Ağcabədi idmançıları respublikamızda yaxşı tanınırlar. Onların arasında taekvondoçular xüsusilə fərqlənirlər. Onlardan biri də Şirinzadə Şamil Etibar oğludur. O, 1998-ci ilin oktyabrın 11-də Ağcabədi rayonunun Qaradolaq kəndində anadan olub. Orta təhsilini 2004-2015-ci illərdə Hamlet Məmmədov adına 1 saylı Qaradolaq kənd tam orta məktəbində alıb. İdmana marağın necə yaranmasını ondan soruşduqda bu sahəyə həvəsi onda ata və əmisinin yaratdığını deyir. Şamil ilk məşqinə 2005-ci ildə Tapdıq Əkbərovun rəhbərliyi altında başlamışdır. O, 2007-ci ildə uşaqlar arasında keçirilən respublika çempionatında 1-ci yeri tutmuşdur. 2004, 2011, 2012, 2013-cü illərdə Şamil respublika çempionu adını qazanıb. Ən böyük nailiyyətlərindən biri isə 2014-cü ildə Türkiyənin İstanbul şəhərində keçirilən Open Taekvondo Beynəlxalq turnirilə bağlıdır. Yeniyetmələr arasında keçirilən həmin turnirdə bütün rəqiblərinə qalib gələn Ş.Şirinzadə qızıl medal qazanmışdır. Onun digər uğurlarından biri də 2015-ci ildə Türkiyənin Antalya şəhərində gənclər arasında keçirilən Avropa çempionatında olub. Həmin çempionatda Türkiyə, Qazaxıstan, Gürcüstan rəqiblərini məğlub edən idmançımız yarımfinalda hollandiyalı idmançıya uduzmuşdur. Buna baxmayaraq, bürünc medal uğrunda mübarizədə türkiyəli rəqibinə qalib gələrək həmin mükafatı əldə etmişdir.
Şamil 2015-ci ildə Qəbələ şəhərində keçirilən Koreya kuboku yarışında qızıl medala layiq görülüb. O, 2015-2019-cu illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alaraq, idman sahəsindəki bilik və bacarığını daha təkmilləşdirib. Şamil Şirinzadə 2019-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında “N” saylı hərbi hissədə xidmət edib. O, hərbi xidmətdə qazandığı bilik və fiziki bacarıqlarına görə “Təşəkkürnamə” alıb.
Şamilin uğurları taekvondo idman növü ilə bitmir. O, daha böyük meydanda, Vətən müharibəsində iştirak etmək üçün 2020-ci ilin avqustun 5-də Səfərbərlik və Hərbi Xidmətinin Ağcabədi rayon bölməsində qeydiyyatdan keçib. Müharibə başlayandan sentyabrın 30-dək Ağcabədi rayonunda “N” saylı hərbi hissədə xidmət edib. 2020-ci il oktyabrın 1-dən Füzuli uğrunda gedən döyüşlərə qatılıb. Şamilin sözlərinə görə, Füzuli ərazisində maşın kolonu ilə gedərkən minamyotdan açılan atəşə məruz qalıb. İtkilər olsa da, Şamilgil öz mövqelərindən geri çəkilmirlər. 2020-ci il oktyabrın 23-də baş verən döyüş əməliyyatında 4-cü taborun tərkibində Qubadlının bir neçə kəndinin azad olunmasında iştirak edib.
Ş.Şirinzadə noyabrın 2-də Qubadlı rayonunun Qurbantəpə adlanan ərazidə baş verən döyüşlərdə bir çox mövqelərin alınmasında fəal iştirak edib. O, noyabrın 10-dan dekabrın 16-na kimi Laçın rayonunda, həmin vaxtdan yanvarın 10-dək Xocavənd rayonunun Dom kəndində xidmət edərək, ordudan tərxis olunmuşdur. Döyüşlərdəki fəal iştirakına görə, ölkə Prezidenti İlham Əliyev tərəfindən “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib. II Qarabağ müharibəsində ona ən böyük ruh verən əmisi Elnur olub. Qeyd edək ki, onun əmisi Şirinov Elnur hər iki Qarabağ müharibəsinin iştirakçısı olub.
2015-ci ildən II Dan Qara kəmər sahibi olan Şamil hazırda idman ustalığına namizəddir. İdman və döyüş meydanlarında böyük qələbələr qazanan idmançımıza yeni-yeni uğurlar arzulayırıq.
Hüseyn QULUZADƏ