178 heyvanı oğurlandı, dəymiş ziyanı ala bilmir…
Sabirabad rayon sakini Məhəmməd Əliyev bu ilin mayın 26-da 178 baş xırdabuynuzlu heyvanının oğurlanmasından sonra ona dəymiş ziyanın hələ də ödənilməməsindən şikayətçidir.
Bu barədə “Qafqazinfo”ya müraciət edən M. Əliyev bildirib ki, ki, Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi axtarış-əməliyyat tədbirləri nəticəsində rayonun Axtaçı Muğan kəndində baş verən bu oğurluğa görə Salyan rayon sakini Tufan Bayramov və Gəncə şəhər sakini Vilayət İsrafilov şübhəli şəxs qismində saxlanılıblar:
“Dindirmə zamanı hər iki şəxs bu cinayət əməlini törətdiklərini etiraf ediblər. Vilayət İsrafilov bildirib ki, may ayının 30-da heyvanları Gəncə bazarında Ağcabədi rayonunun Qiyamətli kəndində yaşayan Seymur adlı bir şəxsə satıb. Hazırda Sabirabad rayon Polis şöbəsində cinayət işi başlanıb və istintaq gedir.
Ancaq bu günə kimi mənə dəymiş ziyanın ödənilməsi ilə bağlı məsələ gündəmdə deyil. Bu barədə dəfələrlə Sabirabad rayon Polis Şöbəsinə müraciət etmişəm. Ancaq nədənsə bu məsələyə barmaqarası baxırlar”.