Qəribsəyən yollarda xarı bülbülün ətrini duymaq üçün qürurla bizə zəfəri yaşadan şəhidlərimizi ailələrinin onlar haqqındakı xatirələri ilə ata, qardaş, oğul, dost kimi tanımaq istədik.
26 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olan Fəryadla bağlı ailəsinə sual verərkən çəkinirdim. Oğul dərdi ilə yanan ananı yenidən alovlandıraram deyə… Qorxduğum oldu. Qəhrəmanımızla bağlı soruşanda ananın hönkürtüsü bu odun heç zaman sönməyəcəyini göstərirdi. Böyüdüb, boya-başa çatdırdığı övladından keçmiş zamanda danışmaq onun üçün çox ağır idi. Axı balasının arzusu yarım qalmışdı. Saraylara bənzəyən evi olacaqdı, anasına söz vermişdi, onu saray kimi evdə yaşadacaqdı. Amma tale elə gətirdi ki, ana oğlu ilə bərabər addımlayacağı yolu indi oğlunun əşyaları yığılmış guşəyə baxaraq addımlayacaq. Guşədə gözümə balaca, səliqəli bükülmüş bağlama sataşdı. Bu nə bağlama idi axı? Maraqlanıram, soruşuram anadan… Şəhadətə ucaldığı Qubadlı torpağı və gül şəhidimizin cibindən çıxıbmış. İz saldığı torpaqlardan qalan yadigar idi o torpaqla gül.
Bilmirəm niyə amma ən şirin davalar da, barışıqlar da bacı-qardaş arasında olur. Qardaş hər vaxt bacının ümid yeri, dayağıdır. Bəlkə elə buna görə şəhidimizin bacısı Nərmin onun haqqında danışarkən hələ də ümidli idi: “Mənə ata kimi qayğı ilə yanaşardı. Çox yaxşı qardaş idi, heç kimi incitməz, səssizliyi sevərdi. Onunla əkiz kimi böyümüşdük. Bir-birimizin hərəkətlərin təkrarlayar, eyni şeyləri istəyərdik. Məktəbi bitirəndən sonra əsgərliyə getdi. Və heç bir qüsursuz hərbi xidməti başa vurdu. Anama çox bağlı idi. Elə anam da ona çox bağlanmışdı
Müharibə başlayanda qardaşım dedi ki, mən orda olmalıyam. Cəbhəyə yola düşdüyü gün maşına əyləşəndə səsləndim ki, dayan axı, mən səninlə görüşmədim. Qucaqladım, hər iki üzündən öpdüm. Üzündəki o saf təbəssümü ilə “Gör qardaşın nə igidliklər göstərəcək” dedi və elədi. Təzə geyimlər almışdı. Tapşırdı ki, paltarlarım təzədi, ana, saxla gələcəm. Hər dəfə danışanda “Qorxmayın biz burda sizi qoruyuruq” deyirdi. Son gün danışanda da hər şeyin yaxşı olduğunu, qayıdacağını dedi. Amma qayıtmadı…”
Fəryad və onun timsalında minlərlə igidlərimiz qayıtmasalar da sübut etdilər ki, belə oğullarımız var olduqca bu vətən, torpaq əmin əllərdədir.
Rəmziyyə HƏSƏNOVA