Xalqımızın milli oyanışında yeni parlaq səhifə

         Ölkəmizdə milli mətbuatın, ana dilimizdə ilk qəzetin nəşrə başlamasından 146 il ötür. Görkəmli maarifçi, təbiətşünas alim, publisist, mütəfəkkir Həsən bəy Zərdabi 1875-ci ilin 22 iyulunda çap etdirdiyi “Əkinçi” qəzeti ilə xalqımızın milli oyanışında yeni bir tarixi səhifə açıb. Həmin vaxtdan 1877-ci ilin 29 oktyabrına kimi fəaliyyətini davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində onun cəmi 56 sayı işıq üzü görüb.

Dövrün tanınmış ziyalılarını öz ətrafında birləşdirən “Əkinçi” qəzeti milli mətbuatımızın formalaşmasında, maarifçilik, yeniləşmə ideyalarının həyata keçirilməsində  xalqımızın milli özünüdərkində müstəsna rol oynayıb.

Zərdabi və onunla birgə qəzetin nəşrində əməyi olan ziyalılar, yazarlar xalqı cəhalətdən, qəflət yuxusundan oyatmağa çalışmış, onun tərəqqi və inkişaf etməsi üçün əsl fədakarlıqlar göstərmişlər. Şübhəsiz, bütün bunlar çar hakim dairələrini narahat edib. Eyni zamanda çarizmin diktəsi ilə bəzi dırnaqarası ziyalılar da “Əkinçi”nin üzərinə hücum etməyə başlayıb. Əsassız hücumlara, təzyiqlərə tab gətirməyən qəzet öz fəaliyyətini 1877-ci ilin 29 sentyabrında dayandırmaq məcburiyyəti ilə üzləşib.

Azərbaycan milli mətbuatının təməlini qoyan qəzetin ömrü az olsa da, xalqımızın milli ruhda tərbiyə olunmasında, maariflənməsində önəmli əhəmiyyət kəsb edib. Ölkəmizdə “Əkinçi”nin çap olunduğu gün Milli Mətbuat Günü kimi hər il geniş qeyd olunur.

“Əkinçi”dən sonra “Ziya”, “Kəşkül”, Kaspi” və sair kimi məşhur mətbu orqanlar onun yolunu, ənənələrini ləyaqətlə davam etdiriblər.

Azərbaycan mətbuatı ötən  146 il ərzində ağır sınaqlardan çıxıb, bütün çətinliklərə sinə gərib öz şərəfli missiyasını layiqincə davam etdirib. Ötən dövr ərzində şanlı tarixi bir yol keçmiş mətbuatımız bu gün yeni bir yüksəliş mərhələsinə qədəm qoyub. Müstəqillik yolu ilə inamla irəliləyən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atıb. Təsadüfi deyildir ki, respublikamızda söz və mətbuat demokratik inkişafın əsas göstəricisi hesab edilir. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, telekanallar, radiostansiyalar, agentliklər, saytlar, ictimai fikrin və sosial fəallığın artmasında və onların istiqamətləndirilməsində mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar müasir Azərbaycanımızın qurucusu və memarı olan ümummilli lider Heydər Əliyevin böyük xidmətləri ilə bağlıdır. Əsası ulu öndər tərəfindən qoyulan mətbuatın inkişafına dövlət diqqət və qayğısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycan jurnalistikasında söz, fikir azadlığının, plüralizmin inkişafında, demokratiyanın təntənəsində mühüm əhəmiyyət daşıyan bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına yüksək hörmət edən ölkə kimi tanınır. Respublikamız hazırda geniş informasiya şəbəkəsi baxımından dünyanın aparıcı dövlətləri sırasında önəmli yerlərdən birini tutur.

Dövlət diqqət və qayğısı sayəsində hazırda bölgələrdə fəaliyyət göstərən qəzetlərin də işində ciddi dönüş yaranıb. Rayonumuzda nəşr olunan “Aran” qəzeti bu ailənin sıralarında inamla irəliləyir, bölgə əhalisinin informasiya ilə təmin olunmasında fəal rol oynayır.

Yəhya PAŞAZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləTut ağacının nağılı
Növbəti məqalədəZəng çatmayan telefon

Şərhlər