Dünya müsəlmanlarının həmrəyliyinin və qardaşlığının təntənəsi

Ölkəmizdə müstəqillik bərpa edildikdən sonra bütün dünya müsəlmanlarının həmrəylik və qardaşlıq rəmzi olan Qurban bayramının dövlət səviyyəsində qeyd olunması xalqla dövlətin birliyini, Azərbaycan xalqının öz milli və dini ənənələrinə sadiq olduğunu dünyaya nümayiş etdirib.

İslamın humanizm, bərabərlik və qardaşlıq prinsiplərinə sədaqətini həmişə nümayiş etdirmiş Azərbaycan xalqı əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə belə, Qurban bayramını böyük hörmət və məhəbbətlə qeyd etmişdir. Dövlət müstəqilliyinin bərpası ilə bu müqəddəs günün respublikamızın müsəlman əhalisi tərəfindən layiqincə bayram edilməsi üçün əlverişli şərait yaranmışdır. Bu bayram Azərbaycanda tolerantlığın təntənəsinə çevrilmişdir. Müxtəlif dini konfessiyaların nümayəndələri də bu bayram günündə Azərbaycan xalqının birlik və qardaşlığını nümayiş etdirirlər. Qurban Azərbaycan xalqının mənəvi birliyinin təntənəsidir.

Yüz illərdir ki, ayrı-ayrı xalqların və dinlərin nümayəndələri mehriban ailə kimi yaşadıqları Azərbaycanda qarşılıqlı hörmət və etimada əsaslanan nümunəvi birgəyaşayış mühiti mövcuddur. Bütünlükdə hər il ölkəmizdə rəsmi şəkildə qeyd edilən dini bayramlar mütərəqqi milli-mənəvi dəyərlərin və xeyirxahlıq duyğularının təntənəsinə çevrilir, cəmiyyətimizdə birlik və bərabərlik ovqatını daha da gücləndirir. Bütün bunlar Azərbaycanı dünyada tolerantlığın və multikulturalizmin nümunəvi məkanlarından biri kimi tanıdıb.

Müstəqil dövlətimizin qurucusu və memarı ümummilli Lider Heydər Əliyev hər il ölkəmizdə qeyd edilən dini bayramlar kimi Qurban bayramı münasibətilə dəxalqımızı təbrik etmişdir. Dahi rəhbər Qurban bayramında xalqa müraciətində inamla demişdir: “İnanıram ki, bu müqəddəs bayram günlərində Tanrınınbəxş etdiyi nemətlərə görə minnətdarlığınızı bildirməklə yanaşı, Azərbaycanın suverenliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün bərpa edilməsi, xalqımızın xoşbəxt həyata qovuşmasını diləyirsiniz. Əminəm ki, arzu və diləkləriniz Allahın köməyi və xalqımızın qeyrəti ilə həyata keçəcəkdir. Xalqımızın haqq işi qalib gələcəkdir. Şəhid balalarımızın ruhlarının şad olacağı gün – Vətən torpağının mənfur düşmən tapdağından tamamilə azad ediləcəyi və taleyinə qaçqınlıq, köçkünlük düşmüş həmvətənlərimizin öz doğma yerlərinə qayıdacaqları gün uzaqda deyildir. Ulu Öndər müxtəlif illərdə Qurban bayramını məcburi köçkün soydaşlarımızla birgə keçirmişdir. Bu gün bu ənənə Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Hər il Prezident İlham ƏliyevinAzərbaycan xalqına bayram təbriki ünvanlanır və xoş arzuları çatdırılır. Təsadüfi deyildir ki, Azərbaycan xalqının dini dəyərlərinə böyük ehtiram göstərən Prezident İlham Əliyev 2017-ci ili ölkəmizdə “İslam Həmrəyliyi İli” elan etmişdir.

Azərbaycan İslam mədəniyyətinin inkişafına daim böyük töhfə verir. İftixar hissi ilə qeyd etmək lazımdır ki, Respublikamız müsəlman dünyasının ayrılmaz parçası kimi tarix boyu İslam mədəniyyətinin inkişafına, tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə misilsiz xidmətlər göstərmişdir. Azərbaycanın İslam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin İslam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapmışdır. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin İslam həmrəyliyinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaratmışdır.

Xalqımızın mərd oğulları Qurban bayramında Allah yolunda hər bir fədakarlığa hazır olduğunu nümayiş etdirdiyi kimi Vətən müharibəsində də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Vətən naminə canından keçməyə belə, hazır olduğunu göstərdilər. Bu, Azərbaycan xalqının böyüklüyünün və öz ali dəyərlərinə sadiqliyinin ən parlaq təzahürüdür. Dərin tarixi kökünə, milli və dini dəyərlərinə ürəkdən bağlı olan igidlərimiz qanını və canını Vətən yolunda əsirgəmədilər. Bu gün Azərbaycanı ərazi bütövlüyünə qovuşduran, ay-ulduzlu bayrağı əzəli torpaqlarımızda dalğalandıran da xalqımızın öz yaddaşında, gündəlik həyatında qoruyub saxladığı bu dəyərlərdir. Vətən müharibəsində qazanılan Zəfər xalqımızın qurbanlarınınvə dualarının qəbul olunduğunun göstəricisidir.

Şərhlər