Nizami Gəncəvinin tibbi görüşləri

         2021-ci il yanvar ayının 5-də ölkə Prezidenti cənab İlham Əliyevin  Sərəncamı ilə 2021-ci il “Nizami Gəncəvi ili” elan olundu. Yola saldığımız 2020-ci ildə xalqımız ağır, ağrılı-acılı günlər keçirsə də, 44 günlük müharibənin qələbə sevincini də yaşadı. Söz dünyasında təkcə Nizamimiz olsa belə, biz onun hikmətlərindən, mühakimələrindən, tövsiyələrindən bəhrələnməliyik. Şairin yaradıcılığı olduqca çoxşaxəli, fikir və duyğuları isə ümumbəşəridir.  Nizami Gəncəvi təkcə xalqımız üçün deyil, bütün bəşəriyyət üçün qiymətli bir sənətkardır. Onu bütün dünya xalqları tanıyır və sevir. Dünyanın korifey söz ustaları bir-birinə qiymət verməyi bacarır. Bu yazını yazarkən 1981-ci ildə nəşr olunmuş “Alman ədəbiyyatı antologiyası” kitabına nəzər saldım. Orada İ.V.Hötenin Nizami Gəncəviyə həsr etdiyi “Oxu kitabı” şeirini dönə-dönə oxudum. Şairin axırıncı dörd misrası belədir:

Ey Nizami, nə yaxşı çirmələyib qolunu,

Doğru-dürüst göstərdin böyük sənət yolunu.

Aşiqlər qələmində ayrılıb, tapışanda

Ən müşkül məktəbləri sən açdın çətin anda.

Hötenin bu sözləri bir daha sübut edir ki, bəşəriyyətin yaratdığı və söz xiridarları olmasaydı, bu gün N.Gəncəvi, V.Şekspir, Ə.Firdovsi, İ.V.Höte, A.S.Puşkin, L. Tolstoy, H.Heyne kimi ustad sənətkarlar dünya ədəbiyyatının yaradıcıları kimi çiyin-çiyinə dayana bilməzdilər.

Nizami Gəncəvinin yaradıcılığı haqqında yazanlar çoxdur. Şairin ümumbəşəri ideyalarını hər tərəfli qiymətləndirənlərdən biri də M.Ə.Rəsulzadə olmuşdur. O, bizlərə müstəqilliyimizin tamını daddırdığı kimi, Nizami yaradıcılığına bələd olmağı da öyrədə bilmişdir. M.Ə. Rəsulzadə “Böyük Azərbaycan şairi Nizami” əsərində yazır: “Azərbaycanın bu böyük oğluna can və ürəkdən bağlanmaq, ona aid maddi və mənəvi xatirələri vətən və milləti birləşdirən bir müqəddəsat kimi mənimsəmək , əsərlərini diqqət və ehtiram ilə öyrənmək, Azərbaycan ziyalılarının və xalqını sevən bütün türklərin vəzifəsi olmalıdır”.

Heç şübhəsiz, 880 illiyini qeyd etdiyimiz Nizami Gəncəvi dünya durduqca yaşayacaq və onun öyrənilməsi bitib-tükənməyəcəkdir. Mən bu yazımda şairin tibbi görüşlərindən danışacağam. Nizami demək olar ki, bütün elmlərə bələd idi. Eləcə də tibb elminə. Şairin təbabətə aid olan fikirləri bu gün də öz əhəmiyyətini itirməmişdir. Nizami tibb elminə aid elə qiymətli fikirlər söyləmişdir ki, biz keçən 100 illiklərə baxmayaraq, onu həm şair, həm də təbib kimi qəbul etməsək, günah işlədərik.

Nizami yaradıcılığı elə bir tükənməz mənbədir ki, oradan həyatın müxtəlif sahələrinə, təlim-tərbiyəyə, əməyə, insanlığa, şeirə, sənətə, idrak və cəhalətə, sağlamlıq və təbabətə aid qiymətli fikirlərlə zəngindir.

Şairin təbabətə aid olan fikirləri müasir tibb elmi, xalq təbabəti ilə səsləşir. Bu fikirləri öyrənmək bizim hər birimiz üçün faydalıdır.

Şairin təbabət haqqında olan fikirləri ona görə qiymətlidir ki, göstərilənlərin hamısı elmi əsasa söykənir. Bu da ondan irəli gəlir ki, şair başqa elmlərlə yanaşı tibb elminə də həvəs göstərmiş, bu elmin sirlərinə dərindən yiyələnmişdir. Şairin “Xəmsə”sinə aid olan 5 poemanın hamısında təbabətə aid qiymətli fikirlərə rast gəlirik. Onun “Xosrov və Şirin” poemasındakı aşağıdakı misraları həkim məsləhəti kimi qəbul etmək olar:

Haramdır ələfi tarac eyləmək,

Bədəni dərmana möhtac eyləmək.

Çörək gülşəkərtək yeyilsə əgər,

Nə gərək vücuda daha gülşəkər.

*       *       *

Xurmanı az ye ki, tikan olmasın…

Xalq təbabətindən bilirik ki, gül mürəbbəsi orqanizm üçün olduqca faydalıdır. Mürəbbədən başqa gül ilə qənddən hazırlanan gülqənd, gül ilə şəkərdən hazırlanan gülşəkər, gül ilə baldan hazırlanan gülənbəgin çox faydalıdır. Onların hər birinin uzun müddətli hazırlanma qaydaları vardır. Bunlardan zaman-zaman dərman vasitələri kimi istifadə olunmuşdur. Həmin gül məcunlarından mədə ağrıları, qaraciyər xəstəlikləri və eləcə də soyuqdəymə zamanı istifadə olunur.

Nizami Gəncəvi bir təbib kimi insanları başa salır ki, mədə ağrıları ən çox yemək qaydalarına düzgün əməl etmədikdə, orta həddi, etidalı gözləmədikdə baş verir. Şair göstərir ki, xəstəlik başlamamış və eləcə də xəstəlik başlayandan sonra insan qəbul etdiyi təamları seçməyi bacarmalıdır. “Leyli və Məcnun” əsərində rast gəldiyimiz aşağıdakı fikri bu baxımdan olduqca maraqlıdır:

Halva çox şirindir, şəkər kimidir,

Kəkliyi azmışa zəhər kimidir.

Buradan aydın olur ki, yeməyini qarışdıran, maddələr mübadiləsi pozulmuş, mədəaltı vəzi öz funksiyasını itirməkdə olan insanların ağzı demək olar ki, həmişə acı olur. Bütün bu əlamətlər müşahidə edildikdə deyirlər ki, xəstənin “kəkliyi azıb”. Bu hal ən çox eyni zamanda müxtəlif yeməklərdən həddən artıq  istifadə zamanı baş verir.

“İskəndərnamə” poemasında da təbabətə aid qiymətli fikirlər vardır. Onlardan birinə nəzər salaq:

Nə qədər susasan, istiyə düşsən,

Tələsik soyuq su içmə əsla sən.

Nizami bu iki misrada göstərir  ki, istiyə düşən adamın arzuladığı adətən bir qab sərin su olur. Onu əldə etdikdə isə insan həmin suyu həvəslə içir. Lakin bilmir ki, bir içim sərin suyun qurbanı olan, damar sıxılmasından beyninə qan sızan, dünyasını dəyişən, ömürlük şikəst olan adamlar heç də az deyil. İnsanı sağlam saxlayan, onun səhhətini tənzimləyən müxtəlif səbəblər vardır. Düzgün qidalanma, gözəl rəftar, tələb olunduğu miqdarda su, yuxu və s. xüsusi önəm daşıyır. Şair “İskəndərnamə” poemasında yazır:

Elə də yuxusuz və ac qalma sən,

Ki bədən yorulub düşsün qüvvədən.

Şair göstərir ki, çox yeməyə yox, faydalı yeməkləri yeməyə adət etmək lazımdır:

Yeməkdə gərəkdir, cana nuş olmaq,

Onun dadına yox, faydasına bax.

Sirkədən xoşlansan, süddən et həzər

Sirkəylə süd içmək azar törədər.

N. Gəncəvi onu da göstərir ki, dərdin əlacını həkim bilər. Bu fikir onun “Xosrov və Şirin” əsərində öz bədii əksini tapmışdır:

Bir dərman istəsən, dərdinə əgər,

Gizlətmə dərdini təbibə göstər.

Həyat və ölüm fəlsəfəsini dərindən bilən şair “İskəndərnamə” poemasında belə qənaətə gəlir:

Çarə eyləsə də təbib nə qədər,

Ömür qalmayıbsa nə fayda verər?

Dərdə əlac edən təbib heç zaman,

Tapmamış və tapmaz özünə dərman.

Şair poemalarını “Pənc gənc” adlandırır. Beş xəzinə anlamını verən beş poema doğrudan da əsrlərdən keçib xəzinəyə çevrilib.

Zəhra İBRAHİMOVA,

respublikanın əməkdar müəllimi

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər