“KÖRPÜ VƏ HEÇ NƏ” Aranqazeti.az gənc şair Cahandar Aybərin şeirlərini təqdim edir

KÖRPÜ VƏ HEÇ NƏ

Hərdən yuxumuz da xaraba qalır,
sübhədək yuxuda bayquş görürük.
Necə də tənbəldi ayaqlarımız,
onların üstündə çox iş görürük…

Niyə bu körpüdən keçmədin sən də?
Baxırsan, solunda, sağında körpü…
Su adamı boğanda əcəl olur,
adamlarsa suyu boğanda, – körpü.

İnsançün çətindi məscidə getmək,
duaçün müşküldü gümbəzi keçmək.
Bir körpü yoxdusa dənizin üstdə,
demək, asandı bir çayı keçməkdən –
dünyada ən nəhəng dənizi keçmək

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

AXX

Başımı kəsib tulla ayağımın altına,
görüm ki, başım var…
Mənim “alın yazım” olmasa da,
“alın qışım” var.

Bir damcı ehtiyat su saxlamaqçündü,
susuz qalan dodağımın çatları…
Nə qədər gözəl olsa da,
zaman qandalıdı qol saatları.

İlahi, uçmazdı, sürünərdi,
versəydin hansı quşa bu ömrü…
Bir gün bir “axx!” deyib,
ikiəlli qapaz kimi “vuracam başa” bu ömrü.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

MƏKTUB SEVGİSİ

Yazdım,
bu, sevgi məktubudu,
yaxud məktub sevgisidi, bilmədim…

Əgər bir sevgidən çoxlu məkublar yazılırsa,
o sevgidə bahar yoxdu, –
payızı görən sevginin tökülən yarpağıdı məktublar.

…və məktubların
odda yandırılmasıyla sönər sevgilər.

Yeri gəlmişkən;
sənə xeyli məktub yazıb göndərmişəm.
Daha doğrusu, gətirmişəm.
Gətirmişəm ki, özüm oxuyum.
Çünki sən, qadın səsiylə kişi sözlərini oxuyub,
onun nə demək istədiyini başa düşə bilməzsən heç vaxt…

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

HƏMİŞƏ İŞIQLIQDA

Bilirəm,
məni nəyə görə hər gün daha çox
gərgin etməyə çalışdığını, –
həyatını
daha çox işıqlandırmaq üçün…
Ən güclü işıq
ən “yüksək gərginlik”dən alınır çünki.

*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***

BAŞIN BAŞ HAQDA DÜŞÜNCƏLƏRİ

Özbaşınalıq Adəmlə
gəldi, başladı dünyada.
İlahi, elə indi də
hamı öz başıyla gəzir,
özbaşınadı dünyada.

Adam qocaldıqca, saça
nə “dən” düşür, nə “qar” yağır.
Qocaldıqca təndir olur –
gəncliyi yanır içində,
başından ağ tüstü çıxır…

Kim cəza qurban kəsəcək,
bu günah ilə gəlmişə?
Nə vaxt etmişəm, görəsən,
hansı günahımdı başım,
boynuma alıb gəlmişəm?!

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər