov “Mühəmməd Peyğəmbərin həyatı” Tərcümə. B., Ozan, 2003. 511s.
  11. Əhməd Ağaoğlu. “Seçilmiş əsərləri” Tərtib, tərcümə, müqəddimə, şərhlər. B., Şərq-Qərb nəşriyyatı, 2007, 392s.
  12. Əhməd Cəfəroğlu. “Seçilmiş əsərləri”. Tərtib, tərcümə, müqəddimə, şərhlər. B., Mütərcim 2008, 408 s.
  13. “Behbud xan Cavanşirin məhkəmə prosesi” Tərtib, tərcümə, müqəddimə, B., Ozan, 2008, 352s.
  14. “Azərbaycan Respublikası Paris Sülh konfransında” Tərtib, tərcümə, müqəddimə, B., 2008, 244s.
  15. Səməd Ağaoğlu. “Hekayələr” Məmuarlar. Tərtib, tərcümə, müqəddimə, B., Ozan, 2009, 352s.
  16. Corc Oruell. “Seçilmiş əsərləri” Tərtib, tərcümə, müqəddimə. B., Mütərcim, 2009, 550s.

TÜRK ORDUSUNUN
AZƏRBAYCANLI GENERALLARI
Yetmiş illik sovet hakimiyyəti dönəmində keçmiş SSRİ silahlı qüvvələrində general-polkovnik rütbəsinə yüksələn yeganə azərbaycanlı hərbçi əslən Şəkidən olan Tofiq Ağahüseynovdur. Şəki təbiətinin gözəlliyi, Şəki insanlarının xəfif yumor hissi,yumşaqlıq və mehribanlığı onları sərt hərbçilər kimi təsəvvür gətirməyə həmişə bir qədər çətinlik törətsə də, hörmətli Tofiq müəllim çoxumuzun düşündüyü kimi, bu torpağın yetirdiyi yeganə general-polkovnik deyil. Bu torpaqda general-polkovnik və ordu generalı rütbəsinə yüksələn daha iki görkəmli hərbçi yetişib. Sadəcə, onlar Azərbaycanda, Şəkidə doğulsalar da, Türkiyədə yaşamış, türk ordusunda xidmət etmiş, burada bacarıqlı hərbi xadimlər kimi tanınmışdılar. Söhbət müvafiq olaraq 1912-1950-ci və 1915-1951-ci illərdə Türkiyə ordusunda şərəflə xidmət edən Qurtuluş Savaşının iştirakçısı, peşəkar hərbçi və diplomat, Osmanlı imperiyası və Türkiyə Silahlı Qüvvələrinin zabiti, general-polkovnik Mehmet Nuri Bərközdən və onun kiçik qardaşı, ordu generalı Mahmud Bərközdən gedir.
General qardaşların həqiqi soyadı Sarıkərimlidir. Bəzi mənbələrdə bu soyad Sarikərimoğulları kimi də göstərilir. Türkiyənin hərbi, siyasi, diplomatik və elmi-ədəbi dairələrində daha yaxşı tanınan böyük qardaş Məhəmməd Nuru Hacı İlyas oğlu Sarıkərimli 1889-cu ildə Şəkidə doğulmuşdu. Yerli “rus-müsəlman” məktəbində və gimnaziyada təhsil almışdı. 1905-ci ildə Azərbaycanın şəhər və kəndlərini çaxnaşmaya salan erməni hücumları, daşnakların törətdikləri qanlı cinayətlər ticarətlə məşğul olan Şəki sakini Hacı İlyası da ailəsinin və övladlarının təhlükəsiz gələcəyi haqqında ciddi düşünməyə vadar etmişdi. 0, çıxış yolunu ermənilərin meydan suladıqları çar Rusiyasından yeganə azad türk məmləkəti olan Osmanlı imperatorluğuna köçməkdə görmüşdü.
Ailə Bursa şəhərində yerləşmişdi. Məhz bu şəhərin seçilməsi çox ehtimal ki, Hacı İlyasın ticarət və şəxsi tanışlıq əlaqələri ilə bağlı idi. Lakin Bursaya gəldikdən az sonra Sarıkərimli ailəsi öz başçısını itirmişdi. Ordunun verdiyi nisbətən təminatlı həyat Osmanlı məmləkətində heç bir dayaqları və tanışlıq əlaqələri olmayan Məhəmmədlə kiçik qardaşı Mahmudun təhsil almaq üçün Bursa əsgəri rüşdiyyəsini (təxminən bizdəki Naxçıvanski tipli hərbi məktəb-V.Q.) seçmələrinə gətirib çıxarmışdı.
Daha sonra qardaşlar təhsillərini Bursadakı İşıqlar hərbi litseyində davam etdirmişdilər. Əsası 1845-ci ildə qoyulan İşıqlar litseyi ölkənin mühüm orta hərbi ixtisas məktəblərindən biri kimi tanınır. Onun məzunları içərisindən Türkiyə Silahlı Qüvvələrinin 6 marşalı (Osmanlı imperiyası dövründə) və 35 ordu generalı (Türkiyə Cümhuriyyəti dövründə) yetişmişdi. İndiyə qədər Türkiyə ordusunun Genel Kurmay başkanı- Baş Qərərgah rəisi olmuş 27 ordu generalından 11-I bu litseyin məzunlarıdır. Onların arasında Hilmi Özkök, Hüseyn Kıvrıkoğlu və b. tanınmış simalar vardır.
1909-cu ildə İstanbuldakı Hərbi Akademiyaya daxil olan Məhəmməd Sarıkərimli üç il sonra bu ali hərbi məktəbi uğurla bitirmiş və Osmanlı ordusunun mülazimi-leytenant rütbəsini almışdı. İşıqlar hərbi litseyində və Hərbi Akademiyada o, xüsusi biliklərlə yanaşı fransız dilinə və ədəbiyyatına yiyələnmişdi.
Azərbaycanlı zabitin gəncliyi Osmanlı imperatorluğunun süquta uğradığı, yeni Türkiyənin isə tarix səhnəsinə gəldiyi çətin və mürəkkəb dönəmə təsadüf etmişdi. Belə şəraitdə Məhəmməd Sarıkərimli əsl hərbçi kimi andına sadiq qalaraq imperiyaya sədaqətlə xidmət etmiş, vətənin taleyi ilə bağlı tarixi seçim anı gələndə əsla tərəddüd etmədən istiqlal savaşçıları sırasında öz yerini tutmuşdu. Osmanlı imperatorluğu Birinci Dünya müharibəsinə qoşulanda gənc zabiti Şərq cəbhəsinə-ölkənin çar Rusiyası ilə sərhədlərini qoruyan İkinci Qafqaz ordusuna göndərmişdilər. Lakin Baş Qərargah rus və fransız dillərini mükəmməl bilməsini nəzərə alaraq Məhəmməd Sarıkərimlinin qabiliyyət və bacarığından başqa sahədə yararlanmağı məqsədəuyğun saymışdı. 1915-ci ildə o, xüsusi tapşırıqla Rusiyanın, Türkiyənin və Böyük Britaniyanın maraqlarının kəsişdiyi İrana – Cənubi Azərbaycana göndərilmişdi. 1916-cı ildə isə Osmanlı hərbi missiyasının tərkibində Danimarka və İsveçə ezam edilmişdi. Bu Skandinaviya ölkələrində qaldığı bir ilə yaxın müddət ərzində gənc zabit İsveç dilini dә öyrəməyə müvəffəq olmuşdu.
Rusiyada fevral inqilabı qələbə çaldıqdan sonra həmvətənimiz Peterburq və Moskvadakı müvəqqəti türk hərbi missiyasının tərkibində çalışmışdı. Onun əsas vəzifəsi Birinci Dünya müharibəsi dövründə rus ordusunun əsir aldığı türk əsgər və zabitlərinin yerini müəyyənləşdirilməsi, rus hərbi əsirləri ilə dəyişdirilmələri və vətənə qayıdışlarının təşkili idi.
Artıq Osmanlı ordusunun yüzbaşısı-kapitan rütbəsində Sovet Rusiyasından vətənə qayıdan Məhəmməd sarıkərimli 1919-cu ildə Baş Qərargah Akademiyasına qəbul edilmişdi. Özündən altı yaş kiçik qardaşı Mahmud isə həmin dövrdə Hərbi Akademiyanın müdavimi idi. Parçalanma və işğal təhlükəsi ilə üzləşən Osmanlı Türkiyəsi özünün 700 illik tarixinin ən çətin dövrünü yaşayırdı. Gözlər orduya zillənmişdi. Odur ki, Mustafa Kamal paşanın rəhbərliyi ilə İstiqlal hərbi – Qurtuluş Savaşı başlananda hər iki qardaş təhsillərini yarımçıq qoyub Anadoluya yollandılar və türk torpaqlarının əsarətdən qurtarması uğrunda mübarizə aparan istiqlal mücahidlərinin sıralarına qoşuldular.
İzmir uğrundakı savaşda Məhəmməd Sarıkərimli Uşak şəhərinin hərbi komendantı idi. Döyüşlərdə əsir alınmış yunan zabitləri bu şəhərdəki müvəqqəti düşərgədə saxlanırdı. Yunan ordusunun baş qərargah rəisinin müavini, general Tiropis də onların arasında idi. Günlərin birində əsir zabitlərin Ankaraya piyada aparılacaqlarını öyrənən,Tiropis düşərgə komendantına məktub göndərərək bu qərara etirazını bildirmiş, yunan müharibə əsirlərinə əlavə ərzaq, ayaqqabı və paltar verilməsini, onların nəqliyyatla təmin olunmasını tələb etmişdi.
Vəfatından bir qədər əvvəl jurnalist İsmayıl Yağçı ilə söhbətində general bu hadisənin ardını belə anlatmışdı: “Tiropisi çağırtdırdım və “Mən sizi yandırmadığınız, salamat qalmış binalarda saxlayıram. Altınızdakı yataqlar sakinlərini öldürdüyünüz evlərdən götürülüb. Bir neçə gün bundan əvvəl evlərini yandırdığınızı görən insanlar indi sizinlə necə rəftar etməlidirlər? Ankaraya gedən dəmir yollarını siz dağıtdınız. Yol yoxdur. Səkkiz yaşında uşaqlarımız belə kilometrlərlə məsafəyə bellərində mərmi daşıyırlar. Məməkətimiz qan ağlayarkən sizə göstərdiyimiz bu iltifatı dünyanın hansı millətindən görə bilərsiniz? Keçdiyiniz yollarda salamat nə qoymusunuz ki, indi bizdən nə istəyəsiniz? Bir il bundan əvvəl zabitləriniz Uşakdan Sakaraya qədər yürüyərək gəmişdilər. Buralara sizi bizmi çağırdıq? Nə üzlə bizdən mərhəmət istəyirsiniz? O zaman necə gəlmişdinizsə, ində də elə gedəcəksiniz!”- dedim”.
Bu həqiqətin gözünə dik baxan cəsur bir türk vətənpərvərinin mövqeyi idi. Həmin mövqeyi işğalçı yunan ordusunun generalına Azərbaycan əsilli gənc zabit çatdırmışdı.
Cavab verməyə söz tapmayan general Tiropis üzr istəmiş, hər şeyi yaxşı başa düşdüyünü söyləmiş, məktubu isə zabit həmkarlarının təhriki ilə yazdığını etiraf etmişdi.
Yunan hərbi əsirlərinin Ankaraya gətirilməsini isə o zaman 13-14 yaşlarında olan başqa bir Azərbaycan əsilli gələcək siyasətçi və yazıçı – Səməd Ağaoğlu “Həyat bir macəra!” xatirələr kitabında belə anlatmışdı:
“Əzilmiş yunan ordusunun əsir birliklərindən bir qismi də Ankaradakı Sarıqışlaya gətirilirdi. Qafilələr stansiyadan piyada Məclis önünə gəlir, orada çox zaman balkonunda millət vəkillərinin dayandıqları Məclisə təzim etdikdən sonra Ətlik yolu ilə üst tərəfdəki qışlaya doğru uzaqlaşırdılar. Xalq yolun hər iki tərəfində düzlənir, nifrət dolu gözlərlə bu zəifləmiş, üstləri-başları pərişan, çoxu papaqsız, bir qisminin ayaqları yalın insanlara baxırdılar. Mənim də içim onlara qarşı nifrətlə doluydu. Yunan ordusunun qaçarkən yapdığı zülmü, törətdiyi vəhşətləri qəzetlərdə oxumuşdum. Bir-birlərinin üstünə qalaqlanaraq, camilərə doldurularaq yandırılan insanların halları bir çox gecələrimin kabusu olmuşdu. Fəqət, qəribə müəmma imiş bu insan ruhu! Bir gün bu qafilələrdən birinin başındakı yunan zabiti mənə sonsuz bir acıma hissi verdi və bu hisslə adamın üzü hafizəmə silinməz bir şəkildə həkk olundu…”
Qurtuluş Savaşı zəfərlə başa çatdıqdan sonra Məhəmməd Sarıkərimli təhsilini tamamlamaq üçün Baş Qərargah Akademiyasına qayıtmış və buranı 1925-ci ildə minbaşı-mayor rütbəsi ilə başa vurmuşdu. 1930-cu ildə o, yarbay (polkovnik-leytenant -V.Q.) rütbəsi almışdı. 1932-1933-cü illərdə Millətlər Liqasının təşəbbüsü ilə Cenevrədə keçirilən Birinci Beynəlxalq Tərksilah Konfransında Türkiyə nümayəndə heyətinin hərbi müşaviri olmuşdu. Buradakı uğurlu fəaliyyətinə görə vaxtından əvvəl – 1933-cü ildə albay (polkovnik) rütbəsinə layiq görülmüşdü.
Türkiyədə 1934-cü ildə yeni soyad qanunu qəbul ediləndən sonra Sarıkərimli qardaşları özlərinə Bərköz (“sərt”, “möhkəm” mənasında – V.Q.) soyadını götürmüşdülər və müasir türk hərb tarixinə müvafiq olaraq Mehmet Nuri Bərköz və Mahmud Bərköz kimi daxil olmuşdular.
30-cu illərdə Atatürk şərq sərhədlərinin təhlükəsizliyi və Boğazlar məsələsində SSRİ-dən əlavə təminatlar almaq üçün bu ölkə ilə mümkün qədər yaxınlaşma siyasəti yürüdürdü. Stalin rejimi də öz növbəsində keçmiş Rusiya imperiyasından olan çoxsaylı siyasi mühacirlərin Türkiyədən çıxarılması üçün Atatürkə tərəf reveranslar edirdi. 1933-cü ildə Türkiyə Cümhuriyyətinin 10 illiyi qeyd olunanda Stalinin göstərişi ilə Sovet İttifaqı marşalları K.Voroşilov və S.Budyonnı Ankaradakı təntənəli mərasimlərdə iştirak etmişdilər. Atatürk Türkiyədə qaldıqları müddətdə sovet nümayəndə heyəti ilə işləməyi polkovnik Mehmet Nuri Bərközə həvalə etmişdi. Türkiyə Cümhurbaşqanı ilə sovet marşallarının bütün rəsmi və qeyri-rəsmi söhbətlərinin tərçüməçisi də Bərköz olmuşdur.
Onun hərbi-siyasi fəaliyyətinin sonrakı illərində də Sovet İttifaqı ilə əlaqələr mühüm yer tutmuşdu. 1035-ci ildə Mehmet Nuri Bərköz Sovet Ordusunun Kiyevdəki manevrlərini müşahidə üçün göndərilən türk hərbi missiyasına rəhbərlik etmişdi. 1936-1937-ci illərdə isə Moskvadakı Türkiyə səfirliyinin hərbi attaşesi vəzifəsində çalışmışdı. Özünün yazdığına görə həmin dövrdə Sovet ordusunun bir sıra yüksək rütbəli zabitləri ilə sıx əlaqələr və dostluq münasibətləri qura bilmişdi.
Mehmet Nuri Bərköz 1939-cu ildə general-mayor (tuğgeneral), 1941-ci ildə isə general-leytenant (tümgeneral) rütbəsi almışdı.İkinciDünya müharibəsi dövründə o, dörd il ərzində Türkiyə üçün xüsusi əhəmiyyətə malik ərazidə-keçmiş Sovet İttifaqı ilə sərhəddə yerləşdirilən diviziyalar qrupunun komandanı olmuşdu.
Kiçik qardaşı Mahmud Bərköz ( 1895-?) isə hərbi xidmətə bir qədər gec başlasa da, mənsəb pillələrini daha sürətlə keçmiş və türk Silahlı Qüvvələrində marşal rütbəsindən sonra ikinci yüksək hərbi rütbə olan orgeneral – ordu generallığına qədər yüksəlmisdi. Hazırda Türkiyə ordusunun Ərzincan ərazisindəki təlim mərkəzlərindən birinin azərbaycanlı general Mahmud Bərközün adını daşıması onun türk milləti və dövləti qarşısındakı xidmətlərinin unudulmadığını göstərir.
1946-cı ildə Mehmet Bərközə general-polkovnik (korpus generalı) rütbəsi verilmişdi. Bir il sonra o, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin əməliyyat məsələləri üzrə müavini təyin edilmişdi. 1949-cu ilin martında Azərbaycan əsilli hərbçini daha məsul vəzifəyə irəli çəkmişdilər. Mehmet Nuri Bərköz Türkiyə Jandarmeriyasının Baş komandanı olmuşdu. Ölkənin daxili təhlükəsizliyiin təmin edilməsi baxımından Türkiyədə jandarmeriyanın rolu həmişə böyük olmuşdu. Belə mühüm bir vəzifənin Azərbaycan əsilli generala həvalə edilməsi onun istər hərbi, istərsə də siyasi dairələrdə böyük nüfuz qazanmasından xəbər verirdi.
Dost və qonşu Türkiyənin simasında özlərinə ikinci vətən tapan Bərköz qardaşları həqiqətən də həsəd aparılacaq karyeraya sahib olmuşdular. Lakin 1950-ci ildə Türkiyənin siyasi Olimpində baş verən gözlənilməz dəyişikliklər onların hər ikisinin düzənli həyatını pozmuş, hərbi xidmətdən həmişəlik uzaqlaşdırılmalarına gətirib çıxarmışdı.
Demokrat partiyanın çoxpartiyalı seçkilərdə qalib gəlməsi nəticəsində 1950-ci il mayın 22-də Türkiyə Cümhuriyyəti özünün ilk sivil prezidentini seçmişdi. Mustafa Kamal Atatürk və İsmət İnönüdən fərqli olaraq üçüncü cümhurbaşqanı Cəlal Bayar peşəkar hərbçi deyildi. Yüksək dairələrdə hərbçilərin guya bu seçimdən narazı qaldıqları, öz aralarında gizli şəkildə toplanaraq müzakirə apardıqları, İnönü ilə əlaqə yaratdıqları və s. barəsində şaiyələr dolaşmaqda idi.
Dövlət çevrilişlərini adətən hərbçilərin adı ilə bağlayırlar. 1950-ci ilin iyununda isə Türkiyədә mülki şəxslər orduya qarşı çevriliş planını həyata keçirdilər. Bir günün içərisində Türk Silahlı Qüvvələrinin 15 generalı və 150-dən çox polkovniki istefaya göndərildi. Onların arasında Baş Qərargah rəisi, ordu generalı Əbdürrəhman Nafiz Gürman, Hava Qüvvələri komandanı, ordu generalı Zeki Doğan, Dəniz Qüvvələri komandanı, ordu admiralı Mehmet Əli Ülgən, Baş Qərargah rəisinin müavini, ordu generalı İzzət Aksalur, Birinci Ordu komandanı, ordu generalı Asim Tinaztəpə, İkinci Ordu komandanı, ordu generalı Müzəffər Tuğsaful və digər ali digər ali rütbəli hərbçilərlə birlikdə Türkiyə Jandarmeriyasının Baş komandanı, general-polkovnik Mehmet Nuri Bərköz və onun qardaşı, Üçüncü Ordu komandanı, ordu generalı Mahmut Bərköz də var idi.
