Dövlət Agentliyi və “ASAN xidmət” mərkəzlərinin yaradılmasından 9 il ötür

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılıb.

Hazırda 20 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir.

2021-ci ildə Bakıda daha 2 “ASAN xidmət” və 1 “ASAN Kommunal” mərkəzinin açılışı planlaşdırılır.
Həmçinin Bakı, Gəncə və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 468 mindən çox vətəndaşın 44 milyon 990 mindən artıq müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 % təşkil edir.
Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 380 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Bakı şəhərində fəaliyyət göstərən 2 “ASAN Kommunal” mərkəzində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən xidmətlər təqdim olunur. Bu mərkəzlərə bu günə kimi ümumilikdə – 2 309 083 müraciət qeydə alınıb.

Elnur Niftəliyev

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri

Şərhlər