Rüşvətxorluğa etiraz edərək tutduğu vəzifədən istefa vermişdi


Daxili İşlər Nazirliyinin əməkdar işçisi, yazıçı – ƏZİM PİRİYEV
Piriyev Əzim Səlim oğlu 1936-cı ildə Ağcabədi rayonunun Qiyamadınlı kəndində anadan olub. 1955-ci ildə orta məktəbi bitirdikdən sonra, 1955-1958-ci illərdə ordu sıralarında hərbi xidməti borcunu başa vurub.
1959-1961-ci illərdə Bakı xüsusi orta milis məktəbində təhsil alıb. Məktəbi fərqlənmə diplomu ilə bitirdiyinə görə, 1961-ci ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin cinayət-axtarış şöbəsində əməliyyat müvəkkili vəzifəsinə, iki ildən sonra baş əməliyyat müvəkkili vəzifəsinə təyin edilib.
Ağdam rayonunda kriminogen vəziyyətin vəziyyətin kəskin sürətdə gərginləşməsi ilə əlaqədar cinayətkarlığa qarşı mübarizəni gücləndirmək məqsədi ilə 1967-ci ildə Ağdam rayon Daxili İşlər Şöbəsinin cinayət-axtarış şöbəsinin rəisi vəzifəsinə təyin olunaraq ora göndərilib. 1968-ci ildə həmin şöbədə əməliyyat işi üzrə rəis müavini vəzifəsinə irəli çəkilib. Sonra bir ilə yaxın rəisin vəzifəsini icra edib. Ağdam rayonunda əməliyyat şəraiti tam sabitləşəndən sonra, 1970-ci ildə yenidən Respublika cinayət-axtarış idarəsində mühüm işlər üzrə baş əməliyyat müvəkkili şöbəsinin rəisi vəzifəsinə gətirilib. 1970-1973-cü illərdə Lənkəran rayon Daxili İşlər Şöbəsinin rəisi vəzifəsinə irəli çəkilib.
1973-1975-ci illərdə Bakı şəhəri Su milis şöbəsində rəis vəzifəsində işləyib. 1969-cu ildə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
1975-ci ildə təhsilini davam etdirmək üçün SSRİ Daxili İşlər Nazirliyi Akademiyasının 1-ci fakültəsinə göndərilib. 1977-ci ildə Akademiyada təhsili başa vurmaq ərəfəsində vaxtından əvvəl milis polkovniki rütbəsi ilə təltif olunub. Akademiyada təhsilini başa vurduqdan sonra 1977-ci ildə Azərbaycan SSRİ Daxili İşlər Nazirliyinin cinayət-axtarış idarəsi rəisinin müavini təyin olunub. 1979-1987-ci illərdə isə həmin idarənin rəisi vəzifəsində işləyib.
1987-ci ildə Daxili İşlər Nazirliyinin İslah İdarəsinin rəisi vəzifəsinə göndərilib. Həmin vəzifədə işləməklə bərabər, 1991-ci ilin mart-iyul aylarında Ağdam, Xankəndi, Şuşa, Laçın və Füzuli rayonlarında erməni işğalçılarına qarşı aparılan mübarizədə yaxından iştirak edib. Əvvəlcə Dağlıq Qarabağ üzrə hərbi komendantın müavini, 1991-ci ilin may ayında isə Dağlıq Qarabağda aparılan hərbi-milis əməliyyatının qərargah rəisi vəzifəsinin icrasına başlayıb. 800-dən çox erməni boyeviklərinin həbs olunmalarına, onlardakı silahların alınmasına, törətdikləri 200-dən artıq ağır cinayətlərin, təxribatların və terrorların açılmasına bilavasitə rəhbərlik edib. Həm də Ermənistanla sərhəd rayonlar üzrə komendantlıq vəzifəsi də ona həvalə edilib. Aparılan tədbirlər nəticəsində erməni boyeviklərindən külli miqdarda müxtəlif növlü silahlar, sürsat və hərbi texnika götürülmüş, bir sıra yaşayış məntəqələri, yollar, sahələr minalardan, partlayıcı vasitələrdən təmizlənmişdir, Ağdam-Şuşa-Laçın yolu quldurlardan təmizlənərək əhalinin və nəqliyyat vasitələrinin sərbəst gediş-gəlişi bərpa edilmişdir. Xatırladaq ki, belə həlledici bir zamanda erməni quldurlara qarşı genişmiqyaslı əməliyyat-axtarış, istintaq tədbirlərinin aparılması müəmmalı surətdə, qəflətən dayandırıldı. Laçın rayonunun sərhədyanı Qayğı və Zabux yaşayış məntəqələrində yerləşən iki hərbi batalyonu çıxarmağa başladılar və silahsız əhalini təpədən-dırnağadək silahlanmış erməni ordusu ilə təkbətək qoydular.
1991-ci ilin iyul ayının sonunda Bakıya qayıdıb, Daxil İşlər naziri ilə görüşüb və belə vəziyyətin yaranma səbəbini aydınlaşdırmaq istəyib. Cavab belə olub ki, bu cür məsləhət bilinib, bunun sizə dəxli yoxdur. Ona görə də respublika rəhbərliyinin, xüsusilə də Daxili İşlər Nazirliyinin qeyri-rəsmi və riyakar mövqeyinə, həmçinin respublikada yaranmış hökumət böhranına, rüşvətxorluğa, yerlibazlığa qarşı etiraz əlaməti olaraq tutduğu vəzifədən 1991-ci ilin sentyabr ayının 1-də istefa verib.
1991-ci ilin sentyabr ayında Gömrük Komitəsinə işə dəvət olunub. Əvvəlcə Hüquq şöbəsinin rəisi, 1992-ci ildə isə Qaçaqmalçılığa və Gömrük Qaydalarının Pozulmasına Qarşı Mübarizə İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib. İdarə yeni yarandığına görə onun Əsasnaməsini və strukturunu hazırlayıb. Qaçaqmalçılığa qarşı mübarizənin gücləndirilməsi, işçilərin peşəkarlığının artırılması və onun sıralarının natəmiz işçilərdən təmizlənməsi sahəsində bir sıra dəyərli işlər görüb.
1992-ci ilin oktyabr ayının 5-də Gömrük Komitəsinin sədri Tofiq Kərimov bəyan edib ki, yuxarıda oturan “bəylər” onun burada işləməsini istəmirlər. Ona görə də öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
1992-ci il oktyabrın 7-də Bakı Şəhər İcra Наkimiyyətinə işə dəvət alıb və xüsusi şöbənin müdiri vəzifəsində işə başlayıb.
1993-cü ilin avqust ayında isə Nazirlər Kabinetinə dəvət olunub və avqustun 3-dən hərbi və inzibati orqanlar şöbəsi müdirinin birinci müavini 2005-ci ildən etibarən həmin şöbənin müdiri vəzifəsi ona həvalə olunub. Hal-hazırda da həmin vəzifədə işləyir.
Eyni zamanda Əzim Səlim oğlu Yol Hərəkətinin Təhlükəsizliyi üzrə Respublika Komissiyasının sədr müavini və Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının üzvüdür.
Əmək fəaliyyəti dövründə iki dəfə “Milis əlaçısı” döş nişanı, “Daxili İşlər Nazirliyinin əməkdar işçisi” adına layiq görülüb. Qarabağ müharibəsi veteranıdır. Çoxlu sayda qiymətli hədiyyələr, pul mükafatları, Fəxri Fərmanlar, medallarla təltif edilib.
Əzim Səlim oğlu Piriyev pedaqoji sahədə də fəaliyyət göstərir.
O, Bakı Biznes Universitetində hüquq kafedrasının müdiri işləyir. “Kriminologiya” və “Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları” fənlərindən dərs deyir. On kitab müəllifidir. Ali məkəblərin hüquq fakültəsi tələbələri, müəllim və aspirantlar üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinin əmrləri ilə təsdiq edilmiş 1999-cu ildə nəşr olunmuş “Kriminologiya” dərs vəsaitinin, 2000-ci ildə çap edilmiş “Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları” dərsliyinin, 1987-ci ildə respublikanın əməliyyat və təhqiqat işçiləri üçün nəzərdə tutulmuş “Cinayətkarların jarqon lüğəti” vəsaitinin, habelə Qarabağ hadisələrinə həsr edilmiş və 2000-ci ildə tələbkar oxuculara təqdim olunan “Yarımçıq qalmış ümid əməliyyatı” sənədli povestinin, 2004-cü ildə çap edilmiş “Zülmətləri yaran şimşək” dedektiv romanının və 50-dən çox elmi-publisistik məqalənin müəllifidir.
Əsərləri:
1.”Cinayətkarların jarqon lüğəti”.B., “DİN mətbəəsi”, 1983, 400s, 2600 nüs.

  1. “Kriminologiya”. B., “BDU mətbəəsi”, 1999, 388s, 1000 nüs.
  2. “Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları”. B., “BDU mətbəəsi”, 2000, 288 s, 1000 nüs.
  3. “Yarımçıq qalmış ümid əməliyyatı”. B., “BDU mətbəəsi”, 2000, 452 s, 500 nüs.
    5.”Cinayətkarların jarqon lüğəti”.B., “BDU mətbəəsi”, 2001, 400 s, 1000 nüs.(2-ci nəşr).
  4. “Səlimin sərgüzəştləri”. B., “ARNK mətbəəsi”, 2002, 388 s, 500 nüs.
  5. “Zülmətləri yaran şimşək”. B., “Əbilov, Zeynalov və oğulları” 2005, 256 s, 1000 nüs.
  6. “Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları”. B., “Çıraq”, 200s, 448,500 nüs.
  7. “Ulduz kimi parlayıb, qəfil sönən oğul”. B.,”Əbilov, Zeynalov və oğulları”, 2005, 370s, 300 nüs.
  8. “Cinayətkarların jarqon lüğəti”. B., “Çıraq” 2006, 400 s, 1000 nüs.(3-cü nəşr).

Zülmətləri yaran şimşək
(roman-detektivdən parça)
“… İclas qurtarandan sonra nazir məni öz maşınında Daxili İşlər Nazirliyinə gətirərək bildirdi ki, mən burada, onun yanında işləyəcəyəm. Əvvəlcə mən kadrlar idarəsində, Oqtay Gəraybəyovun rəhbərlik etdiyi şöbədə işə başladım. Əməkdaşların şəxsi işlərini, cürbəcür əmr və təlimatlar verirdilər ki, tanış olum, öyrənim. İki-üç gün sonra məktəbin rəisi general Sultan Qılmanov oturduğunu kabinetə gəlib məni təbrik etdikdən sonra dedi: ”Əzim, sənin vəzifəyə təyin olunmağın haqqında hələ əmr yoxdur. Bu gün – sabah nazir səni çağıracaq. Onda deyərsən ki, əməliyyat işində işləmək arzusundasan. Bu şöbədə qalıb işləmə, kadrlar idarəsində perspektivi, inkişafı yoxdur, burada qalıb “paslanacaqsan”. Doğrudan da səhərisi günü dedilər nazir məni çağırır. Artıq nazirdən çəkinmirdim, ona qarşı hüsn-rəğbətim artmışdı. İçəri girib hərbi qaydada raport verdim. Göstərilən yerdə oturdum. Onun kabinetində polkovnik rütbəsində on nəfərdən artıq adam var idi.
Mənə müraciət edərək dedi: “Bizim sözümüz sözdür. Hansı sahədə işləmək istəyirsən?” Dedim:”Yoldaş nazir, mənə böyük etimad göstərirsiniz, çox sağ olun. Siz bilən məsləhətdir. Hara əmr versəniz orada işləyəcəyəm, amma əməliyyat işi olsun. Çünki bu iş mənim xoşuma gəlir”.
Nazir: “Yaxşı, onda Cinayət Axtarış İdarəsində işləyəcəksən, razısan?”. “Bəli!”- dedim. Nazir oturan polkovniklərdən birinə üzünü tutaraq: “Fəzail, götür bu leytenantı, sənin yanında işləyəcək” – deyə əmr verdi.
Fəzail Qara oğlu Əliyevlə birlikdə onun beşinci mərtəbədə yerləşən kabinetinə gəldik. İdarənin əməkdaşlarını yığıb məni təqdim etdi. Beləliklə 1961-ci ilin oktyabrında mən ilk əmək fəaliyyətimə Azərbaycan Sovet Sosialist Respublikası Daxili İşlər Nazirliyinin Cinayət Axtarış İdarəsində əməliyyat müvəkkili vəzifəsində, leytenant rütbəsi ilə başladım.
Çox keçmədən nazirliyin işçiləri arasında söz-söhbət yayılmağa başladı ki, guya mən nazirin bacısı oğluyam. Ona görə də nazir məni birbaşa kursant skamyasından gətirib nazirliyin cinayət axtarış idarəsində əməliyyat müvəkkili təyin edibdir.
