Vətəndaşların müraciətlərinə qayğı ilə yanaşılır

Ağcabədi Rayon İcra Hakimiyyəti yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi rayon sakinlərinin müraciətlərinə baxılması və həll olunmasını daim diqqət mərkəzində saxlayır. Sözügedən Mərkəzdən əməkdaşımıza verilən məlumata görə, həyata keçirilmiş operativ tədbirlər nəticəsində vətəndaşların tələbləri vaxtında həll olunur və onlara lazımi cavablar verilir.

*       *       *

Bildirilib ki, rayonun Gələbəddin kənd sakini Elmin Abdullayev Ağcabədi MKT MMC ilə bağladığı müqaviləyə əsasən əkdiyi 1,5 ha pambıq əkini sahəsində subartezian quyusunun yararsız olması səbəbindən suvarmada problemlə üzləşib. Müraciətə MOB Mərkəzində baxılmış və problem Ağcabədi rayon Subartezian Quyularının İstismarı İdarəsinin rəhbərliyi ilə müvafiq əlaqə saxlanıldıqdan sonra aradan qaldırılıb.

*       *       *

Xocavənd kənd sakini I qrup mülki əlil Niyazi İsmayılov müraciətində ona verilən müavinətin dayandırıldığını bildirib, hər iki ayağının dizdən aşağı amputasiya olunduğu üçün köməklik göstərilməsini xahiş edib. MOB Mərkəzi tərəfindən rayon mərkəzi xəstəxanası ilə əlaqə nəticəsində N.İsmayılov həkim ekspert komissiyasından keçdikdən sonra təyin edilmiş təqaüdü bərpa edilib.

*       *       *

Mehrablı kənd sakini Mamed Quliyev ona məxsus telefon xəttinin yararsız hala düşməsi barədə müraciət edib. Rayon telekommunikasiya qovşağı ilə əlaqə saxlanılıb və 2 gün sonra yeni telefon xətti çəkilərək onun istifadəsinə verilib.

*       *       *

Poladlı kənd sakinləri Narıngül Əliyeva və Raquf Əliyevin müraciətlərində isə kənd məktəbinin həyətində yerləşən şəhid İbrahim Əliyevin xatirəsinə inşa olunmuş bulağın yararsız vəziyyətə düşməsi və suyun kəsilməsi barədə məlumat verilib. Müraciətlə əlaqədar MOB Mərkəzi tərəfindən sözügedən kənd icra nümayəndəliyinə və məktəb rəhbərliyinə iradlar çatdırılıb. Ağcabədi Rayon Təhsil Şöbəsi tərəfindən görülmüş tədbirlər nəticəsində bulağın suyu bərpa edilib və şagirdlərin istifadəsinə verilib.

“Aran”

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər