Gənc nəslin sağlam ruhda böyüməsi, milli ruhda tərbiyə olunması biz müəllimlərdən gərgin zəhmət tələb edir. Əgər şagirdin ruhu vətən sevgisi ilə köklənirsə onu bu sevgidən, bu istəkdən heç nə döndərə bilməz. Ulu öndərimiz bu barədə demişdir: “Gərək gənclərdə yüksək vətənpərvərlik ruhu, sağlam münasibətlər olsun. Gərək bizim orduda Azərbaycanın dövlətçiliyinə daim sədaqət olsun”.
Bu sözlər 44 günlük müharibədə öz təsdiqini tapdı. Müharibədə rayonumuz 43 nəfər şəhid verdi. Ancaq biz bundan qürur duyuruq. Çünki qələbədə bizim müəllim həmkarlarımız, övladlarımız, könlünü damla-damla vətən eşqi ilə aşıladığımız şagirdlərimiz qanlı döyüş meydanından bir addım belə, geri çəkilmədilər. Qələbə sevincini xalqımıza yaşatmağı bacardılar. Onlar bir daha sübut etdilər ki, bu xalq sülhsevərliyi, tolerantlığı ilə yanaşı, mübarizliyi, haqq savaşında dönməzliyi ilə də seçilir. Onlar döyüş meydanında, şaxtalı, soyuq payız günlərində xalqımıza qələbə müjdəsini bəxş etməyi bacardılar. Bu işdə müəllimlərin də rolu danılmazdır. Yenə də ulu öndərimizin bir fikri diqqətimi çəkdi: “Gənclərimiz milli ruhda tərbiyə olunmalıdır. Onlar bizim milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz ədəbiyyatımızı, tariximizi yaxşı bilməlidir. Böyüməkdə olan gənclər bizim keçmişimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir. Milli dəyərlərimizi, milli ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz.
Göstərilən məziyyətlər şagirdlərə məktəbdə təlqin olunur. Mən deyərdim ki, hər bir dil dərsi, ədəbiyyat dərsi, tarix dərsi vətənə məhəbbət hissi ilə başlayıb, onunla da sona çatmalıdır. Ötən əsrin 60-cı illərində biz orta məktəb şagirdləri idik. Dərsliklərdə S.Vurğunun “Ananın öyüdü”, S. Rüstəmin “Ana və poçtalyon”, M.Rahimin “Leninqrad göylərində” əsərlərini müəllimlərimiz bizə elə şövqlə öyrədirdi ki, özümüz də bir qəhrəmana çevirilirdik.
1969-cu il idi. Ağcabədinin ədəbiyyat müəllimlərinin arasında seçilən Sara Qasımova bizə müharibə mövzusunda fikirlərimizi yazmağı tapşırmışdı. Çox fikirləşdim, axırda bu sözləri yazdım:
Müharibə ölüm və qan gətirdi,
Gəlmədi nənəmin bir cüt qardaşı.
Gənc analar qara kağız aldılar,
Bacılar dondular, sanki laldılar.
Biri dedi: xalam oğlu əsirdir,
Biri dedi: əziz dayım gəlmədi.
Atamın hamıdan əziz bildiyi
Mənim bircə əmi payım gəlmədi.
Sara müəllim 3 vərəq inşa yazanlara qorxa-qorxa yazdığım bu 8 misranı nümunə gətirdi. O gündən mənim inşa yazılarım diqqətlə oxundu və mənə məsləhətlər verildi.
Müəllim yaradıcı olmalı, sinifdənxaric oxu dərslərində elə mövzular seçməlidir ki, şagird vətən sevgisini həmin mövzulardan alsın. Şair M.Arazın “Vətən mənə oğul desə, nə dərdim…” misrası ilə başlanan şeirinin əsas qayəsini anlayan şagird vətəndən kənarda özünü xoşbəxt hesab edə bilməz. M.Araz yazır:
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Eləcə də şair Məmməd İsmayıl “Vətən kiçilməz” adlı şeirində Vətənin kiçilməzliyini, alınmaz qala olduğunu belə ifadə edir:
Dostu bu dünyada seçib tapırlar,
Dost düşmən seçilər, Vətən seçilməz.
Qayanı yararlar, dağı çaparlar,
Daş, qaya kiçilər,vətən kiçilməz.
Keçilməz qaladır, vətən keçilməz.
Bəli, Vətənin keçilməz olduğunu şanlı ordumuzun qəhrəman oğulları 44 günlük xoş müjdəli savaşda və eləcə də işğaldan azad olunacağı gün hamımıza xəyal kimi, görünən Şuşanın azad olunması zamanı sübut etdilər.
Mən bu yazını yazarkən həmyerlimiz Adil Misirlinin “Sevincin kədəri” kitabını vərəqlədim. Müəllifin “Şəhidlər” adlı yazısında bir neçə cümlə və misra diqqətimi çəkdi:
– Şəhidim! Mən də sənin kimi ola bilsəydim özümü xoşbəxt sanardım. Vətənin, torpağın başına pərvanə tək dolanardım. Öz oğul borcumu vətənə verərdim:
Yanıb külə dönsəm,
Nə dərdim.
Vətən torpağını
Bir ovuc böyüdərdim…
Biz sabaha bu ümidlə baxmalı, gənclərimizi bu ruhda tərbiyə etməliyik.
Zəhra İbrahimova,
Əməkdar müəllim