Nazir məni bu vəzifəyə təyin etməklə öz işini bitmiş hesab etmədi, sonra mənə himayəlik etməyə başladı. Ayda bir dəfə daxili telefonla özü mənə zəng edib yanına çağırır, işlərimlə maraqlanırdı. Hər dəfə onun yanına gedəndə kuratorluq etdiyim zonaya aid cinayətkarlığın vəziyyəti, açılmamış cinayətlərin və axtarışda olan şəxslərin nəzarət işlərini özümlə aparırdım. Nazir onları diqqətlə nəzərdən keçirib irad və göstərişlərini verirdi. Əməliyyat işi ilə dərindən məşğul olmağım barədə öz tövsiyyələrini bildirirdi. Ona görə də hər dəfə nazirin qəbuluna gedəndə çalışırdım ki, onun marağına səbəb olacaq nəsə təzə bir iş görüm ki, razı qalsın. Çox çalışandan sonra seçib məxfi əməkdaşlığa bir nəfər cəlb edə bildim. Bu işim nazirin çox xoşuna gəldi. Nazirlikdə keçirilən müşavirədə çıxış edərkən mənimlə apardığı işlər barədə danışdı, idarə və şöbə rəislərinə irad tutaraq dedi ki, gənc işçilərə xüsusi qayğı ilə yanaşsınlar, onlara öz gündəlik köməkliklərini heç vaxt əsirgəməsinlər.
Mən kollektivə də tez alışdım. Əməliyyat-axtarış işinin incəliklərini öyrənir, nəzəri cəhətdən aldığım bilikləri peşəkar əməliyyatçıların yaxından köməyi və qayğısı sayəsində praktiki işimdə böyük həvəslə tətbiq etməyə çalışırdım.
Mənimlə məxfi əməkdaşlıq edən adam çox qiymətli informasiyalar verirdi. Növbəti görüşümüz zamanı bildirdi ki, onu məhkəməyə çağırırlar. Səbəbini izah edəndə məlum oldu ki, Leninqradda hərbi xidmətdə olarkən bir nəfər rus qadından uşağı doğulub. Aliment vermədiyinə görə həmin qadın onu məhkəməyə verib. Rayon məhkəməsi bir həftədən sonra bu işə baxmaq üçün onu məhkəməyə çağırır. Məhkəmə baxışına qədər vaxtın çox az oluduğunu nəzərə alaraq bu işlə özüm məşğul olası oldum. Çünki, təcili surətdə məxfi əməkdaşa müvafiq sənədləri hazırlayıb verməliydik ki, onları məhkəməyə təqdim edə bilsin. Lazımi ən məxfi sənədləri götürüb özüm Dövlət Təhlükəsizlik Komitəsinə getdim. Daxili telefonla komitə sədrinin müavini, polkovnik Heydər Əliyevə zəng vurub özümü təqdim etdim vә məni qəbul etməsini xahiş etdim. Dərhal icazə verdi. Kabinetə daxil olarkən orada mülki geyimdə hündürboylu, cavan, yaraşıqlı, eyni zamanda zəhmli bir insan mənimlə rəsmi görüşərək əyləşmək üçün yer göstərdi. Diqqətlə məni süzüb dedi:
– Eşidirəm, buyurun.
Doğrusu rəsmiyyət və zəhmi qarşısında bir qədər tutuldum və dərhal da özümü ələ alıb, ayağa duraraq məruzəyə başlayanda gülümsəyərək mənə baxıb, – əyləş -dedi.
Mən məsələnin mahiyyətini açıqlayaraq dedim ki, xahiş edirəm köməklik göstərəsiniz. O, isə “Niyə sənin rəisin yox, sən bu işlə məşğul olursan?” deyə məndən soruşdu.
Dedim ki:
– Yoldaş polkovnik, rəisimin işi həddən artıq çoxdur, vaxt çatdıra bilmir. Ona görə də işinin çoxluğunu nəzərə alıb, məcburiyyət qarşısında sizi narahat etdim, məni bağışlayın.
– O, çox qiymətli adamdır ki, sən belə əl-ayağa düşmüsən?
– Bəli, bu mənim ilk əməliyyat işimdir, çox uğurlu alınıb. Ona görə də istəyirəm ki, ona köməklik edim. Bu onun cavanlıq səhvidir.
O, zəngi basaraq otağa iki nəfər cüssəli adam dəvət etdi. Sənədləri onlara verib:
– Təcili hazırlayıb gətirin – dedi.
Bundan sonra ayağa qalxıb dedim:
-İcazə verin, mən dəhlizdə gözləyəm.
– Yox, otur – dedi. Və məni sorğu-suala tutmağa başladı.
– Komsomolçusan, yoxsa partiyaçı? Hansı sahəyə baxırsan? Əməliyyat işinə yiyələnməkdə çətinlik çəkmirsən ki? – və s.
Heydər Əliyev həm də bu zaman telefonlara cavab verir, selektorun düyməsini basaraq kiməsə göstəriş verir, qarşısındakı sənədlərə baxıb nəsə yazırdı…
Suallara cavab verəndən sonra pauza yarandığını görüb yenə ayağa qalxıb:
– Yoldaş polkovnik, icazə verin çıxım, – dedim.
Sözün doğrusu, zəhmi məni yaman basmışdı. Özü də bunu hiss etdiyindən yenə gülümsəyərək:
– Eybi yoxdur, otur – dedi.
Elə bu vaxt sənədləri gətirdilər.
Əslində belə sənədlərin hazırlanması üçün çox vaxt tələb olunur, azı bir həftə – on gün. Adətən belə sənədlər gərək Dövlət Təhlükəsizlik Komitəsinə “ən məxfi” qriflə xüsusi rabitə vasitəsilə göndəriləydi. Sənədlər müvafiq qaydada hazırlandıqdan sonra Daxili İşlər Nazirliyinə həmin xüsusi rabitə vaistəsilə də qaytarılmalıydı. Mən məxfiliyi gözləsəm də sənədi özümlə mühafizəsiz Dövlət Təhlükəsizlik Komitəsinin sədr müavininə aparıb bilavasitə təqdim etməyimlə müvafiq təlimatların tələblərinə əməl etməmişdim. Təbii ki, buna görə də həyəcan keçirirdim. Bütün bunları, əlbəttə, polkovnik Heydər Əliyev yaxşı bilirdi, lakin mənim üzümə vurmurdu, mənə irad tutmurdu. Xidməti vəzifəmə yanaşma tərzim, əməliyyat işinə marağım, onu qiymətləndirməyim deyəsən xoşuna gəlmişdi və mənə qarşı xoş münasibət bəslədiyini hiss etdim. Çünki mənimlə danışanda gülümsəyirdi, mehribanlıq göstərirdi.
Suallarından biri də belə oldu:
– Cavan leytenant! Sən qohumun və ya tanışın üçün belə əl-ayağa düşərdinmi?
– Xeyr! Yoldaş polkovnik, mən xəcalət çəkərdim yanınıza gəlib sizi narahat etməyə. Bu xidməti işdir, özü də əməliyyat işi kimi mühüm bir iş. Buna görə sizi narahat etməyə cəsarət etmişəm.
O, sənədləri mənə verib dedi:
– Buyur, sənin tapşırığını yerinə yetirdik. İndi sən hara, kimin yanına gedəcəksən?
– Ali Məhkəmənin sədrinin yanına gedib, xahiş edəcəyəm ki, bu adamı rayon məhkəməsinə tapşırsın.
– Bəlkə mən sədrə zəng vurub deyim ki, sənə köməklik etsin.
– Çox sağ olun, əziyyət çəkməyin, yoldaş polkovnik. Ali Məhkəmənin sədri mənim rəisim olub, məni yaxşı tanıyır, xətrimi istəyir, Siz narahat olmayın.
Təşəkkür edib, xudahafizləşib kabinetdən çıxarkən o məni adımla çağırdı?
– Əzim, bəlkə burada bizlə işləyəsən?
Gözlənilməz bu təklifdən tutuldum. O, cavab üçün gözlərimin içinə baxırdı.
– Bu mənim üçün gözlənilməz oldu. Mən Respublikanin Cinayət Axtarış İdarəsində az vaxtdır ki, özü də arzuladığım peşə üzrə işləyirəm. Kollektiv məni yaxşı qəbul edib, etimadınıza görə çox sağ olun.
Ayağa qalxıb əlimi sıxdı:
– Sənə yaxşı yol, nə çətinliyin olsa mənə müraciət edə bilərsən – dedi. Həmin görüş mənim yaddaşımda silinməz izi qoydu. İnsan nə qədər diqqətli, həssas, mehriban olarmış, ilahi? Belə baxanda mən onun yanında kim idim axı. 10 günlük bir işi 20 dəqiqə ərzində bu qədər operativ, işgüzar və minnətsiz eləməyi təəssüflər olsun ki, hər rəhbər işçi bacarmır və ya etmək istəmir, ya bir başqasının yanına göndərir, o da digərinin. Digər başqası isə: – get sabah gələrsən, birisi gün gələrsən və sairə və ilaxırə. İşə o cür ciddiliklə, diqqətlə yanaşıb operativ həll etmək istedadını yalnız Heydər Əliyev kimi dahi insanda gördüm və o yaddaşımda əbədi olaraq həkk olundu.
Həmin görüşdən 40 il keçsə də elə bil dünən olub. O qısa görüşdən aldığım təəssüratı sonralar heç vaxt unutmadım”.
Mənbə: “Ağcabədi yazarları” kitabı.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər