Şəhidin ev muzeyi açıldı

Bu günlərdə şəhərimizdə şəhid Akif Abbasovun ev muzeyinin açılışı olmuşdur. Şəhidin doğulub boya-başa çatdığı yaşayış evinin tam bir otağını təşkil edən muzeyin tavanında və divarında işıqlar Azərbaycan bayrağı rəngdədir. Muzeydə Akifin keçdiyi qısa və mənalı həyat yolundan bəhs edən şəxsi əşyalar, şəkillər, onun haqqında mətbuatda yazılanlar toplanmışdır. Burada otağın divarından birində rəssam şəhidin bütün divar boyu şəklini çəkmişdir. Təbrizdə toxunmuş, üzərində şəhidin əksi olan xalça da ziyarətçilərin marağına səbəb olur. Muzeydə diqqəti çəkən bir çox əşyalar var. Bunlardan biri də hələ Akif 3-cü sinifdə oxuyarkən sinif lövhəsinə böyük hərflərlə təbaşirlə yazdığı Azərbaycan sözünün şəklidir.

Şəhid Akif Elşən oğlu Abbasovun ev muzeyinin açılışında vaxtı ilə oxuduğu Ağcabədi şəhər 1 saylı tam orta məktəbin müəllim və şagirdləri, şəhidin yaxın qohumları, bu sətirlərin müəllifi Xəzangül Qədimli iştirak etmişlər. X.Qədimli şəhid Akif Abbasova həsr etdiyi şeirin özünə yer tapdığı “Sinəsi qandan Laçınım” adlı yeni kitabını muzeyə təqdim etmişdir.

Ev muzeyinin açılışında iştirak edənlər şəhid Akif Abbasov haqqında söhbət açmış, xatirələrini bölüşmüşlər. Sonda şəhidimizin ölməz ruhuna dualar oxunmuşdur.

Xəzangül QƏDİMLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər