Yuxarı Qiyaməddinli kəndində daha 3 ev inşa edilib

         Qəzetimizin ötən sayında da qeyd etdiyimiz kimi Vətən müharibəsi dövründə rayonumuzun Yuxarı Qiyaməddinli kəndində düşmən top,  raket hücumları nəticəsində dinc sakinlərin evlərinə, mal-mülklərinə külli miqdarda ziyan dəyib.

Ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində evləri dağılmış, yaxud zərər çəkmiş sözügedən kənd sakinləri dövlət yardımları ilə təmin olunub, onlara məxsus evlərin yenidən tikilməsi, təmir edilməsi istiqamətində mühüm addımlar atılıb.

Ağcabədi Rayon İcra Hakimiyyətinin Yuxarı Qiyaməddinli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Orxan Şükürovun sözlərinə görə, daha 3 nəfər kənd sakininin tamamilə dağılmış evinin yerində dövlət vəsaiti hesabına müasir tipli, hərtərəfli şəraitə malik yeni binalar inşa edilib.

Görülmüş tədbirlər nəticəsində kənd sakinləri, Lazım Quliyevin ailəsinə məxsus 3, İradə Məmmədovanın ailəsinə məxsus 5 otaqdan ibarət yaşayış binasının tikintisi artıq başa çatdırılıb. Elmin Məmmədovun ailəsinə məxsus digər 3 otaqdan ibarət binada isə son tamamlama işləri aparılır. Adıçəkilən yaşayış binalarına içməli su və qaz xətləri çəkilməsi nəzərdə tutulub.

Kənd icra nümayəndəsi əlavə olaraq bildirib ki, ərazidə erməni hücumları zamanı zədələnmiş 167 evdən artıq 120-si təmir olunub. Digər zədələnmiş evlərdə də təmir işləri həyata keçiriləcək. Bundan başqa, kənddə yerləşən ziyan çəkmiş 5 qeyri-yaşayış binasında təmir işləri başa çatmaq üzrədir.

Kənd sakinləri göstərilən bu yüksək diqqət və qayğıya görə, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər