Ağcabədi Rayon İcra Hakimiyyəti Yanında Müraciətlərə Operativ Baxılma Mərkəzi (MOB) son vaxtlar fəaliyyətini genişləndirib. Mərkəz rayon sakinlərinin müraciətlərinə baxılması, problemlərinin vaxtında həll edilməsi istiqamətində mühüm addımlar atır.
Sakinlərin ümid yerinə çevirilən MOB Mərkəzi bütün müracətlərə diqqət və qayğı ilə yanaşır, onların operativ və obyektiv həll edilməsi üçün var qüvvəsini sərf edir.
Lakin, təəssüflər olsun ki, bəzi rayon sakinləri real faktlara əsaslanmadan lüzumsuz müraciətlərlə, yanlış məlumatlarla baş qatır, vaxt aparırlar. Necə deyərlər, həm özlərinin, həm də başqalarının vaxtlarının hədər yerə sərf edilməsinə səbəb olurlar. Axı, edilən müraciətin, şikayətin bir əndazəsi, həddi-hüdudu olmalıdır.
* * *
Rayonun Avşar kənd sakini Mehdiyev Azad Bəylər oğlu Ağcabədi Rayon İcra Hakimiyyətinin qaynar xəttinə zəng edərək, Vətən müharibəsi dövründə düşmən hücumları nəticəsində əraziyə düşən mərminin ona məxsus fərdi yaşayış evində çatlar əmələ gəlməsindən şikayətlənib. O, bununla əlaqədar komissiya yaradılmasını, evinə baxış keçirilməsini tələb edib.
MOB Mərkəzi tərəfindən məsələ araşdırılıb. Aydın olub ki, 44 günlük Vətən müharibəsi ərzində Avşar kəndi ərazisinə heç bir top, yaxud raket mərmisi düşməyib. Odur ki, vətəndaş Azad Mehdiyevin tələbi əsassızdır.
* * *
Digər rayon sakini, Ağcabədi şəhər, Şıxəli Qurbanov adına küçədə yaşayan Ələkbərov Azər Muxtar oğlu rayon icra hakimiyyətində qəbul olunduğu zaman iddia edib ki, həmin küçədən keçən yolun asfalt örtüyü dağılaraq yararsız hala düşüb. O, eyni zamanda sözügedən ərazidə elektrik enerjisinin zəif olmasından gileylənib.
A.Ələkbərovun müraciətləri aidiyyatı qurumlara çatdırılıb. Rayon icra hakimiyyətinin Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Fikrət Allahverdiyev və şəhər bələdiyyəsinin sədri Solmaz Rəhimova vəziyyəti yerində öyrənmək üçün Şıxəli Qurbanov küçəsində olub, həmin əraziyə baxış keçiriblər. Aparılan araşdırma zamanı Azər Ələkbərovun yaşadığı küçədəki yolun asfalt örtüyünün yararsız hala düşməsi sübut olunmayıb. Yolun asfaltı normal vəziyyətdədir. Həmin ərazidə yerləşən aralıq yolunun bir hissəsinə isə şeben döşəndiyi məlum olub. Qeyd edək ki, aralıq yolun asfaltlanması müvafiq dövlət planı əsasında həyata keçirilməlidir.
A.Ələkbərovun qaldırdığı digər məsələyə gəldikdə isə, həqiqətən də, şəhərin Şıxəli Qurbanov adına küçəsinə verilən elektrik enerjisinin gücü normadan aşağıdır. Problemin aradan qaldırılması üçün tədbirlər görülür.
“Aran”