Sevilya

         Qəribə düşüncələrlə küçə ilə irəliləyirdim ki, gördüm rayon mərkəzi xəstəxanasının yanından keçirəm. Dedim, yanlış da bir naxışdır, qoy, gəlmişkən xəstəxanaya baş çəkim. Elə üstümdədir, uşağın xəstəlik vərəqini qeydiyyatdan keçirim. Baş həkim sağ olsun, heç gözləmədiyim halda məni gülərüzlə qarşıladı. Xəstəlik kağızına qol çəkib, möhür vurdu. Dedi bir də yanıma gəlib, niyə vaxt itirirsən, get qızlar qeydiyyatdan keçirsinlər. Soraqlaşıb, qızların oturduqları otağı tapdım. Qapını döyüb içəri keçdim. Qızlar, nə qızlar! Özlərindən razı, yerə göydən baxan, qarşısındakını görməyən iki ədəbaz xanım. Biri aya deyir sən çıxma mən çıxaram, o biri də günəşə deyir sən get, mən burdayam, səni əvəz edərəm. Vid-fasonları mənə qəribə gəlsə də, əşi, özləri bilər deyib nəyə gəldiyimi bildirdim. Kaş dinməyəydim. Qızlar təkəbbürlü baxışları ilə məni başdan-ayağa süzüb, əməlli-başlı yıxıb sürüdülər. Sanki qarşılarında mən boyda adam yox, bir heykəl durmuşdu.

Qeydiyyatçı cins şalvarı hər iki dizindən cırılmış və sapları sallanan bir qız idi. O, hirslə, bərkdən danışanda bu saplar da qorxur, əsirdilər… Qız kartotekada sənədləri çox eşələdi. Sənədləri yenidən yerinə qoyanda da hamısını tərsinə, qarışıq qoyurdu. Elə hey baş həkim kimdir ki, məndən icazəsiz bura möhür vurub, deyirdi. Xəstəlik vərəqini qeydiyyatdan keçirmək əvəzinə, nəyisə gəzir, axtarırdı. Yaman əsəbiləşmişdi. Yanındakı köməkçisi, dıqqılı qız bu qəzəbli xanımı sakitləşdirmək üçün “Sevilya xanım, sizə necə kömək edə bilərəm” deyə, tez-tez təkrarlayırdı. Və qorxudan əsən bu qız az qala xanım sözünü də böyük hərflə tələffüz edirdi. Onsuz da bir iş bacarmayan Sevilya xanımın əsəbləri nədənsə tarım çəkilmişdi. Birdən o, mənə sarı dönüb sakit, dilsiz baxışlarımla rastlaşanda lap cin atına mindi:

– Siz də gəlməyə vaxt tapdınız. İşimin başımdan aşıb daşdığı vaxt. Sizin nə vecinizə. Sakitcə, müqəvva kimi durub baxırsınız. Mən isə səhərdən qan-tər içində əlləşirəm. Heç bir şey də tapa bilmirəm. Bir də…

Artıq mən də dözə bilmədim. Səbrim tükəndi. Heç nədən ötrü bu xanımın məni bu qədər gözlətməsi və sonda təkəbbürlə süzməsi, nəticədə isə bir iş bacarmaması məni hövsələdən çıxartdı:

– Xanım, mən şükür edirəm, nə yaxşı ki, adınız Sevilyadır. Yoxsa Barselona, Real Madrid olsanız vay bizim halımıza. Yəqin bizi bura yaxın da buraxmazdınız, – deyib çıxış qapısına tərəf addımladım…

Adil Misirli

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com