Küçədə onun haqqında qısa məlumatlar əks olunan lövhə qoyulub. Elə bu səbəbdən evlərini tez tapdıq. Bizi ilk qarşılayan anası oldu. Qapıdan içəri girərkən otaqda böyük maketini görüb, qeyri-iradi olaraq “Məhəmməd burdadır ki” dedim. Özümü itirərək dediyim sözlərin eşidilməsini heç istəməzdim. Keçib əyləşirik. Nə sual verim? Nə deyim? Onlara necə təsəlli olum? Sözüm ya suallarım olmadığından deyil. Gözlərində Məhəmməd sevgisi, səsində titrəyiş, balasını itirmiş, amma bunlara baxmayaraq, dilindən Allaha şükür etmək bitməyən fədakar ana vardı qarşımda.
Ana oğlunun haqqında danışmaqdan heç yorular? Əksinə, hər dəfə yeni bir xatirəsini bölüşər:
Qızım, şəhidlər biz anaları bir-birinə tanıtdırdı, birləşdirdi. Təsəllim odur ki, ən yüksək zirvədədir balam…
Hər gün işə gedəndə yolda şəkli olan lövhəyə sabahın xeyir deyirəm. Elə bilirəm salamlaşmasam məndən inciyər, “anam məni unutdu deyər”. Şəkillərinə baxdıqca qayıdıb gələcəyini düşünürəm. Oğlum müharibəyə yollananda “Ana qayıdacam, yeməklərindən yeməyə” demişdi. Kaş geri gəlsəydi… Lal olsaydı, yaddaşı itsəydi, amma sağ olsaydı. Həmişə deyirdim ki, siz iki qardaş, biriniz sağ, biriniz sol qolumsuz. Təkqol qaldım. Allah kimsəni bala dərdi ilə sınamasın. Birdən susur, yenə şükür edirəm. Şükür ki, məzarı var.
Otağa daxil olduğumuz andan səssiz, sakit bizə qulaq asan ataya sual vermək istəyirəm. Fikrimdən daşınıram. Çünki gözünü Məhəmmədə aid şəkillərdən və əşyalardan çəkməyən ata mənə baxışları ilə hər şeyi başa salmışdı. Getdiyi hər yerə işıq kimi yayılan oğlunun yoxluğu ilə barışmaq ona çətin idi. Hiss olunurdu.
Ayağa qalxıb balaca cüssəsi ilə böyük qələbədə payı olan igid qardaşıma aid guşəyə baxıram. Əşyaları yığılmış guşədə xarici pasportu, iş yerinin açarları, telefonu və “Tanrı anamı nigaran qoyma” yazısı var. Bu yazıdan gözümü çəkməyimə səbəb olan və hələ də fikrimdən çıxmayan o cümlə…
“Məhəmməd nə iş görsə məni çağırardı ki, anam hər işin öhdəsindən gələr. İndi yəqin düşünür ki, anam məni geri qaytara bilmədi”…
Oğullarının şəhadətinə “Vətən sağ olsun” deyərək, təsəlli tapan analar, qarşınızda baş əyirəm.
Rəmziyyə HƏSƏNOVA