“Bu Qarabağın bizdə olan hissəsi idi”

       Uzun illər Yaqub Məmmədov adına Ağcabədi Rayon Mədəniyyət Mərkəzinin direktoru işləmiş, ümumilikdə mədəniyyət sahəsində müxtəlif işlərdə çalışmış Məzahir Mehdiyev sadə, səmimi və həm də çox hazırcavab, baməzə insan idi. Onunla tədbirlərdə, toplantılarda bir yerdə olan insan nə qədər qayğılı, fikirli olsa da, 5 dəqiqə sonra artıq tamam başqa əhvala köklənirdi. Ötən il qəfil ürək tutmasından vəfat edən Məzahir müəllimlə bağlı məzəli əhvalatlar onun dost-tanışlarının, iş yoldaşlarının xatirələrindən silinmir. Yer məhdudiyyəti olduğu üçün bütünlüklə dərc edə bilməsək də, nisbətən kiçik həcmli bir-neçə məzəli-duzlu əhvalatı oxucularımıza təqdim edirik.

                                             *       *       *

Bir gün Məzahir müəllim toyda musiqiçi kimi iştirak edirmiş. Məclisin şirin yerində bir nəfər ağsaqqal kişi musiqiçilər stoluna yaxınlaşıb ortaya 10 manat atır və deyir: “Oğul, bayaqdan fikir verirəm, çox şirin oxuyursan. Mənim üçün də bir “Qarabağ Şikəstəsi” oxu…”

Məzahir müəllim bir mühitə baxır, bir sifarişi verən kişinin yayın istisində başına qoyduğu quzu dərisindən olan papağına baxır və alayarımçıq, qısa bir “Qarabağ Şikəstəsi” oxuyur. Sən demə kişi də “Qarabağ Şikəstəsi”nin “xəstəsi”  imiş. İfa bitəndə ağsaqqal cırnayır, etirazını bildirir:

A bala, bu necə Şikəstədir? Bir az ordan, bir az burdan, yarımçıq… Belə də “Qarabağ Şikəstəsi” olar?

Məzahir müəllim təhərini pozmadan cavab verir:

– Ağsaqqal, bu Qarabağın bizdə olan hissəsi idi. İnşaallah, Qarabağ azad olunanda səni harda görsəm, sənin üçün bütöv, tamam-kamal bir “Qarabağ Şikəstəsi” oxuyacam.

Kişinin eyni açılır, Məzahir müəllimi qucaqlayıb qoy elə olsun deyir. 

*       *       *

Yenə toyların birinə müğənni kimi dəvət olunan Məzahir müəllim toy əhlinin “nəbzini tutmaq” üçün məşhur “Boz at” mahnısını oxuyur. Bu ifa hər kəsin çox xoşuna gəlir. Bir nəfər ondan bu mahnını təkrar oxumasını xahiş edir. Amma pul vermir. Məzahir müəllim bu istəyi yerinə yetirir. Mağardakılar əl çalır, onu alqışlayırlar. Daha sonra bir nəfər də bu mahnını dinləmək istədiyini bildirir. Məzahir müəllim bu dəfə də səbrini basıb heç nə demir və mahnını ifa edir. Bu dəfə də musiqiçilərə pul verən olmur. Mahnı bitən kimi toy mağarına bir kişi daxil olur və Məzahir müəllimə deyir:

– Bala, sənin səsin, bir də oxuduğun bu “Boz at” mahnısı məni cavanlığıma qaytardı. Bayaqdan çöldə, ərik ağacının altında dayanıb sənə qulaq asıram. Gözümün önündən nələr keçmədi, kövrəldim, ağladım. Xahiş edirəm, bu mahnını bir də oxu… Məzahir müəllim dözmür:

-Əşi, oxuyum ee. Bir söz demirəm. Amma bu ata hərdən yoncadan, sudan da verin dəə. Mən yazıq ac-susuz bu atı hara kimi qovum? Acqarına olmur, vallah …

*       *       *

Məzahir müəllim bir kənd klub işçisi ilə sənəd-kağız işində mübahisə edirmiş. İşçi deyirmiş bu sənəd düzdür, Məzahir müəllim deyirmiş ki, yox, düz deyil. O deyir, bu deyir, axırda Məzahir müəllim and içir ki, adım peyğəmbərə and olsun ki, mən deyəndi, mən haqlıyam. İşçi də bu anddan sonra ona inanır, sənədə təzədən düzəliş etmək üçün çıxıb gedir. O gedəndən sonra Məzahir müəllimin yanında olan və söhbəti eşidən digər bir iş yoldaşı ona deyir:

– Ay Məzahir müəllim, heç Məzahir adında da peyğəmbər var? Niyə öz adını peyğəmbər adı kimi qələmə verirsən?

Məzahir müəllim bığaltı gülərək deyir:

– A bala, maşallah, yüz iyirmi dörd min peyğəmbərimiz var. Deyirsən, yəni, bunların içində adı Məzahir olan bircə nəfər də olmayıb?

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər