“Aran” qəzeti və Aranqazeti.az saytı GİKM-in könüllülər üzrə mütəxəssisi Röyalə Yaqubzadə ilə olan müsahibəni təqdim edir.

Röyalə Yaqubzadə: Ailəmizin bir üzvü olmaq üçün gənclərimizi mərkəzə dəvət edirəm

      “Aran” qəzeti Gənclərin İnkişafı və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllülər üzrə mütəxəssisi Röyalə Yaqubzadə ilə olan müsahibəni təqdim edir.

-Salam Röyalə xanım. Haqqınızda eşitdiyim qədərilə , siz rayonumuzda yaşayan istedadlı, ictimai və sosial sahələrdə fəal olan gənclərdənsiniz. Eyni zamanda GiKM-in Ağcabədi nümayəndəliyinin əməkdaşısınız. Bu mərkəzdə hansı işlər görülür? Ümumiyyətlə GİKM haqqında qısa məlumat verməyinizi istəyərdim.

– Əvvəla onu deyim ki, Gənclərin İnkişaf və Karyera Mərkəzi 2 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun maddi-texniki bazası əsasında fəaliyyətə başlamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 1 oktyabr 2019-cu il tarixli, 1454 saylı Sərəncamına uyğun olaraq, ölkənin şəhər və rayonlarında fəaliyyət göstərən Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılmasına başlanılmışdır. Və hazırda Mərkəzin 40 rayonda nümayəndəlikləri fəaliyyət göstərir. Onlardan biri də bizim Ağcabədidədir.

-Bəs necə oldu ki, GİKM-ə qoşuldunuz?

Rayon İcra Hakimiyyətində könüllü kimi fəaliyyət göstərirdim. Elə həmin vaxtlar, daha dəqiq desəm 5 Dekabr – Könüllülər Günü ilə əlaqədar olaraq rayon rəhbərinin  xüsusi fərqlənməyə görə təşəkkür bildirdiyi 3 gəncin sırasında idim. Təsadüfi deyil ki, o gənclərdən biri nümayəndəliyimizin keçmiş direktoru Əli Əhmədov idi. Bu nüansa toxunmaq səbəbim də elə GİKM-lə bağlıdır. Çünki GİKM komandası rayonda olan istedadlı, özgüvənli gəncləri seçir və onlara dəstək göstərirdi. Məhz elə bu səbəbdən GİKM-in Ağcabədi nümayəndəliyində könüllü olmağa qərar verdim. Rayonumuzda belə bir mərkəzin olması məni çox sevindirdi. Gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi, onların müxtəlif və maraqlı fəaliyyətlərə cəlb olunması gənclərə  müsbət təsir göstərirdi.

-Maraqlıdır, GİKM pandemiya zamanı gənclərlə hansı işləri görürdü?

– Mərkəzimizin üzv və könüllüləri “COVİD -19” virusu ilə əlaqədar olaraq karantin olmasına baxmayaraq keçirilən onlayn təlim və tədbirlərdə iştirak edərək, yenə də boş vaxtlarını səmərəli keçirmişdi. Baxmayaraq ki, karantin dövrü idi, biz öz könüllü və üzvlərimizdən başqa rayon gənclərini də bu kimi təlimlərə cəlb edirdik. Əvvəldə qeyd elədiyim kimi, mən bir müddət GİKM-də könüllü kimi fəaliyyət göstərirdim. Daha sonra nümayəndəliyin “könüllülər üzrə mütəxəssisi” vəzifəsinə təyin olundum. Gənclərlə birlikdə bir çox işlərdə uğur qazandıq.

-Hazırda gənclərə nə vəd edirsiniz?

-Gənclərin İnkişaf və Karyera Mərkəzinin bütün nümayəndəlikləri kimi Ağcabədi nümayəndəliyi də gənclərə hər zaman dəstək göstərir. Biz Ağcabədi gənclərinin yanındayıq, onların həyata keçirmək istədiyi layihə və ideyaları dinləməyə hazırıq. Hal-hazırda mərkəzimizdə 6 klub fəaliyyət göstərir. Bu klubların rəhbərləri məhz könüllülərimizdir. Klublarımız “Mədəniyyət klubu” , “Eko klub”, “İdman klubu”, “Sosial fəaliyyətlər klubu”, “Vətənpərvərlik klubu”, “İntellektual klub”larıdır. Hər klubun daxilində alt klub fəaliyyət göstərir. Məsələn “Mədəniyyət klub” un daxilində “Kitab, rəqs, kino, həvəskar aktyorluq” və.s klublar fəaliyyət göstərir ki, gənclərimiz GİKM- in fəaliyyət planından əlavə klubların fəaliyyətində iştirak edə bilirlər. Sevindirici haldır ki, klub fəaliyyətləri könüllülərin və üzvlərin həyata keçirmək istədiyi fəaliyyətlərdən ibarətdir. Bundan əlavə GİKM- in bütün nümayəndəliklərində təcrübəçi bazası yaradılıb. Belə ki, seçilən və təcrübəçi olmaq üçün istənilən qaydalara uyğun olan 15 gənc mərkəzimdə təcrübəçi kimi fəaliyyət göstərir. Həmin gənclər bizimlə 3 aylıq müqavilə bağlayıblar. Biz artıq bəlli vaxtdan sonra işlərimizin bir qismini təcrübəçilərimizə həvalə edə bilirik.

-Belə məlum oldu ki, rayonumuzun fəal gəncləri bu mərkəzə üzv olmaq istəsələr mütləq dəstək görəcəklər.

-Əlbəttə, GİKM- i daha yaxından tanımaq və ailəmizin bir üzvü olmaq üçün gənclərimizi mərkəzə dəvət edirəm. Və eyni zamanda fürsətdən istifadə edib valideynlərə səslənirəm ki, həqiqətən övladlarınız GİKM-in bir üzvü olaraq heç nə itirməz, daha çox şey qazanar. Məsələn kollevtivdə özünü idarəetmə, vətəndaşlarla münasibət, məsuliyyət hissi, yeni yoldaşlar, müxtəlif təlimlərdə öyrədilən bilik və bacarıqlar və.s. Məqsədimiz gənclərin asudə vaxtlarını səmərəli, əyləncəli keçirməsinə kömək etməkdir. Əziz gənclər, fəaliyyətlərimizlə yaxından tanış olmaq üçün, həm instagram(agcabedi.gencleri) həm də “Facebook” sosial şəbəkəsində (Ağcabədi Gəncləri) səhifəsini izləyə bilərsiniz. Hər birinizi bu mərkəzdə görməkdən şad olarıq.

Söhbətləşdi: Orxan KƏRİMOV

Şərhlər