Şairlərin evi yoxdur
Zülmətdə yol gedən bu kor dünyanın,
İnsan, sakinisən sən gor dünyanın,
Oğulsan bu məyus, dilxor dünyanın,
Könlünü al, kefi yoxdu…
Arzunun sonuna çatsan – dünyadı,
Göyə çıxsan, yerə batsan – dünyadı,
Bu dünyada hara getsən dünyadı,
Bu dünyanın dibi yoxdu…
Başımda qaldı ki, ağıl, danışım?!
Bir şirin söz deyim, noğul danışım,
Gəl sənə bir gerçək nağıl danışım,
Bu nağılın divi yoxdu…
Qalxar səmalara, itər dərində,
“Alar qadasını” xeyrin, şərin də,
Yatıb gecələyər öz şeirində,
Şairlərin evi yoxdu…
Özü boyda sevgi yağa
Nola, mən deyən Gün doğa…
Doğa, zülmətləri boğa!
Özü boyda sevgi yağa,
Görəm, dünyanın üstünə.
Dadmayam ömrün dadını,
Lap unudam öz adımı…
Bir quş olam – qanadımı
Gərəm dünyanın üstünə.
Olam bir sehrin hakimi,
Qıram Dərd adlı tilsimi…
Buludları yorğan kimi,
Sərəm dünyanın üstünə!
Fələstinli uşaq və…
Dünyanın sonudu bura bəlkə də,
Burda mələklər də günah axtarır.
Bu qara uşağın uşaq dünyası,
Bu qara ölkədə Allah axtarır.
Yeməyin üstündən yarımçıq durub,
Dünyanı qarpız tək kəsib yeyəcək.
Verməyin Anaya siz bu uşağı,
Bu uşaq anasın basıb yeyəcək…
Oxşamaz üzünü səhərin mehi,
Canında tikanlar ulduz sayıdı.
Bütün yetimlərin uşaq taleyi,
Nədənsə eynidi, əkiztayıdı.
Kəsir vücudunu qışın sazağı,
Yatdığı yerdəcə donur az qala.
Hardasa görmüşəm mən bu uşağı –
…XOCALI…
mən səni tanıdım, bala!!!
Baş daşı
Tale üzə gülmür ömrün qışında,
Həyat balıq kimi əldən sürüşür.
İnsan şəkilləri qəbir daşında,
Nədənsə həmişə qəribə düşür…
Üstə doğum ili, ölüm ili var,
Bir bəndlik şeir də gor nəğməsidi.
Məni qınamayın, başdaşı sanki,
Ölənin “şəxsiyyət vəsiqəsidi”..
Min illik sualın cavabı varmı?
Ruhum candan çıxdı, ağlım da başdan.
Görəsən bir zərrə savabı varmı,
Ölənin başına bu boyda daşdan?
O kimin yaşıdı, çatsın yaşına,
Yönünün yöndəmi, təhəri yoxdu.
“Allahlıq edirsən” sinə daşına,
Allahın heç səndən xəbəri yoxdu…
Sanma özüm boyda dağam, qüruram,
Sənin daş qürurun ruhumu əzir.
Vallah, ayaq üstə güclə dururam,
Mənim başdaşılıq halım nə gəzir?…
Mənim bildiklərim günah
Gecə gülür göz yaşıma,
Gözüm sübhə oyaq gəlir.
Gecə ələnir başıma,
Dərdim də üzü ağ gəlir.
Zəhərləndim bu boyatdan…
Bezdim qəfəs-kainatdan.
Bu dünyadan, bu həyatdan,
Üzə tərs şapalaq gəlir.
Baxdım azın arxasınca,
Öldüm Sözün arxasınca…
Gördüm düzün arxasınca,
Yalan kimi boyaq gəlir.
Mənim bildiklərim günah,
Ahımı yandırdı bu ah,
Qardaş, olan budur, vallah,
Sudan sonra torpaq gəlir
Di nəyin var ortaya düz,
Lal gecədən özünü üz,
Dur qapını aç, ay Gündüz,
Səhər adlı qonaq gəlir!