Tariximizi, keçmişimizi, yerləşdiyimiz coğrafi mövqeyi nəzərə alsaq, bir xalq olaraq həmişə müxtəlif bəlalarla mübarizə aparmağımızın şahidi oluruq. XXI əsrdə qəddar düşmənimiz olan Ermənistan ilə keçən əsrin 90-cı illərində bizə qarşı ərazi iddiasında olaraq, mədəniyyət beşiyimiz olan Qarabağı işğal etdi. Onlar havadarlarının köməkliyi ilə çirkin niyyətinə nail oldular.
Ermənilər nəyi özlərinin hesab edərək özününküləşdirməyib ki? Mətbəximizi, musiqimizi, ərazimizi və digər amilləri adlarına çıxarırlar. Atalar yaxşı deyib: “Özgə atına minən tez düşər”. 2020-ci ilin sentyabrın 27-də Ermənistan digər rayonlarımızı işğal etmək niyyəti ilə hücuma keçdilər. Lakin Ali Baş Komandanımız İlham Əliyevin Sərəncamı ilə müzəffər ordumuz 44 gün ərzində Qarabağı işğaldan azad etdi. İşğaldan azad olunan torpaqlarda üçrəngli bayrağımız sancılmaqla əzəli torpağımıza əsl varisinin kim olduğunu dünya ictimaiyyətinə göstərdi. Onların az müddət ərzində hissə-hissə aldığı torpaqları qeyrətli vətən oğulları 44 gündə azad edərək ərazi bütövlüyümüzü təmin etdilər. Azərbaycanın tarixində yeni qəhrəmanlıq salnaməsini yazdılar. Əlbəttə, uşaqdan-böyüyə kimi hamımız onlara borcluyuq. Bu gün də ölkə başçısı tərəfindən şəhid ailələrinə və qazilərə hərtərəfli diqqət, qayğı göstərilir. Ağcabədi şəhərindən olan şəhid ailələri və qazilər də daim diqqət mərkəzində saxlanılır. Belə qazilərimizdən biri, Vətən müharibəsi iştirakçısı Qurbanov Kənan Samir oğludur. O, 1997-ci ilin avqust ayının 2-də Ağcabədi şəhərində anadan olmuşdur. Kənan orta təhsilini 2003-2014-cü illərdə Ağcabədi şəhər 5 saylı tam orta məktəbdə alıb. Sakit təbiətli bir insan olan Kənan oxuduğu məktəbdə 9-cu sinifə qədər əlaçı olmuşdur. Sonralar mebel işinə böyük həvəsi olduğundan maraq və sevgisini bu peşəyə yönəltmişdir. Kənan 2015-2017-ci illərdə Qaradağ rayonunda “N” saylı hərbi hissədə xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra yenidən əvvəlki peşəsi ilə məşğul olub. Əsgər yoldaşlarının şəhid olmasını heç vaxt unutmayan Kənan, Xocalı faciəsində körpə uşaqların, qadınların, ahılların vəhşicəsinə öldürülməsindən qəzəblənərək 2020-ci ilin sentyabrın 29-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Ağcabədi rayon bölməsində könüllü olaraq qeydiyyata düşərək rayonda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə yollanıb. Sentyabrın 30-da Beyləqana getmiş, oktyabrın 1-dən Füzuli istiqamətində döyüşlərə qatılıb. O, Alxanlı kəndində II korpusun tərkibində 216 nəfər əsgərlə birlikdə döyüşə qatılan igidimiz atıcı əsgər kimi vuruşmuşdu. Düşmənin xeyli sayda qüvvəsini məhv etmişdir. 2020-ci il oktyabrın 6-da Qaraxanbəyli kəndini işğaldan azad edən II korpus Aşağı Seyidəhmədli kəndi istiqamətində irəliləyərkən düşmən tərəfindən minamiyotlardan atəşə tutulub. Mühasirədən çıxmağı bacarsalar da, oktyabrın 8-dəki döyüşdə minamyotdan açılan atəş nəticəsində Kənan bədəninin müxtəlif nahiyələrindən yaralanıb. 10 günlük müalicə aldıqdan sonra o, oktyabrın 19-da Xocavənd və Qubadlı istiqamətindəki döyüşlərdə yenidən iştirak edir. Torpaqlarımızın azad olunmasında fəal iştirak edib. Noyabrın 3-10-a kimi Şuşa şəhərinin Daşaltı kəndindəki döyüşlərə qatılıb. O,yanvarın 10-a kimi Şuşa şəhərində hərbi xidmətini davam etdirib. Kənan Qurbanov döyüşlərdəki fəal iştirakına görə ölkə başçısı İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Qazimizə Allahdan can sağlığı arzu edirik.
Hüseyn QULUZADƏ