Gecik,Payız!
Yuxuların
ən şirin yerində çalar
Zəngli saatlar.
Doğmaların dəyərini anlayanda,
Başlayar ayrılıqlar.
Yayın son nəfəsinə aldanan
Tumurcuq çiçəyin
Arzusunu gözündə boğar
Qaşqabaqlı payız…
Sus, zəngli saat! Yuxularda xoşbəxt olaq heç olmasa.
Durun, ayrılıqlar!
Sinəmizdəki boşluqlar
onsuz da çox dərindir…
Gecik, payız!
O çiçəyin xatirinə –
Gecik bir az!
Sizi and verirəm
Dan yerinin (utancaq) qızartısına.
Sizi and verirəm
Qağayıların təlaşlı çığırtısına.
Xəyallarımızı hürkütməyin,
Sevdiklərimizi öldürməyin,
Çiçəkləri soldurmayın!
Sevgisizlikdən gileylənib
köks ötürən Dost –
Əlini ver mənə.
Sən də…
Bax, sən də…
eeey, sən də!
Qoşulun bizə –
böyüyək, böyüyək!
Sevgidən halqa yaradıb
Qucaqlayaq Yer kürəsini!
Utansın zəngli saatlar,
Utansın ayrılıqlar,
Utansın payız…
XOŞBƏXTLİK sözünü
Dünyanın alnına yazsın
Kəpənək qanadlı bir qız!
*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***
Günəş girir yatağıma
Ətrafımda qaynaşan
Kiçik işıqları
Ovcuma yığıram,
əzizləyirəm…
Onlara qoşulub
şıltaqlıq edirəm,
oynayıram, gülürəm.
Sonra bir yerə toplayıb
yoğururam o işıqları
yeni bir sən yaradıram…
Əyləncəmdən xoşbəxt oluram,
Başına dolanıram bu xoşbəxtliyin –
Bir əlim göyə,
bir əlim yerə tuşlanmış halda…
Yorulanda dayanıram,
Susuram, yeni sənə baxıram.
Gözlərinə zillənirəm,
ürəyini oxuyuram…
Sonra əllərindən tutmaq üçün
əllərimi uzadıram.
Küsüşür, uçuşur
qısqanc işıq zərrələri.
Öncə əllərin yox olur,
Sonra özün…
Dağılan işıqların yerində
sənsizliyin nəhəng heykəli qaralır,
irişir çarəsizliyimə…
Soyuq üzlü səmada
Kədərlə sürünür Ay…
Çəkilirəm içimə,
Qısılıram yatağıma…
Qulaqcıqda Əhməd Qaya hayqırır:
“… Aydınlansın diye şu kirli yüzler
Biz durmadan savaşırdık.
Amansız olma şimdi bu kadar
Dün gibi, dün gibi çekib gitme.
Bırak da sarılayım ayaklarına
Kum gibi, kum gibi ezip geçme…”
Və səhər açılır,
yaxasını avqusta açmış pəncərədən
Günəş girir yatağıma.
Üzümə, gözümə yayılır qızılı saçları,
Yanağımı yandırır öpüşləri…
Otağıma doluşmuş nadinc işıq zərrələri
Sevinclə qışqırır,
Tanrı gülümsəyir…
*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***
Hər gün yenilənir ürəyim
EŞQ oğurlamışdım səndən,
Eşqə ehtiyacı vardı insanların.
Üşüdürdü donmuş ürəkləri,
donmuş baxışları,
sözləri üşüdürdü məni…
Böyük günah etmədim ki,
Donuq baxışları işıqlandırdım,
Soyuq ürəkləri qızdırdım,
Günəş rəngli boya ilə
təbəssüm çəkdim
göyərmiş dodaqlara,
Dünya işıqlandı…
Sənsə,
öz içimə zəncirlədin məni
və buraxdın
ac quşların öhdəsinə…
Amma hər dimdikdə
Özləri də bilmədən
Sevgi uddular,
Sevgi qazandılar!
Hər gün
Yeni dimdiklər üçün
yenilənir ürəyim.
Həvəslə qanatdırıram sinəmi
O zəncirin ağırlığını
Unutmaq üçün…
*** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** *** ***
İşıqlı adam
Keçdi ömrümün ikinci fəsli də,
Daha yağışlar döyəcləyir yanaqlarımı.
Günəş qürub edir ucalığımdan,
Ulduzlar tökülür Eşq ağacımdan…
Daha dörd yaşlı qızım məni aldada,
yeddi yaşlı oğlum ağlada bilir…
Silkələyirəm xatirələri,
Kədər tökülür hər küncündən…
Atamın sınmış vüqarını,
Anamın əyilmiş belini
Düzəldə bilməmişəm bu günəcən…
Başımı üstünə qoyduğum
dizlərimə sarılıram…
Yavaşıyır ürək döyüntülərim,
Qaranlıq çökür gözlərimə
Tunellərin sonundakıişıqlar da ölüb-
boğuluram…
Qəfildən bir dost səsi diksindirir məni:
“Sənə nə olub, işıqlı adam?”