Barama tədarükü üzrə cari təsərrüfat ili Köyük kümçüləri üçün uğurlu olub. Onlar məhsuldarlığa görə rayonda birinci nəticə göstəriblər. Ağcabədi Rayon İcra Hakimiyyətinin Köyük kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Azər Quliyevin sözlərinə görə, sözügedən kənd baramaçıları götürdükləri 25 qutu ipəkqurdunu yüksək aqrotexniki qaydada bəsləyərək, 1376 kiloqram məhsul istehsal ediblər.
Kümçülər hər qutudan, orta hesabla, 55 kiloqram barama götürməyə nail olublar. Xatırladaq ki, Köyüklülər ötən 2020-ci ildə hər qutudan 42 kiloqram barama əldə ediblər.
Azər Quliyevin dediyi kimi, bu il 18 nəfər kənd sakini götürdüyü 25 qutu ipəkqurdunu daha yaxşı saxlamaqla belə bir uğura imza atıblar.
Köyüklü kümçülər arasında barama təhvilində Ədalət Aslanov, Gəncəli Qəhrəmanov, Elgün Həsənov, Müqabil Hacıyev, Əkrəm Həsənov, Natiq Qədimov, Füzuli Qəhrəmanov və başqaları fərqləniblər.
Kənd kümçüləri ipəkqurdunun bəslənilməsində onlara göstərilən yüksək diqqət və qayğıya görə Ağcabədi Rayon İcra Hakimiyyətinə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.
Yəhya PAŞAZADƏ