Qəzəl ustadı – Əli Aslanoğlu

Əli Aslan oğlu Xankişiyev 1949-cu ilin iyun ayının 1 də Ağcabədi rayonunun Boyat kəndində anadan olmuşdur. 1966-cı ildə Boyat kənd orta məktəbini bitirmiş, həmin ildə Azərbaycan Politexnik İnstitutunun (indiki Texniki Universitet) mexanika fakültəsinə daxil olmuşdur. 1971-ci ildə ali təhsilini başa vurub istehsalatda əmək fəaliyyətinə başlamışdır. Ə.Aslanoğlu bir çox məqalələrin, bədii və elmi-publisist əsərlərin müəllifidir. Uzun müddət istehsalatda müxtəlif məsul və rəhbər vəzifələrdə işləməklə bərabər, eyni zamanda elmi və ədəbi-bədii yaradıcılıqla da məşğul olur. Əli Aslanoğlu Bakı və Moskva mətbuatında dərc olunmuş 100-dən artıq elmi-texniki, fəlsəfi və publisist məqalənin, iki monoqrafiyanın (“Muğam poetikası və idrak”, “Bilik qapısının açarları”) müəllifidir.

Əli Aslanoğlu bədii yaradıcılığa hələ orta məktəb illərindən başlamışdır. Onun ilk şeirləri Ağcabədidə çıxan “Sürət” qəzetində (1965-1966-cı illər) dərc olunub. (“Baxışlar”, “Gecikmişəm” və s.).

İstehsalatda qabaqcıl və yaradıcı fəaliyyətini nəzərə alaraq, eləcə də torpaqqazan maşınların istehsalat şəraitində yanacaq sərfinin yuxarı həddinin düsturunu verdiyinə görə o, 1981-ci ildə SSRİ Ali Sovetinin Fərmanı ilə “Əmək igidliyinə görə” mEdalı ilə təltif edilmişdir.

1988-1990-cı illərdə Cənubi Yəmən Ərəb Respublikasında böyük mühəndis-sovet mütəxəssislərinin rəhbəri vəzifəsində çalışan Əli Aslanoğlu ərəb dilini öyrənmiş və bu da onun sonrakı yaradıcılığında mühüm rol oynamışdır. 1995-2007-ci illər ərzində onun 7 kitabı çap edilmiş, muğam-tamaşa üçün yazdığı “Məhəbbət hekayəti” adlı librettosu Dövlət Muğam Teatrı tərəfindən səhnələşdirilmişdir. Həmin illər ərzində o, “İslam”, muğam-tamaşa üçün “Yarımçıq qalmış “Humayun” və “Şüştər” muğam dəsgahlarına öz qəzəllərini də daxil etməklə, yeni tərtibat quruluşu vermiş və həmin muğamlar uğurla ifa edilərək televiziya kanallarında nümayiş etdirilmişdir. “Muğam poetikası və idrak” monoqrafiyasında ilk dəfə olaraq Azərbaycan muğamlarının fəlsəfi təhlili verilmiş, bu ecazkar sənət növünün araşdırılmasında orifinal üsullar tətbiq edilmişdir. Kitab elmi ictimaiyyət tərəfindən mədəniyyət xəzinəmizə qiymətli töhfə kimi dəyərləndirilmişdir. Şairin qəzəlləri xanəndələr tərəfindən muğam ifaçılığında geniş istifadə olunur. Əli Aslanoğlu hazırda İctimai Televiziya və Radio Yayımları Şirkətində çalışır. Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan jurnalistlər Birliyinin üzvüdür.

Əsərləri:

  1. “Prezident Heydər Əliyev və onun siyasət məktəbi”. B., “Qorqud”, 1995, 314 s, 1000 nüs.
  2. “Bilik qaısının açarları”. B., “Sabah”, 1997, 212s, 500 nüs.
  3. “Zirvəyə gedən yol”. B., “Ozan”, 1997, 200 s, 500 nüs.
  4. “Minilliu düşüncələr”. B., “Sabahı”, 2001, 144s, 500 nüs.
  5. “Qəzəllər dünyası”. B., “Nurlan”, 2002, 100s, 500 nüs.
  6. “Muğam poetikası və idrak”. B., “Elm”, 2004, 120 s, 500 nüs.
  7. “Seçilmiş qəzəllər”. B., “Nurlan”, 2007, 98s, 500 nüs.
  8. “Sözün rəngi”. B., “Azərnəşr”, 2008, 66s, 500 nüs.
  9. “Yovsanlıq şərqiləri”. B., “MBM”, 2009, 112 s, 500 nüs.

Aranqazeti.az müəllifin bir şeirini sizlərə təqdim edir

GÖZÜM HANI?..

Bir məhəbbət kitabına

Sətir-sətir yazılmışam.

Bir ayrılıq cəbhəsində

Səngər kimi qazılmışam!

Bir sahildə qaya idim,

Döyülməkdən qum olmuşam!

Gah hiddətim cırıb yeri,

Gah şumlanıb, şum olmuşam,

O qayada bir yazıydım,

Oxunmaqdan pozulmuşam.

Yatmış bəxtin yuxusuyam,

Gerçəkliyə yozulmuşam!

Dərdi şişmiş dağ döşüyəm,

Yüz yerindən cızılmışam,

Cəfa döyür,

dərd əridir,

Mənimsəmmiş qızılmışam…

Bu mənəmsə,

özüm hanı?

Bu kitabda sözüm hanı?

Bu daş dönüb qum olursa,

Bu dünyada dözüm hanı?

…Yenə ətraf qaranlıqdı,

Gözüm hanı?

Gözüm hanı?..

Mənbə: “Ağcabədi yazarları” kitabı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər