Ağcabədili yazıçı, həkim – Nurəddin Qənbər

            Мirzәyev Nurəddin Qənbər oğlu 1933-cü ildə Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub. 1957-ci ildə N.Nərimanov adına Tibb İnstitutunu bitirib. Göndərişlə 1957-1961-ci illərdə Türkmənistanda cərrah işləyib. Vətənə dönəndən sonra Ağcabədidə rayon Mərkəzi Xəstəxanasında cərrah-həkim, daha sonra isə baş həkim vəzifəsində çalışıb. Uzun illərdir ki, Akademik Mirqasımov adına Respublika Klinik xəstəxanasında cərrah işləyir. Səhiyyə Nazirliyi Elmi-Tədqiqat İnstitutları, tibb müəssisələri tərəfindən 10-dan çox fəxri fərmanla təltif olunmuşdur. Respublikanın fəxri cərrahıdır.

O, uzun illərdir ki, bədii yaradıcılıqla da məşğul olur. Onun romanları, povest və hekayələri, çoxlu bədii-publisistik yazıları dövrü mətbuatda və eləcə də kitab halında dəfələrlə nəşr olunmuşdur. N.Qənbər Azərbaycan Yazıçılar Birliyinin üzvü və Azərbaycan Kütləvi İnformasiya Vasitələri Həmkarlar İttifaqının “Qızıl qələm” fəxri media mükafat laureatıdır.

Əsərləri:

  1. “Kiçik qardaş”. B., “Gənclik”, 1979, 258 s, 15 000 nüs.
  2. “Qara söyüd”. B., “Gənclik”, 1986, 206 s, 1000 nüs.
  3. “Povestlər”. B., “Yazıçı” 1992, 314 s, 1000 nüs.
  4. “Başsız meyit”. B., “Yazıçı”, 1992, 194s, 500 nüs.
  5. “Məzəli əhvalatlar”. B., “ADKP”, 1998, 248s, 1000 nüs.
  6. “Meymunun dəfni”. B., “ADKP”, 1998, 2666s, 500 nüs.
  7. “Pyeslər” . B., “Gənclik”, 2002, 292 s, 500 nüs.
  8. “Söyüdlü mənbədən başlanan uğur”. B., “Gənclik”, 2002, 144s, 500 nüs.
  9. “Dörd roman”. B., “Şirvannəşr”, 2006, 98s, 500 nüs.
  10. “Olmuş duzlu-məzəli və düşündürən əhvalatlar”. B., “Adiloğlu”, 2007, 66 s, 500 nüs.
  11. “Meymunun dəfni”. B., “Adiloğlu”, 2007, 100s, 500 nüs.

Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir

Aranqazeti.az müəllifin bir hekayəsini sizlərə təqdim edir

“HƏKİM BULAĞI” NIN YUXUSU

            Şapka kimi günlüyü olan qaya altından yırtıq-şırılğan gözü tapıb, aşağıdakı ləpələnə-ləpələnə axan çaya yorğan şəkilli yer eləyib tökülən, buz kimi, billur saf suyu olan balaca bulaqcıq Allah bilir neçə illərdi mütamadi səssiz-səmirsiz axıb gedərdi.

            Hər yaz-yay fəsilləri gələndə onun həndəvərində (qayaüstü, yastı yamacda) istirahətə gələnlərin gözündə bu kiçik şırıltılı çeşmənin dup-duru buz kimi sərin suyu, əllərinizdə su qabı, çiyinlərində səhəng, güyüm dolça götürüb bulaq başına toplaşan gəlinlərin-qızların şaqraq gülüşləri dağlarda əks-səda verərdi.

            “Turş su”yun zirvəsindən dərə aşağı uzanan həmişə yaşıl meşəlik, çalma-otlaq yerlərin, göz ofsunlayan axarlı-baxarlı yerləri o vaxtı “Leso qor” sovxozunun təsərrüfatı yerləşən məskən sayılardı. Laçın rayonunun sol səmtindən ağzı-aşağı dərin-uçurumlu dərəyə baxanda, adamı fəhm hissi basırdı. Dərənin sıralanan şam ağacları, ta “Çənlibel”ə qədər uzanırdı. Yamacda (yastı yerdə), sovxozun mal-qarası, sürüsü qışlamaq üçün, yan-yana tövlələr düzülmüşdü.

            Günlərin bir günü, tufan qopdu, ildırım çaxdı, şimşək oynadı, sanki göy yerə enəcəkdi, yağış sel kimi tökdü, göydən dənələri “mərmi” kimi səpələndi.

            Dağ döşündən dərə aşağı nəriltinin, gurultuynan axıb gələn sel qabağına düşəni altına basıb aparırdı.

            Şapka kimi günlüyü olan qayanın da üstündən aşıb, körpə bulaqcığı altına alıb və süpürüb gətirdiklərini basdı bulaqcığın gözünə…

            Bulağın gözləri “Kor” oldu, şırıltısı kəsildi, suyu qurudu… Körpəcə bulaq əl qatdı özünə, göz yaşları axıtdı, ətraflara hay-haray saldı, səs çıxmadı, boğazı tıxanmışdı boğulurdu… Üstünü örtən “Şapka”lı daşın sinəsi qalxdı-endi…

            Qara günlər başlamışdı.

            Bir azdan hava səngidi. Tufan məşəqqət eşidilməz oldu. Daha nə şimşək çaxırdı, nə dolu tökülürdü, nə də sel kimi aşıb-daşan leysan yağış vardı. İstirahətə gələnlər ikibir-üçbir mağırdan-alacıqlardan çıxıb, mağırların ətəklərini belinə qatlayırdılar…

            Qəflətən uşaqlar xəbər gətirdilər ki, qayaaltı bulaqcığın gözü tutulub, suyu quruyub. Obada əli bel tutan, dizi bərk, qolu qüvvətli insanlar ayağa qalxdılar. Sən demə yaylaqlananların arasında bir nəfər həkim var imiş. O, sinəsini irəli verib dilləndi:

            – Ay camaat narahat olmayın mən hər şeyi həll edərəm.

            Həkim obadakı colma-cocuq yeniyetmələri yığıb işə başladı. Endilər qayaaltı bulaqcığın üstünə. Bulaqcığın üstünü örtən daş-torpaq, zir-zibil örtüyünü tamam kamal təmizlədilər. Bulağın gözlərini tıxac edən, qapayan lil-qum-cınqıl örtüyündən təmizlədilər. Gözlüklər açılan kimi buz-büllur su aşıb-daşdı, bulaqcıq sevindi, şırıltılı, şaqqıltılı-şaqraq gülüşləri qayaaltına əks-səda verdi…

            -Uşaqlar dedi-həkim biz bu işi yarımçıq qoymayaq. Mən nə desəm onu yerinə yetirin…

            Hamı xor səslə “baş üstə” deyib, alqışladılar. Çayların xırda daşlarından yığdılar bulağın səmtinə gil qarışıq palçıq qatışdırıb, bulağın həndəvərini hördülər. Divarın ortasında əməlli-başlı cərhovuz yarandı. Həkim qol yoğunluğunda gödək boru tapıb gətirdi. Borunu hördülər bulağın ön hissəsindən (çaya axan səmtindən) divarın içinə. İndi hovuzda su boru vasitəsilə axıb çaya gedirdi.

            Yox bununlada kifayətlənməqi həkim.

            “Liso qor” sovxozun tövlələri səmtindən lay dəmir parçası tapıb gətirdi. Dəmir parçasını bulağın üstünə örtüb, daşla hördülər gil-palçıqla suvardılar. İndi gəlinlər-qızlar dolça ilə su yığmırdılar. Su qablarını qoyurdular, borunun altına doldururdular…

            Həkim xırda daşlardan bulağın alnına yazdı: (“Həkim bulağı”)

            O vaxtdan illər keçir. Çörəyi dizinin üstündə olan, qədirbilməz, nankor qonşularımızın xəyanəti ucbatından “həkim bulağı”na gedən yol bağlanıb “Liso qor” sovxozunun tövlələrinə gözətçi olan Qoşunalı kişidə didərgin-qaçqın düşüb…

            “Həkim bulağı”nın gözləri o vaxtdan yollardadır. Hər gecə yuxusunu qarışdırır. Yuxuda başına gələnləri, onu təhlükədən xilas edənləri görür. Onun üstünü hörən yeniyetmə, colmu-cocuqları görür, həkimi unuda bilmir. Ona öz adını qoyan və onu təmtərahla hamını heyran qoyan dağlar çeşməsi şəklinə salınmasında iştirak edənlərə rəhbərlik edən, xeyirxah həkimi unuda bilmir.

            Ümidini kəsmir. İnanır ki, bir gün gələcək onu yetim qoyub didərgin düşən insanlar yenə onun başına toplaşacaqlar – qızların – gəlinlərin şaqraq gülüşləri qulağından getmir…

            Məğrur ol, sən ey həkim bulağı!

            Sənin vaxtı ilə üstünü hörən – colma-cocuqlar, indi qolu qüvvətli, baldırı bərk cəngavər oğlanlardı. Yuxun bir gün çin olacaq!

            Onlar hamısı silaha sarılıb, səni yetimlikdən, torpaqlarımızı işğaldan azad edəcəklər! Bu gün yaxındadır!!

Mənbə: “Ağcabədi yazarları” kitabı

Şərhlər