Tut ağacının nağılı

         Dünya bir pəncərədir, hər gələn baxar gedər, deyirik. Ancaq görəsən, bu pəncərədə hər kəsin baxışlarından bir iz qalırmı?! Yəqin ki, yox! Həyatda iz qoyanların, dünyamızın yaşayıb, daha da böyüməsi üçün can yandıranın, alın təri axıdanın izi qalır bu pəncərədə. Və bir də gənc həyatını Vətən yolunda fəda edən, torpağın azad nəfəs alması üçün qarı düşmənin üstünə şığıyan oğulların baxışları qalır bu pəncərədə. Bu pəncərə onlardan ötrü həmişə açıqdır və onların yollarını gözləyir. Və bir də pəncərədən onları həmişə görmək olur.

Məmmədov Hamlet Məmməd oğlu 1968-ci il iyunun 8-də Ağcabədi rayonunun Qaradolaq kəndində dünyaya göz açıb. 1975-ci ildə kənddəki orta məktəbin 1-ci sinfinə daxil olub. Sonra Bakıda təhsilini davam etdirib. 1986-1988-ci illərdə Sovet Ordusu sıralarında Çexoslovakiyada xidmət edib. Tankçı hərbi peşəsinə yiyələnib. Ordudan tərxis olunandan sonra Bakıda Montin adına maşınqayırma zavodunda işləyib. Burada gələcəyin Milli Qəhrəmanı Albert Aqarunovla yaxın dost olan Hamlet 1992-ci ildə könüllü olaraq kəşfiyyatçı kimi müharibəyə gedir. Sentyabrın 8-də komandiri ilə birlikdə kəşfiyyat tapşırığını yerinə yetirərkən yaralı halda əsir düşür. Ürəyindən və ayağından yaralı olan Hamleti ələ keçirən düşmənin ürəyi sakitləşmir, onu öldürürlər. 1992-ci il dekabrın 6-da Hamletin nəşi 3 erməni əsiri ilə dəyişdirilir. Hamlet doğulub, ərsəyə çatdığı Qaradolaq kəndində torpağa tapşırılır.

…1992-ci ilin avqustunda Hamlet komandiri ilə bir günlük doğma kəndlərinə baş çəkir. Anası Təranə artıq bəsdir, oğlum evimizə qayıt. Nə qədər vuruşmaq, döyüşmək olar deyib onu hərbdən uzaqlaşdırmaq istəyir. Oğul, axı, mən təkəm, həyanım olarsan deyir. Cavabında Hamlet, ana təkcə sən tək deyilsən. Vətən də təkdir deyə cavab verir. Və mənim dostum, silahdaşım Albert Araqunov Vətən yolunda həlak olsun, mən də gəlim dinc həyat yaşayım, ana. Belə yaramaz, bu gözəl Vətəni mənfur düşməndən azad etmək bizim ən müqəddəs borcumuzdur deyib Hamlet yenidən cəbhəyə yola düşür.

Anası Təranə deyir ki, həmin axşam qapının yaxınlığında əzəmətli tut ağacının altında xeyli söhbət etdik. Tut təzəcə yetişirdi. Hamlet bir əlini tuta söykəyib, o biri əli ilə ağacın altını göstərərək, ana tezliklə müharibə qurtarar və mənə bu tut ağacının altında bir mağar qurub toy edərsən dedi. Mən də əllərimi göyə uzadıb, belə, toy ananın gözləri üstə, təki sən məndən toy istə, dedim. Xeyli güldü, məmnun halda başını yırğaladı. Səhəri gün tezdən cəb-həyə yola düşdü. Az keçməmiş ölüm xəbərini aldıq. Tut ağacının altında toy yox, yas etdik. Həyatın qəribə qanunları var, heç baş açmaq olmur. Şair yəqin həyatda baş verən belə qəribəliklərə işarə olaraq yazıb ki, ey həyat, sən nə qəribəsən…

Vaxtı ilə oxuduğu Qaradolaq kənd tam orta məktəbinə 1994-cü ildə Hamlet Məmmədovun adı verildi. Anası düz 1989-cu ildən bu məktəbdə çalışır. Bu yaxınlarda Vətən müharibəsinin iştirakçılarından biri Birinci Qarabağ müharibəsində Hamletin vuruşduğu yerlərdən düşmən tərəfindən bir neçə yerdən yaralanmış Azərbaycan bayrağını Təranə xanıma xatirə kimi bağışlayıb. Təranə xanım da öz növbəsində bu bayrağı məktəbə hədiyyə edib, Hamletin məktəbdə adını daşıyan xatirə guşəsinə verib.

Hamlet Məmmədov adına Qaradolaq kənd tam orta məktəbinin hazırda direktoru vəzifəsini icra edən, riyaziyyat müəllimi, onun sinif rəhbəri olmuş Abbas Abbasovun dedikləri: “Hamlet çox nümunəvi şagird idi. Dərslərini yaxşı oxuyur, başqalarından seçilirdi. İntizamlı, ünsiyyətçil, fəal şagird olan Hamletin gözlərinin dərinliyində həmişə bir kədər özünə yuva salmışdı. Bu kədər ona rahatlıq vermirdi. Və o, böyüdükcə biz o kədərin Vətən nisgili, düşmən tapdağı altında inildəyən doğma torpağın naləsi olduğunun şahidi olduq. Hələ məktəbdə ikən Vətənə, torpağa həsr olunmuş tədbirlərdə necə ürəkdən, yana-yana iştirak etməsi onun əsl vətənpərvər olmasından xəbər verirdi. O, bir az da böyüyüb Vətənə olan sevgisini düşmənlə üz-üzə gələndə göstərdi. Son nəfəsinədək döyüşdü, vuruşdu. Ölümdən qorxmadı. Onun önündə gözlərini də qırpmadı. Vətən azad olsun deyə canını qurban verdi… Onun əziz xatirəsi heç zaman gözümüz önündən getməyəcək, həmişə yaddaşımızın ən dərin guşəsində özünə yer tapacaqdır.

…44 günlük Vətən müharibəsi zamanı qəribə hadisə baş verdi. Düşmənin dinc əhaliyə sarı tuşladığı raketin bir parçasını Hamletin uşaqlıq dostu, həmdəmi, altında toyunu keçirmək istədiyi böyük tut ağacı özünə çəkdi. Ağac sinəsini düşmən qəlpəsinə sipər etdi. Hamletlə bağlı xatirələr, Hamletin ruhu uzaq düşməsin, onunla birgə yaşasın deyə. İndi tut ağacı Hamleti xatırlayır, onun üstünə hopmuş əlinin izləri ilə tez-tez söhbət edir. Yaşayır tut ağacı. Üstündə, sinəsində Hamleti xatırladan unudulmaz xatirələri ilə. Tut ağacı daha da böyüyür, günəşə sarı boylanır. Hamletin ruhu da göylərdən tut ağacını seyr edir, ona salamlar göndərir. Ağac da yaşayır, Hamlet də. Ağac ana torpaq üzərində, Hamlet göylərdə və qəlbimizdə…

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər