Ömürdən keçən hər günə yaşamaq demək olmur. Ömrün hər günü yaşanılmır. Və bu mümkün də deyil. Çünki bu qədər ömrü tam yaşamaq olmaz. Və bir də ömrün ancaq yaşanılan günləri yadda qalır, özündən sonra iz qoyur. Mənalı, məntiqli, dəyərli yaşamağa layiq olan günləri həqiqətən ömürdən sansaq daha düzgün hərəkət etmiş olarıq.
Adam var düz 100 il, bir əsr yaşayır. Amma çox zaman bu az müddət olmayan illəri yaşayan insan dünyamızı tərk edən kimi unudulur, yaddan çıxır. Onun heç yeri də görünmür dünyada. Sanki həyatda belə adam mövcud olmayıb. Çünki onun keçirdiyi günlər mənasız olub. Yəni nə yaxşı ki, gün keçdi deyib, bu gün bitəndən sonra, sabahkı günü gözləməyə yaşam, həyat demək doğru olmazdı.
… Şəhid Akif Elşən oğlu Abbasov 25 mart 2001-ci ildə Ağcabədi şəhərində anadan olub. 2007-ci ildə Ağcabədi şəhər 1 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olan Akif, 2017-ci ildə bu təhsil ocağını uğurla başa vurur. 2017-2019-cu illərdə santexnika ustası kimi çalışıb. 4 aprel 2019-cu ildə həqiqi hərbi xidmətə yola düşən Akif 2020-ci ilin yanvar ayının 16-da itkin düşüb. Çox güman ki, o hərbi postu növbəti əsgər yoldaşına təhvil verəndən sonra avtomat və patronlarla ( o, özü ilə xeyli əlavə patron da götürübmüş) düşmənin üzərinə gedib. Və 2020-ci ilin fevral ayının 17-də bu igid əsgərin nəşi tapılıb. Akif Abbasov Ağcabədi şəhərində, Şəhidlər Xiyabanında torpağa tapşırılıb. Ana deyib yolunda canını fəda etdiyi doğma torpaq onu əbədilik öz ağuşuna alıb.
… Bu günlərdə Akif Elşən oğlu Abbasovun doğulub, boya-başa çatdığı ata-baba evində onun şəxsi otağı muzey kimi istifadəyə verilib. Burada hər şey onun keçdiyi qısa və şərəfli ömür yolundan danışır. Muzeyin divarlarından birinə bakılı rəssam şəhidin bütün divarboyu şəklini çəkib. Buna təkcə şəkil demək olmaz. Rəssam Akifin sifət cizgilərini olduqca canlı və dəqiq çəkib. Tablodan Akifin əksi elə təbii baxır ki, sanki o, yanındadır. Heç bir yerə getməyib. Başqa bir divarda şəhidin Təbrizdə xalçaya toxunulmuş çox təbii surəti var. Əlini vurmasan onun şəhidin əksi hopmuş xalça olduğuna inana bilmirsən. Muzeydə Akifə məxsus bir çox əşya, hərbi geyim və şəxsi əşyalar var. Divarda eksponatların ətrafı və tavandakı işıqlar Azərbaycan bayrağının rəngindədirlər. Şəhid Akifin hələ 3-cü sinifdə oxuyarkən, bir dəfə özündən asılı olmayaraq sinif lövhəsinin yanına çıxır və təbaşirlə böyük hərflərlə, qürurla Azərbaycan yazdığı şəkli də eksponatlar arasındadır.
…Əsgərlikdən qabaq Akif telefonunun zəngini səkkiz on ikiyə qoyub. (Bunu təkcə özü bilirdi, niyə məhz səkkiz on iki). Indi hər səhər bu vaxt saat çalır, hay-həşir qoparır, sahibini axtarır…
Anası Xanım Akifin muzeydəki telefonuna hər gün zəng edir, sms mesajları göndərir. Hər axşam qaranlıq düşəndə oğlunun telefonuna zəng edib bala, oğul qaranlıq düşdü, harda qaldın deyə onu evlərinə çağırır. Ana həzin kədərlə, onun səsini bircə dəfə də olsa, eşitmək həvəsi ilə zəng edir. Akifin telefonuna isə zəng çatmır…
…Muzeydə Akifin 11 aylıq olanda bələkdə çəkilmiş şəkli var. Və burada balaca Akif içi xəfif təbəssümlə dolu bir gülüşlə sağ əlini qaldırıb, bizlərə işarə edir, sanki sağollaşır. Uzaq səfərə üz tutur Akif. Əbədi, gözəgörünməz bir ayrılıq səfərinə. Hələ danışa bilməyən, dili söz tutmayan Akif sanki qabaqcadan, illər öncə həyatın gedişini başa düşürmüş, şəhid olacağını anlamışdı. Odur ki, gülümsəyərək bizə əl edir, elə bil salamat qalın deyir. Özü isə əl çatmayan, ün yetməyən, çoxlarına nəsib olmayan ali, uca bir zirvəyə üz tutur. Şəhadətin əlini bərk-bərk sıxaraq, şəhidlik zirvəsini fəth edir…
Sən elə bir zirvədəsən, elə bir zirvəsən ki, səni indi hər kəs görə bilmir, Akifim. Sənə nəsib olan zirvənin adı şəhidlik zirvəsidir, qardaşım. Ölümsüzlüyün üzərində zəfər çalan, ucalan şəhidlik zirvəsi. Pak, təmizdən təmiz bir zirvə. Müqəddəs şəhidlik zirvəsi. Müqəddəsləri görmək isə hər adama qismət olmur…
Adil MİSİRLİ