Ana, alnından öpəndə ürəyim soyuyur

Onlara gedərkən həyəcanlı idim. 8 aydır ki, gözlərinin yaşı qurumayan ata-ana ilə söhbət edərkən onları incitməmək düşüncəsi beynimdə fırlanırdı. Yolu necə gəldiyimin heç fərqində olmamışdım. Qapını açdım. Samirin anası Əziz xanım məni içəri dəvət etdi. Şəhid kapitanın döyüş yolu haqqında məlumatım vardı. İndi onu anasının dilindən oğul kimi tanıyacaqdım. Toyuna hazırlıq görülən övladı kimi…

-İllərdir gözlədiyimiz gün gəlmişdi. Oğlum nişanlanırdı. Nişanı üçün hər şey hazır idi. Bir özündən başqa. Gələ bilməyəcəkdi, amma eybi yox, dekabr ayına da toyunu planlaşdırmışıq…

– Bəs burada  nişan şəkli var axı…

– Hə o şəkil birləşdirilib. Qardaşının toyunda çəkilən şəkli ilə.

Müharibə sona çatdığı gün hər yerdə bayram ab-havası yaşanırdı, amma gözümün yaşı o gün səhərdən qurumadı. Samiri görməsəm sakitləşməyəcəyimi bilirdim. Səhər  zəng edib bizi kapitan rütbəsi aldığı üçün təbrik etmişdilər. Özündən isə səs-səmir yox idi. Bircə onu demişdi ki, 10-15 gün sizinlə əlaqə saxlaya bilməyəcəm. Hər danışanda “anamın səsini eşidim” deyən oğlumun səsini günlər idi ki, eşitmirdim. “Allah, özün balaları qoru, analarına dərd yaşatma” deyirdim. Hava soyuq, yağışlı olanda elə bilirdim kürəyimə yağır. Deyirəm kaş mən ölərdim…

Bu an otağa Samirin çox sevdiyi, amma doyunca üzünü görə bilmədiyi, özünə bacı seçdiyi təxminən 2 yaşlı  qardaşı qızı gəlir. Əmisinə oxşadığı gözümdən yayınmır. Ananın uşağa baxaraq söylədiyi, “qız uşaqlarını çox istəyirdi. Allah özünə qismət eləmədi. Heç olmasa bircə nişanəsi qalsaydı təsəlli alardım” sözləri nişan xonçaları bağlı qalan oğlu üçün qurduğu xəyalların ifadəsi idi…

Qeyd dəftərimizi müəyyən qeydlərimizə görə saxlayar, lazım olmayanda bir kənara atarıq. Şəhid qardaşımızın qeyd dəftəri isə onun xatirəsini yaşadan guşədəki ən əziz əşyaların içərisində idi.  Diqqətim şəhidimizin guşədəki şəkillərində qalmışdı. Çoxu hərbi formada çəkilib. Bu əşyalara baxaraq fikrə getdiyimi görən ana sükutu yenidən pozur:

-Qızım, 8-ci sinif şagirdinin ailə qayğısına ehtiyac olan vaxtlarıdı. Samir ata sığalı, ana qulluğu görmədi. Az-az gələrdi. Gələndə də, qayıdıb gedəndə də alnımdan öpürdü. “Ana, alnından öpəndə ürəyim soyuyur” deyirdi. Samirdən doymadıq. Müharibəyə getdiyi barədə mənə heç nə deməmişdi. Fikirləşirəm ki, orda olduğunu bilsəydim çoxlu danışardım… Duruxur. Verəcəyim suallar boğazımda düyünlənir.

Layiq görüldüyü medalların sevincini yaşamayan, “Kölgə” ləqəbli Samir. İndi şəkillərinin kölgəsi səni sevənlərə təsəlli olur.

Nəsibi şəhidlik olan qəhrəmanlar, bu xalq sizinlə qürur duyur!

Rəmziyyə HƏSƏNOVA

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər