Aqil Abbas yaradıcılığı və həyatı

Abbasov Aqil Məhəmməd oğlu 1953-cü il aprelin 1-də Ağcabədi rayonunun Bayat kəndində (Hacılar yaşayış məntəqəsində) doğulub. Buradakı və Ağdam şəhərindəki 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirib (1970-1976). Əmək fəaliyyətinə Ağsu rayonundakı internat məktəbində müəllim (1976-1977) kimi başlamış, sonralar “Elm və həyat” jurnalında fotomüxbir, müxbir, şöbə müdiri (1977-1987), “Sovet kəndi” qəzetinin xüsusi müxbiri (1987-1990) vəzifələrində işləmişdir. 1990-1992-ci illərdə “Ədalət” qəzetində redaktor kimi çalışmışdır. 1992-ci ildən “Ədalət” qəzetinin, 1993-cü ildən “Boz qurd” qəzetinin baş redaktoru olmuşdur.
Bədii yaradıcılığa 1970-ci ildə başlayıb. İlk mətbu hekayəsi ”Şirinlik” 1976-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olunmuşdur. 1977-ci ildən “Şəbədə Nazim” hekayəsi “Ulduz” və “Azərbaycan” jurnallarında işıq üzü görmüşdür. Həmin dövrdən etibarən mətbuatda yazıları ilə çıxış etmişdir.
1986-cı ildən Azərbaycan Yazıçılar İttifaqının (Birliyinin) üzvüdür. “Ən xoşbəxt adam” kitabına görə, Respublika Komsomolu mükafatı laureatı (1987), “Məmməd Araz” adına ədəbi mükafat laureatı (1994), “Dan ulduzu” (1993), həmçinin “Yaddaş”, “Zeynalabdin Tağıyev” və “Qızıl Qələm” mükafatları laureatıdır. 10 kitabın müəllifidir. 3 kitabı Türkiyədə çap olunub.
Azərbaycan Respublikasi Milli Məclisinin deputatı, Azərbaycanın Əməkdar jurnalistidir. Ailəlidir; 2 övladı var.

Əsərləri:

1.”Evləri köndələn yar”, B., “Yazıçı”, 1983, 298 s, 15 000 nüs.

  1. “Ən xoşbəxt adam”, B., “Yazıçı”, 1987, 262 s, 10 000 nüs.
  2. “Batmanqılınc”, B., “Gənclik”, 1994, 200 s, 1000 nüs.
  3. “Qapqara uzun saçlar”. B., “Yazıçı”, 1995, 168 s, 1000 nüs.
  4. “Dolu”, B., “Təhsil” B., “Yazıçı”, 2009, 268 s, 1000 nüs.
  5. “Qiyamət gecəsi”. B., “Gənclik”, 2001, 220 s, 1000 nüs.
  6. “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”, B., “Şuşa”, 2001, 194s, 500 nüs.
  7. “Bir yol ki, Şuşaya getmir”, B., “Yazıçı”, 2003, 200 s, 500 nüs.
  8. “Qarda açan qan çiçəyi”. B., “Çinar-çap”, 2005, 38 səh.

Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir

QARDA AÇAN QAN ÇİÇƏYİ
(Hekayədən parça)
Qəbiristanlığa bütün kənd yığılmışdı. Bəlkə də bu qəbiristanlıq indiyədək bir belə adam görməmişdi. Komandirin hələ ölümün nə olduğunu anlamayan iki balası da nənələrinin ətəyindən yapışıb gah qəbirə, gah camaata, gah da şirin bir avazla “Quran” oxuyan Mollaya baxırdılar.
Bayaqdan saçlarını yolan kənd arvadları mollanın səsini eşidəndən sonra səslərini çəkmişdilər içlərinə, için-için hıçqırırdılar. Və gözləyirdilər ki Molla “Quran”ı oxuyub qurtarsın, yenə əllərini atsınlar üzlərinə, saçlarına.
Qara da onu ölümü pəncəsindən qoparan Komandirin ağacdan kəsilib yonulmuş və hələ də adı yazılmamış başdaşının yanında dayanmışdı. Amma nə Mollanın dediyini eşidirdi, nə də qəbiristanlığa yığılmış bu qədər adamı görürdü.
Bircə onu fikirləşirdi ki, Allah elə bir möcüzə göstərəydi ki, Komandir üstünə tökülən bu torpağı qaldırıb qalxaydı ayağa. Bütün doğmaları, ölənlər dünya yaranandan belə bir möcüzə arzulasalar da bu möcüzə indiyədək baş verməmişdi və heç baş verməyəcəkdi də. Hər bir doğması ölən hər dəfə qəbiristanlığa gedəndən, əzizinin qəbri qarşısında dayananda bir anlıq da olsa ürəyində əzizinin bu dəqiqə ayağa qalxacağına özünü inandırmağa çalışır.
Qara başdaşına bir az da yaxınlaşdı. Və üzünü başdaşına qoyub hönkürdü. Kimsə qoluna girib onu sakitləşdirmək istədi, amma ağsaqqallardan biri dedi:
-Dəyməyin, qoyun ağlasın.
Qara için-için ağlayırdı, ürəyində də gah Allaha yalvarırdı, gah Komandirə:
– Komandir, dur ayağa! Dur ayağa, Komandir! Nə olar dur ayağa. Sənə qurban olum, balalarına qurban olum, dur ayağa! Bəs bizi Şuşaya aparacaqdın?! Bəs Şuşaya bayraq sancacaqdıq?!
… Əlini qoynuna atıb üçrəngli bayrağı çıxartdı və sarıldı başdaşına…
…. Gətirmişəm Bayrağı, Komandir. And içmişdin axı?! And içmişdin ki, bu bayrağı Cıdır düzünə qaldıracaqdıq. Nə oldu Komandir? Dur apar bizi Şuşaya! Şairin xətrinə qalx! Mazandaran pələnginin xətrinə qalx! Qalx, Komandir! Bizim xətrimizə qalxmırsan, bu bayrağın xətrinə qalx! Şuşanın xətrinə qalx!..
…Molla Quran oxuyurdu: Amma Qara eşitmirdi bu Quran ayəsini. Quran öz bildiyi bir ayəni oxuyurdu…
… Apar bizi Şuşaya, Komandir! Apar bu bayrağı Cıdır düzündə qaldıraq! Ay Allah! Ey yeri-göyü yoxdan var eləyən kişi! Qaldır Komandirimi! Qaldır! Qalx, Komandir! Bu Bayrağın xətrinə, o iki balanın xətrinə, Qalx komandir! Apar bizi Şuşaya! Qalx, ay namərd oğlu namərd!
Və birdən..
Və birdən…
Və birdən…

Milyon illərdi insanların umduğu, arzuladığı və heç vaxt baş verməyən və heç vaxt baş verəcəyi inanılmayan o möcüzə baş verdi.
Qəbir başladı titrəməyə. Titrədi, titrədi, başdaşı da titrədi. Və birdən buğlanan torpaq qalağı ətrafa səpələndi...
Və...
Və Komandir qəbirdən qalxdı. Başdaşını qucaqlayıb bütün müqəddəslərə və Allaha yalvaran Qaranı da o, başdaşı ilə birgə çiyninə qaldırdı. 
Və üz tutdu Şuşaya-çiynində Qara, Qaranın qucağında Komandirin başdaşısı və başdaşında da dalğalanan Baryaq!
Komandir gedirdi.
Ardınca Quranı göyə qaldırmış Molla gedirdi.
Mollanın ardınca iki gül üzlü balası gedirdi. 
İki gül üzlü balanın ardınca da bütün kənd! Kiminin əlində yaba, kiminin əlində dəhrə, kiminin də əlində balta.
Komandir gedirdi!
Şuşaya gedirdi Komandir!
ŞUŞAYA GEDİRDİ KOMANDİR!
ŞUŞAYA GEDİRDİ KOMANDİR!
Ey bu yazını oxuyan oxucu!
Atam, qardaşım, əmim, dayım, dostum, arkadaşım, balam, əmim oğlu, dayım oğlu, xalam oğlu, ay bu Vətənin övladları! Ya Komandirin ardınca get!
Ya da get yaşa! ƏGƏR ŞUŞASIZ YAŞAMAĞI YAŞAMAQ SAYIRSANSA!
*  *  *
28-31 dekabr 2001-ci il.
Artıq Yeni ilin ilk sabahı açılır. Saat 5-ə 22 dəqiqə işləyir. 3 saatdan sonra dan söküləcək, sabah açılacaq. O sabah ki, Hinal dağda qırılan oğlanlara, qız görməmiş sinəsindən yaralanıb səngərlərdə qalanlara heç vaxt açılmayacaq.
Amma biz bu Vətənin xətrinə balalarımız Hinal dağda qırılmasın deyə, balalarımız qız görməmiş sinəsindən yaralanıb səngərlərdə qırılmasın deyə, o sabahı heç olmazsa şəhidlərimizin ruhu xatirinə açmalıyıq!
Özləri görməyən sabahı heç olmazsa ruhları görsün!
Eşidirsənmi, Vətən oğlu!

Mənbə: “Ağcabədi yazarları” kitabı

Şərhlər