Adını yaddaşlara həkk etdirən qəhrəman

         Azərbaycan əsgərinin gücündən müharibə başlayana qədər mənfur qonşumuz və ona havadar olan ölkələrin əhalisi demək olar ki, xəbərsiz idi. Bir xalq olaraq dəmir yumruq ətrafında sıx birləşərək, əzəli torpağımız olan müqəddəs Qarabağı 44 gün ərzində azad etdik. Bunun nəticəsində Ermənistan və düşmən ölkələr öz hesablarını ömürlük götürdülər. Əlbəttə ki, bu qələbədə Silahlı Qüvvələrimizin bütün qoşun növlərinin – XTQ, DSX, HHQ və digərlərinin misilsiz əməyi vardır. Bu torpaqlar məhz belə igidlərimizin canları, qanları bahasına əldə olundu. Şükürlər olsun ki, müqəddəs məqsədimizə nail olduq. Bayaq vurğuladığım kimi düşməndən torpaqların alınmasında, ərazi bütövlüyümüzün təmin edilməsində iştirak edən Əliyev İntiqam Oqtay oğlundan söz açacağam. O, 1999-cu ilin aprel ayının 12-də Ağcabədi rayonunun Şahsevən kəndində anadan olub. 2005-2016-cı illərdə Şahsevən kənd tam orta məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra sıravi işlərdə çalışmışdır. İgidimiz hərbi xidmətini 2016-cı ilin aprel ayından 2017-ci ilin oktyabr ayınadək Şəmkir rayonundakı “N”saylı hərbi hissədə kəşfiyyat bölüyündə xidmət etmişdir. Fiziki bacarıqlarına, hərbi biliklərinə görə komandir tərəfindən Fəxri Fərmanla təltif olunmuşdur. 2018-2019-cu illərdə Beyləqan rayonunda “N” saylı hərbi hissədə çavuş rütbəsi ilə tankçı kimi xidmət edib. 2019-cu ildə hərbi hissəyə Xüsusi Təyinatlı Qüvvələrinin bir qrup yüksək rütbəli hərbi qulluqçusu gələrək, Komando təməl adı altında 6 ay kurs keçmişdir. İntiqam fiziki və nəzəri hazırlıqlardan uğurla keçərək XTQ tərəfindən kiçik gizir rütbəsi almış, onların sırasına qoşulmuşdur. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayanda Xüsusi Təyinatlıların giziri kimi Kəlbəcər rayonunun Murovdağ, Ömər aşırımı, Hadrut qəsəbəsində, Cəbrayıl rayonunda şərəfli döyüş yolu keçmişdir. O, düşmənin canlı qüvvəsinə xeyli itki vermişdir. Özünün də dəqiqliklə xatırlamadığına görə, yaralı vəziyyətdə olmasını əsgər yoldaşları xəbər verib. 2020-ci il oktyabrın 15-də Cəbrayılda döyüş vəzifəsini icra edərkən qratdan açılan atəş nəticəsində çox ağır yaralanmışdır. Onun bildirdiyinə görə, şəhid XTQ giziri Qəzənfər Mütəllimov təxliyə edəndə yenidən snayperlə vurulduğunu demişdir. Tamamilə huşsuz vəziyyətdə hospitala gətirilən qazimiz bir neçə dəfə ağır əməliyyatlar keçirmişdir. Hazırda səhhəti normallaşan İntiqam gəncləri vətənpərvər olmağa ana vətəni canla qorumağa çağırmışdır. Döyüşlərdə fəal iştirakı nəzərə alınaraq ölkə başçısı tərəfindən “Şücaətə görə”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.

Hüseyn QULUZADƏ

Şərhlər