Onlar əvvəlcə doğulub, boya-başa çatdıqları gözəl Laçını itirmişdilər. Laçın işğal olunduqdan sonra məcburi köçkün kimi Ağcabədiyə pənah gətirdilər. Sonra da Vətən müharibəsində minbir əziyyətlə böyüdüb, boya-başa çatdırdıqları qəhrəman övladlarını itirdilər.
Söhbət şəhid Nəcəfov Etibar Mehman oğlunun ailəsindən gedir. Bu ailə ilə görüşüb igid döyüşçü haqqında çox şeyləri öyrənə bildim.
Etibar Ağcabədi rayonunun Aran kəndində məskunlaşmış Mehman Nəcəfovun ailəsində dünyaya göz açmışdır. O, heç vaxt Laçını görməyib, bulaqlarından su içməyib, çəmənliklərindən çiçək dərməyib. Lakin erməni əsarətində olan Laçına bəslədiyi məhəbbət hissi anasının beşik başında çaldığı laylalardan canına, qanına hopmuşdu. Ona görə də mənən bağlandığı Laçın torpaqlarını düşmən caynaqlarından xilas etmək onun ən böyük arzusu idi.
Düşmənə sonsuz nifrəti sinəsində barıta çevirən gənc bu istəklə də könüllü olaraq II Qarabağ savaşlarına qatılıb. O, Cəbrayıl, Qubadlı istiqamətlərində gedən döyüşlərdə qəhrəmancasına vuruşub, erməni faşistlərinə ağır zərbələr vurub. İgid əsgər qorxu bilmədən döyüşdən-döyüşə atılıb, hünəri ilə hər kəsi heyrətə salıb.
Xalqımızın cəsur övladı Qubadlı uğrunda gedən döyüşlərin birində qəhrəmancasına həlak olaraq, şəhidlik zirvəsinə ucalıb.
Şəhidin ailəsi ilə görüşən zaman atası Mehman, anası Gülşən xanım ondan qürurla, ürəkdolusu danışdılar. Valideynlər bir vaxtlar özlərinin, indi isə bütün Azərbaycanın övladı olan Etibarın keçdiyi qısa, lakin şərəfli həyat yolundan söhbət açaraq, onun heç vaxt unudulmayacağını, xatirələrdə həmişəlik yaşayacağını iftixar hissi ilə bildiriblər.
Etibar zənglərinin birində anasına deyib ki, əgər şəhid olsam, heç vaxt pis olmayın. Bilin ki, vətənimiz uğrunda şəhid olmuşam. Vətən sevgim qoy mənim yadigarım olsun. Gülşən xanımın qəhrəman oğlundan yadigar qalan bir üzüyü mənə göstərdikdə qəlbim riqqətə gəldi, kövrəldim, özümə yer tapa bilmədim.
Ata və ana danışdıqca Etibarın cəbhələrdə nümayiş etdirdiyi qəhrəmanlıq, hünər, qəlbinin tükənməz arzuları gözlərim önündə bir lent kimi canlandı.
Çox şükürlər olsun ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər Milli Ordumuz erməni faşistlərini darmadağın edib, torpaqlarımızı azad etməklə Etibarın, bütün şəhidlərimizin qisasını almağa nail oldu.
Rahat uyu, ruhun şad olsun, elimin yenilməz oğlu! Sənin adın daim dilimizin əzbəri olacaq, qəlblərdə əbədi ünvan tapacaq.
Xəzangül QƏDİMLİ