Bir müddət öncə Ağcabədi rayon Heydər Əliyev prospektində yerləşən 5 yaşayış binasının sakinləri tərəfindən “Dünya” Ana və Uşaqlar İctimai Birliyin Ağcabədi Regional bölməsinə müraciət olundu. Sakinlər binaların həyətinin otlarının biçilməsi, həyətlərin təmizlənməsi, uşaq meydançalarının dezinfeksiya olunması ilə bağlı istək və arzularını həyata keçirməkdə yardımçı olmağımızı istəyirdilər. Biz dərhal rayon icra hakimiyyətinə müraciət etdik. RİHB-nin birinci müavini Rövşən Əhmədov bizi səbr və təmkinlə dinlədikdən sonra məsələ ilə maraqlandı, lazımi köməkliyin olunacağını bildirdi. Sonra biz Ağcabədi Rayon Kommunal Xidməti və Mənzil İstismar İdarəsinin rəisi Anar Şirinovla görüşdük. Səhəri gün binanın həyətində şəxsən Anar müəllimin öz nəzarəti altında komanda şəklində işlər görüldü. Hətta binalardan birində yaşayan tənha qadın Gülüstan nənənin eyvanının külək qırmış dam örtüyü belə təmir olundu. İndi binamız çox təmiz və səliqəlidir.Binanın sakinləri və “Dünya” Ana və Uşaq İctimai Birliyi adından bu işdə bizə dəstək olan, eləcə də komandada ürəklə və həvəslə çalışan şəxslərə minnətdarlığımızı bildiririk. Arzu edirik ki,rayonumuzun hər yeri həmişə belə abad və təmiz olsun.
Sevinc Quliyeva
“Dünya” Ana və Uşaqlar İctimai Birliyinin
Ağcabədi Regional bölməsinin sədri