Doğrudur, 1950-ci il iyunun 6-da Üçüncü Ordu komandanlığından uzaqlaşdırılan kiçik qardaş – Mahmud Bərköz daha məsul vəzifəyə irəli çəkilmiş, bir həftə sonra, iyunun 13-də Milli Güvənlik Konseyinin – Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin edilmişdi. Lakin növbəti ilin sentyabrında o, ikinci dəfə və artıq həmişəlik istefaya göndərilmişdi.
Sonradan sakitcə vəzifələrindən uzaqlaşdırılan bu yüksək rütbəli hərbçilərə qarşı irəli sürülən ittihamların əsassızlığı ortaya çıxdı. Onların çoxu Qurtuluş Savaşının iştirakçıları olmuşdular. Yeni türk Silahlı Qüvvələrinin yaradılmasında mühüm xidmətlər göstərmişdilər. Atatürkə, yaxud İnönüyə sədaqətləri isə qüsurlarından daha çox məziyyətləri sayılmalı idi. Çünki ən çətin dövrlərdə Türkiyənin dövlət sükanı arxasında dayanmış hər iki prezident ilk növbədə türk xalqının rifah və tərəqqisi, türk dövlətinin təhlükəsizliyi və nüfuzu uğrunda çalışmışdı.
Hərbçilər bu dinc cevrilişin əvəzini on il sonra çıxdılar. General Camal Gürselin rəhbərliyi ilə 1960-cı il mayın 27-də həyata keçirilən hərbi çevriliş nəticəsində hökumət devrildi, hakimiyyət ordunun əlinə keçdi. Bir il sonra Demokrat Partiyası hökumətinin 600-ə yaxın məmuru üzərində qurulan Yastıada Məhkəməsinin qərarı ilə baş nazir Adnan Menderes və onun hökumətinin iki naziri asılmaqla edam olundu, 78 yaşlı Cümhurbaşqanı Cəlal Bayar ömürlük həbs cəzası aldı.
Təbii ki, bütün hadisələr siyasi və hərbi çəkişmələrdən kənarda, türk ordusunun istefaya çıxmış əməkli zabitləri kimi yaşayan general qardaşların həyatında hər hansı dəyişikliyə səbəb olmamışdı.
General-Polkovnik Mehmet Nuri Berköz 1975-ci il yanvarın 18-də, 86 yaşında İstanbulda vəfat etmişdi. Türk qəzetləri bu xəbəri “Qurtuluş Savaşı komutanlarından general Nuri Berköz öldü!” manşeti ilə vermişdilər. O, Türkiyə Cümhuriyyətinin ali hərbi mükafatı olan “İstiqlal madalyası” və digər orden-medallarla təltif edilmişdi.
İki qardaşı fərqləndirən başlıca cəhət Məhmud Bərközün sırf hərbçi olması, Mehmet Nuri Bərközün isə əvvəldə də qeyd etdiyim kimi, daha geniş və çoxçeşidli fəaliyyət sahəsi ilə tanınmasıdır. Mənbələrdə onun hərb taktikasına və tarixinə dair bir sıra kitabları rus dilindən türkcəyə çevirdiyi, eyni zamanda hərbi, siyasi və strateji məsələlərlə bağlı çoxsaylı məqalələrin müəllifi olduğu göstərilir. Türk tarixi, türk dilçiliyi, fransız və rus klassikası generalın sevimli məşğuliyyətləri sırasına daxil idi.
Türk Dil Qurumunun banisi Mustafa Kamal Atatürk 1936-cı ildə Polyak mənşəli rus türkoloqu E.Pekarskinin (1858-1934) “Yakut dili sözlüyü”nün türkcə nəşrinin hazırlanmasına göstəriş verəndə bu işə cəlb olunanlar arasında Mehmet Nuri Bərköz də vardı. Kitabın 1945-ci ildə İstanbulda çap olunmuş I cildinin müqəddiməsində deyilirdi: “Türk Dili Qurumunun yaradıcısı olan əbədi öndər Atatürk bu önəmli əsərin tez əldən türkcəyə tərcüməsini istəyincə, Qurum sözlüyü rusca bilən şəxslər arasında paylayaraq səkkiz ayda türkcəyə çevirdi”.
“Yakut dili sözlüyü”nün tərcümə və çapa hazırlanmasında fəal iştirak edən, tərcüməçi və tərtibçilər sırasında yer alan” rusca bilən şəxslər” arasında general-leytenant Hafiz Bıyıtay, polkovnik Mehmet Nuri Bərköz, professorlar Əbdülqadir İnan, Əhməd Cəfəroğlu, Rəşid Rəhməti Arat, Əlibəy Hüseynzadə, habelə Abdulla Battal, Kərim Odər, Şəfiqə Qaspralı və b. adlarına təsadüf olunur. Göründüyü kimi, E.Pekarskin həqiqətən də dünya türkologiyasına böyük töhfə olan üç cild və üst-üstə 1929 səhifədən ibarət “Yakut dili sözlüyü”nün çağdaş türkcədə işıq üzü görməsində əsas ağırlıq azərbaycanlı mühacirlərin, o cümlədən də hərbçi Mehmet Nuri Bərközün üzərinə düşmüşdü.
Müasir Türkiyənin qurucusu Kamal Atatürk Mehmet Nuri Bərközü yaxşı tanıyırdı, dəfələrlə şəxsi etimadını nümayiş etdirmişdi. Onun Ankaraya gələn sovet heyətlərini müşayiət etməsi, Atatürkün qeuri-rəsmi rus dili tərcüməçisi olması, sonralar isə Moskvada Türkiyənin hərbi müşaviri vəzifəsini tutması Bərközün SSRİ ilə hərbi və təhlükəsizlik sahəsində əməkdaşlıqda Qazinin inandığı simalardan biri olduğunu söyləməyə əsas verir. Maraqlıdır ki, çağdaş türk yazıçısı Turqut Özarmanın “Şu çılğın türkler” romanında İzmir uğrunda həlledici savaş ərəfəsində Qazi Mustafa Kamalın yaxın çevrəsində olan vətənpərvər gənc hərbçilər sırasında “yüzbaşı Mehmet Nuri”nin də surəti yaradılmışdır.
General Mehmet Nuri və Mahmud Bərköz qardaşlarının Türkiyədəki Azərbaycan mühacirətinin nümayəndələri ilə əlaqələri xüsusi maraq doğurur. Təbii ki, yüksək rütbəli hərbçilər olduqlarından onlar siyasi mühacirlərlə və mühacir təşkilatlarının təmsilçiləri ilə aralarında müəyyən məsafə saxlamalı idilər. Amma bununla belə həyatının son illərində Mehmet Bərközün Türkiyədəki “dış türklərin” diaspor təşkilatları ilə, ilk növbədə də mühacir həmvətənləri ilə yaxından maraqlandığı və əlaqə saxladığı haqqında məlumatlar mövcuddur. Hər halda axtarışlar çox şeyi üzə çıxara bilər.
Bərköz qardaşları ilə bağlı araşdırmalar zamanı Atatürk dövrü Türkiyə ordusunda yüksək mövqe tutan başqa bir azərbaycanlı hərbiçinin – yenə əslən Şəkidən (!-V.Q.) olan general Həsən Behcətin adına da rast gəldim.
Çar Rusiyası ordusunun azərbaycanlı generalları haqqında indiyə qədər müəyyən qədər yazılıb. 1938-ci ildə Bakının düşmən tapdağından qurtarılmaına görə bir şərəf borcumuz olan qardaş Türkiyə ordusunda xidmət etmiş, türk millətinin və türk dövlətinin İstiqlal Savaşına töhvələrini vermis həmvətənlərimizin də adı və fəaliyyəti öz layiqli qiymətini almalıdır. Bununla tariximiz yalnız daha da zənginləşə bilər.

Mənbə: “Ağcabədi yazarları” kitabı

Şərhlər