Kim bilərdi ki, 2020-ci ilin iyulunda başlanan Tovuz döyüşü elə həmin ilin noyabrında qazanılan Böyük Zəfərimizin ilk addımı olacaq.Həmin günlər keçirdiyimiz həyəcan,eləcə də bir məqsəd uğrunda birləşməyimiz bu xalqın necə böyük olduğunu bir daha sübut etdi. İgid oğullarımızı itirdik o günlərdə… Bir generalımızın ölümü isə xalqın səbr kasasını daşdırdı.Artıq heç bir güc bu qəzəbin qarşısında dayana bilməzdi… Dayana bilmədi də… Həmin günlərdə qələmə aldığım, “525-ci qəzet”də çap olunan “Polad zirvəzi” adlı yazıma bu gün bir az əl gəzdirmək istədim. Amma o hissləri, o günlərin yaşantılarını heç cür dəyişdirməyə əlim gəlmədi. Polad Həşimovun həlak olduğu gün bu yazını bir daha sizlərlə bölüşmək istədim
“Kitabi-Dədə Qorqud” dastanından bilirik, oğuzlar uşağa doğulan kimi ad vermirmiş. O böyüyər, özünü göstərər, igidliyinə, gücünə görə adı özü qazanarmış. Sonralar ad elə doğulan kimi, hətta doğulmamışdan öncə verilsə də, mən həmişə insanın adı ilə taleyi arasında bir əlaqənin olduğuna inanmışam. Eynən Polad Həşimov kimi…
Adı kimi möhkəm olan, nəfsinə, düşməninə, ədalətsizliyə boyun əyməyən Polad Həşimov. Ölümü ilə ölümsüzlüyə qovuşan, son günlər hamının daxilən danışdığı, xəyalı ilə söhbətləşərkən belə “Cənab general!” deyə pıçıldadığı Polad Həşimov…
Cənab general!
Bu günlərdə hamı Poladdır. Bütün sosial şəbəkə profillərindən, saytlardan, qəzetlərdən sizin nurlu çöhrəniz görünür. Hamı Polada oxşamaq, polad kimi əyilməz olmaq istəyir. Gözlər qəlbin aynasıdır, deyirlər. Təbəssüm dolu baxışlarınızdan nə qədər böyük ümid, nə qədər böyük sevgi oxunur. Hər dəfə üzünüzün işığı əks olunmuş bu fotolara baxanda oğullarımız yumruğunu düyünlədi bu qan yerdə qalmamalıdır deyə. Hər dəfə bu fotolara baxanda qızlarımız köks ötürdü, için-için ağladı, bu qamətə, bu yaraşığa qıyılarmı deyə. Hər dəfə bu fotolara baxanda anaların içindən bir fəryad qopdu, belə igid balaya qalxan əllər qurusun deyə… Hər dəfə bu fotoları görəndə ataların çiyinlərindəki yükün üstünə bir Polad ağırlığı da çökdü, sizin böyüklüyünüz boyda daha bir dərdi də daşımalı oldular… Hələ dünyanın gerçək üzündən xəbərsiz balacaların, uşaqların sizi bapbalaca ürəklərinə necə sığdırdıqlarını görəydiniz kaş…
Cənab general, döyüş vaxtı ancaq kasıb-kusubun balaları, uşaq-muşaqlar şəhid olur deyərək ruhdan düşənlərə göstərdiniz ki, döyüşlərdə general da olur, general da can verir. Siz və sizinlə birgə həlak olan oğullarımız sübut etdiniz ki, vətən sevgisi böyüyə-kiçiyə, varlıya-kasıba, sağlama-xəstəyə baxmır. Bu hiss ya var, ya da yoxdur. Qalanı bəhanədir.
Sizdən sonra xatirələriniz danışıldı, yazıldı. Ölənin ardıyca qohum-əqrabanın, dost-tanışın yaxşı danışması adətdir. Buna alışmışıq. Amma sizin haqqınızda yazanlar və danışanlar buna məcbur deyildilər. Onlar sadəcə qəlblərinin diktəsi ilə sizinlə bağlı təəssüratlarını və xatirələrini bölüşdülər. Və bu xatirələri oxuduqca anladıq ki, biz sadəcə general itirməmişik. Biz böyük bir insanı – gözütox, qəlbi geniş, mühafizəkar, qayğıkeş, vicdanlı, sözdə yox, əməldə də vətənpərvər olmağı bacaran bir insanı itirmişik. Təəssüf hissi keçirərək, sizi vaxtında tanımadığımız üçün özümüzü qınayaraq oxuduğumuz xatirələr bir insanlıq dərsidir.
Cənab general, o xatirələrin birində yazırlar ki, məzuniyyət haqqından istifadə etmiş əsgərlərinizdən biri ata olubmuş. Baxmayaraq ki, məzuniyyətdən yeni qayıdıbmış, onunla danışmış, ondan razılıq edildiyini söyləyərək növbədənkənar, 10 günlük məzuniyyət vermiş, özünüz maşınla yola salmış, ata olmaq sevincini doya-doya yaşamasına imkan yaratmışdınız. Həmin əsgər verdiyiniz zərfi evdə açarkən içində yazdığınız təbrikin və müəyyən qədər pulun olduğunu görübmüş. Bilirsiniz niyə xatırlatdım bunu? Yaşar… Tovuz rayonu istiqamətində gedən döyüşdə həlak olmuş Yaşarımıza deyin ki, 8 illik həsrətinə son qoyuldu. Onun da bir balası gəldi dünyaya. Deyin… Deyin ki, hər şey istədiyi kimi oldu. Anası qurban kəsib payladı. Deyin ki, ciyərparasına onun sevdiyi adı verdilər. Narındır bapbalaca, şipşirin balanın adı. Atasının yadigarı Narın! Tovuzda sönən ulduz Ağstafada yenidən parladı.
Cənab general, deyirlər ki, dövlətin sizə verdiyi mənzili bir şəhid ailəsinə bağışlayıbmışsınız. Özünüz yaşamamısınız həmin mənzildə. Amma siz milyonların ürəyini özünüzə mənzil etməyi bacardınız. Milyonların ürəyində əbədi yaşamaq haqqı qazandınız.Yeni mənzilləriniz mübarək!
Cənab general, onu da deyirlər ki, əsgərlərə “uşaqlarım” deyir, işə gedəndə onlar üçün diş məcunundan belə alıb aparırmışsınız. Generalın diqqətindən yayınmayan kiçik ehtiyac… Diş məcunu… Və bu xırda ehtiyacları da diqqətində saxlayacaq qədər böyük İNSAN!
Uşaqlarınızdan muğayat olun. Deyin ki, rahat uyusunlar. Deyin ki, bu qan yerdə qalmayacaq. Deyin ki, Azərbaycan xalqı yumruq kimi birləşməyi bacarır, birləşdikdə böyük olur, özünü sübut edəcək qədər böyük… Deyin ki, o gün uzaqda deyil. Deyin ki, çox söz danışacaqlar, insanlarımızı kiçiltməyə çalışacaqlar, aciz olduğumuzu söyləyəcəklər, ruhdan salmaq istəyəcəklər, amma alınmayacaq… Çünki biz məhz bu günlərdə 1990-cı ildə, 2016-cı ildə göstərdiyimiz birliyin təsadüf olmadığını bir daha anladıq və anlatdıq. Sübüt etdik ki, bu xalq qadını-kişisi ilə, varlısı-kasıbı ilə, qocası-cavanı ilə birgə əl-ələ verməyə, torpaqlarımızın azadlığı uğrunda uf demədən canını qurban etməyə hazırdır və israrlıdır. Zəfər çalacağına inamlıdır. Bunun üçün insanlarımız bir əmrə bənddir… Sadəcə bir əmrə…
Hə, bir də deyirlər Azərbaycan mühitində belə insan yetişməsi inanılmazdır. Deyirlər, təhsil aldığınız ölkənin təsiri olub belə vicdanlı olmağınızda. O zaman ananızın söylədiyi bir fikri xatırladıram: “Döyüş əmri verilsə, döyüşə bilməsəm də, yeməyinizi bişirib, corabınızı yuya bilərəm”. Bu sözləri deyən ananın oğlu başqa cür düşünə bilərdimi? Hər kəs əmin olsun ki, bu oğullar elə Azərbaycanda yetişir, bu cür anaların tərbiyəsini almış, tanımadığımız Poladlar var… Sadəcə onları tanıyacağımız məqam olmayıb. Necə deyiblər, “açılmayan qanadların böyüklüyü bilinməz”.
Cənab general, Aprel döyüşlərində azad etdiyiniz posta sizin adınız verilmişdi. Polad postu. Amma sizdən sonra danışılanlar Polad ismini gözümüzdə elə ucaltdı ki, elə bir zirvəyə qalxdınız ki, hər zaman bu zirvə haqqında qürurla, sevə-sevə danışacağıq. Hər zaman gənclərimiz o zirvəyə qalxmağa çalışacaqdır. Bu, Polad zirvəsidir! Əyilməzlik, mərdlik, insanlıq, vətəndaşlıq zirvəsi!
Məhsəti Musa