Dili qorumaq bizim vətəndaşlıq borcumuzdur
Dil Vətən adı verdiyimiz torpaq qədər bizlərə əziz və müqəddəsdir. Dil xalqın ən böyük mənəvi sərvətidir. Dil bütöv bir xalqın dilidir. Dilsiz heç bir inkişaf yoxdur. Dil hərtərəfli inkişafın açarıdır. Və danışdığın, doğma ananın sənə öyrətdiyi, ana dili dediyimiz dilə hörmət ilk öncə bizim oğul, vətəndaşlıq borcumuzdur. Dili sevməyən, onun təmizliyini qorumayanın ana Vətəni sevməsi şübhə doğurur…
Kommersiya xarakterli fəaliyyətdə tanıtım xarakterli lövhələrdən istifadə ilə bağlı məsələlərdə 3 oktyabr 1997-ci il tarixli “Reklam haqqında Qanun” müvafiq qaydalar müəyyən edir. Qanuna əsasən, “Azərbaycan Respublikasının ərazisində reklamda dövlət dili işlənilir və bu, dövlət dilinin normalarına uyğun olaraq tətbiq edilməlidir. Zəruri hallarda reklamda dövlət dili ilə yanaşı digər dillər də istifadə oluna bilər.
Təəssüf ki, qanunda ticarət obyektləri üçün küçə reklamları ilə bağlı müddəalar mövcud olsa da, ticarət obyektlərinin adlarının olduğu lövhələrin tənzimlənməsi həll edilməmiş qalır.
Son illər Avropa ilə birləşməkdən (inteqrasiya) tez-tez danışırıq. Amma unutmayaq ki, biz Avropaya öz milli dəyərlərimizlə, mədəniyyətimizlə, dilimizlə yaxınlaşmalıyıq. Öz dilimizə hörmət etməsək, avropalılar bunu etməyəcəklər.
Şəhərimizin çıxışında, “Asan Xidmət”in əks tərəfində bir qonaq evi (mehmanxana) fəaliyyət göstərir. Çox gözəl. Müasir dövrdərayonda belə bir şəraitli, qonaqlarımızın rahatlığını yüksək səviyyədə təmin edən bir yerin olması ürək açandır.Lakin… Gəlin, qonaq evinin adına diqqət yetirək: “Royal Xan Palace”. Qonaq evinin yola yaxın hissəsində, hər iki tərəfdən istiqamətverici plakatlar da xarici dildə yazılıb. İstiqamətverici lövhəni anladıq ki, turistlər üçün lazımlıdır. Amma birinci öz dilimizdə yazılmalıdır axı…
Şəhərimizdə Fransanın, əhalisinin 400 mindən çoxu erməni olan Versal şəhərinin adını daşıyan şadlıq evi var. Maraqlıdır, niyə məhz Versal?
Heydər Əliyev prospektində, şəhər bələdiyyəsinin yerləşdiyi binanın digər hissəsində məktəbəqədər hazırlıq kursu fəaliyyət göstərir. Adı da… Bu hazırlıq kursunun böyük hərflərlə yazılmış (şəklə bax) adı doğrudanmı heç kimin diqqətini çəkməyib?
Şəhərimizdə millilikdən, dilimizdən uzaq və xəbərsiz o qədər mağaza, gözəllik salonunun və s. uyğunsuz adları var ki, saymaqla qurtarmaz. Biz bu mövzuya bir də qayıdacaq, “Estelita”, “Bella”, “Damla gold” və bu kimi adlarla dilimizə böyük zərbə vuran, onu qəlizləşdirən belə obyektlərdən yenə söhbət açacağıq…
Adil MİSİRLİ