Əmək cəbhəsi də hünər meydanıdır

         Pərioğlular kənd sakini Raquf Qasımov rayonumuzda qabaqcıl təsərrüfat başçılarından sayılır. Bacarıqlı fermer uzun illərdir ki, pambıqçılıq təsərrüfatı ilə məşğul olur. Özünün dediyi kimi, gözünü açıb, pambıq gördüyü üçün bu mühüm təsərrüfat sahəsi ilə möhkəm tellərlə bağlanıb. Raquf Orucov uzun illər “Səməd Vurğun” adına, sonralar isə “Bakı” kolxozunda təsərrüfat işlərində fəal iştirak edərək, pambıqçı kimi yetişib.

Qasımov Raquf Sovet oğlu 1961-ci ildə Pərioğlular kəndində anadan olub. Sözügedən kənd məktəbində orta təhsil alıb. O, 1981-ci ildə hərbi xidməti başa vurduqdan sonra Səməd Vurğun adına kolxozda əmək fəaliyyətinə başlayıb. Burada təsərrüfat həyatının sirlərinə yaxından bələd olub. Zəhmətsevər gənc bacarıqlı bir əmək adamı kimi tanınıb.

SSRİ-nin süquta uğraması, kolxoz quruluşunun dağılması ilə əlaqədar olaraq, Raquf Qasımova da pay torpağı verilib. O, ailəsinə məxsus pay torpağında “Səxavət-95”adlı istehsal kommersiya firması yaradıb. Keçid dövrünün çətinliklərinə baxmayaraq, təsərrüfatda pambıq, taxıl və digər kənd təsərrüfatı məhsulları istehsal edilib, qaramal bəslənilib. Səriştəli təsərrüfatçı həmin illərdə Ağdam Kənd Təsərrüfatı Texnikumunda qiyabi yolla təhsil alaraq, mexanik ixtisasına yiyələnib.

Respublikamızda bələdiyyələr yaradıldığı dövrdə Raquf Pərioğlular bələdiyyəsinə üzv seçilib. 2002-ci ildə isə Pərioğlular bələdiyyəsinin sədri seçilib. Təcrübəli mütəxəssis bələdiyyə sədri işlədiyi müddətdə yaşadığı kəndin və rayonun ictimai-siyasi, iqtisadi həyatında fəal iştirak edib.

R.Qasımov 2010-cu ildən kənddə geniş təsərrüfat işlərinə qayıdıb. Fermer təsərrüfatı onun başçılığı altında dirçəlib, əkin-biçin işlərində fərqlənib. Təsərrüfatda hər il yaxşı nəticələr əldə olunub.

Raquf təsərrüfatda ən yüksək uğura ötən il imza atıb. Onun başçılıq etdiyi fermer təsərrüfatı 40 hektar əkin sahəsinin hər hektarından 58 sentner pambıq istehsal etməyə nail olub. Qabaqcıl pambıqçı əldə etdiyi bu yüksək nailiyyətə görə ölkə Prezidenti İlham Əliyevin Sərəncamı ilə İkinci dərəcəli Əmək ordeni ilə təltif olunub. Qazanılmış uğur sayəsində təsərrüfatda yüksək gəlir əldə olunub, kollektiv üzvlərinin dolanışığı xeyli yaxşılaşıb.

Raquf bu il də pambıq təsərrüfatı mövsümünə uğurla başlayıb. Təsərrüfatın 41 hektar əkin  sahəsində yüksək aqrotexniki qaydada pambıq yetişdirilir. Görülmüş səmərəli kompleks becərmə, xəstəliklərə və ziyanvericilərə qarşı mübarizə tədbirləri nəticəsində sahələrdə gələcək bol məhsulun təməli qoyulub. Fermer təsərrüfatına “P-Aqro” MMC tərəfindən göstərilən hərtərəfli qayğı da bu sahədə önəmli əhəmiyyət kəsb edib.

Ölkəmizdə pambıqçılığa göstərilən qayğıdan, əməyinə verilən yüksək qiymətdən ruhlanan təsərrüfat başçısı cari ildə pambıq sahələrinin hər hektarından rekord miqdarda 60 sentner məhsul götürmək fikrindədir.

Raquf Qasımov ona göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova rəhbərlik etdiyi kollektiv üzvləri adından səmimi təşəkkürünü və minnətdarlığını bildirir.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com