Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Milli Ordunun yaradılması tarixi zərurətə çevrilib. Ulu öndər Heydər Əliyevin böyük xidmətləri sayəsində bu istiqamətdə daha ciddi tədbirlər həyata keçirilib. Dahi rəhbərin 22 may 1998-ci il tarixli Fərmanı ilə 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. O vaxtdan həmin gün resublikamızda geniş qeyd edilməyə başladı.
Əsası 26 iyun 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qoyulmuş Milli Ordu çətin, lakin şərəfli tarixi bir yol keçib. Azərbaycan Ordusu yarandığı ilk günlərdən mühüm vəzifələr həyata keçirib. Milli Ordu qısa müddət ərzində Qafqaz İslam Ordusu ilə birlikdə Bakının və ətraf ərazilərin erməni-bolşevik işğalından azad edilməsinə nail olub.
AXC süqut etdikdən sonra Azərbaycanı ələ keçirmiş bolşevik hökuməti Milli Ordunu tezliklə ləğv edib, onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılaraq, güllələnib.
Sovet hakimiyyəti illərində də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərb sahəsindəki siyasəti dəyişməz qalmışdı. Ancaq çar dövründən fərqli olaraq, sovetlər dönəmində azərbaycanlı gənclər ordu sıralarına xidmətə çağırıldı. Ancaq onlar mühüm hərbi hissələrə deyil, əsasən tikinti batalyonlarında xidmət etməyə göndərilirdilər. Məqsəd soydaşlarımız arasında hərb elminə dərindən yiyələnən, müasir silahlara bələd olan hərbçilər yetişməsinə imkan verməmək idi.
Azərbaycanda hakimiyyətə gələn Heydər Əliyev sovet siyasətini yaxşı başa düşərək qabaqlayıcı tədbir görməyə başladı. Ulu öndərin 20 iyun 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etməsi bu baxımdan mühüm əhəmiyyət kəsb edirdi. Sözügedən hərbi litsey həmin illərdə milli zabit kadrlarımızın yetişdirilməsində həlledici rol oynayırdı.
Ümummilli lider Heydər Əliyev sonralar azərbaycanlıların Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi ali təhsil müəssisələrinə daxil olmalarına geniş imkanlar yaratmışdı.
Respublikamızda müstəqillik yenidən bərpa edildikdən sonra ordu quruculuğu məhz ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə reallaşdı. Milli Ordu peşəkar kadrlarla möhkəmləndirildi, ölkənin müdafiə qüdrəti artırıldı. Azərbaycan Ordusunda Xalq Cümhuriyyəti dövründə qoyulmuş ənənələr uğurla davam etdirildi.
Ulu öndərin layiqli siyasi varisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrdə ordu quruculuğu daha da genişlənib, böyük vüsət alıb. Dövlət başçısının iradəsi və qayğısı sayəsində Azərbaycan Ordusunun maddi-texniki bazası gücləndirilib. Ən müasir silahlarla təmin olunmuş Milli Ordumuz Qafqazın ən güclü Silahlı Qüvvələrinə çevirilib. Təsadüfi deyildir ki, 2016-cı ilin Aprel döyüşlərində, Ordumuz öz qüdrətini Ermənistana, bütün dünyaya nümayiş etdirdi.
Ərazilərimizin erməni quldurları tərəfindən işğalı ilə heç vaxt barışmayan Azərbaycan xalqı, dövləti, qəhrəman Ordumuz 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində öz zəfər sözünü düşmənə diktə etdi. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İham Əliyevin rəhbərliyi altında Milli Ordumuz cəmi 44 gün ərzində apardığı möhtəşəm hərbi əməliyyatlar sayəsində Ermənistanı diz çökdürərək parlaq tarixi qələbəyə imza atdı, 30 il ərzində işğal altında olan müqəddəs Qarabağ torpaqları mənfur düşməndən təmizləndi, tarixi ədalət bərpa edilib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Qürurla deyə bilərik ki, ordumuzun rəşadəti, xalq-iqtidar birliyi nəticəsində Ermənistan ordusu tamamilə darmadağın edildi, Dağlıq Qarabağ münaqişəsi milli maraqlarımıza uyğun həllini tapdı.
Milli Ordumuzun yenilməz zəfər yürüşü dövlətimizin beynəlxalq aləmdə hörmət və nüfuzunun daha da artmasına səbəb oldu.
Yəhya PAŞAZADƏ