Ölümün söhbəti

                       -Salam. Mən burdayam. Niyə titrəyirsən? Məndən qorxursan? Bəs nəyə görə günlərdir məni cağırırsan? Başını tərpətmə. Mən səni eşitdim və gəldim. Nədir yoxsa gəlişimdən məmnun deyilsən? Niyə susursan? Hər gün bura gəldiyini və sanki kimisə oturub gözlədiyini elə bilirsən, bilmirəm? Cavab ver də! Çağıranda elə də qorxaq deyildin. Ən dəhşətli lənətləri yağdırıb hirsləndin, qışqırdın, hədələdin, dua etdin, ağladın. İndi isə gəldiyim üçün sən susursan. Yoxsa fikrindən vaz keçdin? Haqqımda söylədiyin hər şeyi təkrarlamaqdan qorxursan? Mən isə sənin cəsarətli olduğunu düşünürdüm. Ancaq, bəlkə səni eşidəcəyimə və gələcəyimə inanmadın? Bir az keç o yana. Bəli, yalnız yorğun sən deyilsən, icazə ver burda mən də bir müddət oturum dincəlim. Gözlərini yenə qaçırtdın. Sən mənə baxmaq istəmirsən. Baxmaq lazım da deyil. Bəli, baxmasan yaxşıdır, çünki dünyada göz üçün daha xoş olan şeylər var. Mən sadəcə insanın düşüncəsini anlamaq istəyirəm. Bu dəfə nə baş verdi? Sevdiyinin xəyanəti, yoxsa ən yaxın dostunun ölümü? Bunlar insan təcrübələridir və təkbaşına dözmək çox çətindir. Sən də məni çağırırsan. Mənası nədir? Mən bu dünyada səni anlamaq və iztirablarını bölüşmək üçün deyiləm. Belə görürəm, sən artıq qəzəblə baxırsan və sənə yaxın birinin səni tərk etdiyi üçün məni günahlandırırsan. İndi hər şeyi başa düşdüm. Məni onun ardınca getməyə çağırmısan? Başa düşmürsən axı, sən də elə bilirsən ki, onu səndən almışam. Can almağın, dünyada tək Ölüm olmağın nə qədər çətin olduğunu bilirsənmi? Saniyənin hər kiçik hissəsi vacibdir. Görünür ki, Əbədiyyətin lap əvvəlindən bəri işimi görürəm, amma əvəz edənim yoxdur və yalnız qınaq və lənətlər alıram. Ancaq bir adım var. Daha doğrusu, bir vaxtlar var idi. Lakin heç kim mənim adımı o qədər çağırmadı ki, özüm belə adımı unutdum. Səncə ad heç bir məna daşımır, yalnız vacib olan mənim mövqeyimin Ölüm olmasıdır? Mən istəsəm də, bu vəzifəmi tərk edə bilmirəm. Niyə? Bilmirəm kimin adından ərizə yazım və bu işimdən azad olum. Yalnız olduğunu düşünürsən? Xeyr. Yalnız olmağın nə demək olduğunu heç vaxt anlamayacaqsan. Bu dünyanın bir yerində sənə kömək etmək istəyən, dinləyən və məsləhət verən ən azı bir nəfər var. Bəs vəzifəsi Ölüm olana kim məsləhət verəcək? Bilirəm görünüşümdən qorxursan, amma düşündüyün kimi deyiləm. Həə… İndi qorxmursan? Məni başa düşdün? Xeyr, mən səni özümlə apara bilmərəm. Mən sənin üçün göndərilmədim. Yox, məni bir də çağırma. Vaxtı gələndə özüm gəlib səni aparacam. Hələlik!

Həmidə ƏKBƏROVA

Şərhlər