Son günlər koronavirus pandemiyası ilə əlaqədar karantin qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində ciddi addımlar atılmasına baxmayaraq, rayonda ayrı-ayrı şadlıq saraylarının sahibləri, sakinlər tərəfindən qanunlara əməl olunmadığı aşkar edilməkdədir. Ağcabədi Rayon Polis Şöbəsinin həyata keçirdiyi tədbirlər nəticəsində karantin rejiminin tələblərini yerinə yetirməyən həmin şəxslər barədə lazımi ölçülər götürülür.
Belə ki, 22 iyul 2021-ci il tarixdən rayonun Aşağı Avşar kəndi ərazisində yerləşən “Şah”, Hindarx qəsəbəsi ərazisində fəaliyyət göstərən “Yunis” şadlıq saraylarında, Qaradolaq kəndində karantin qaydalarına cavab verməyən toy məclislərinin keçirilməsinin qarşısı polis tərəfindən alınıb.
Karantin qaydalarını pozduqlarına görə, “Şah” şadlıq sarayının sahibi Oruc Mirzəyev, həmin toy məclisini təşkil edən Nicat Abbasov 200 manat, “Yunis” şadlıq sarayının sahibi Zülfü Muxtarov 4 min manat, Qaradolaq kəndində toy sahibi Xudaverdi Cəfərov 400 manat, toy məclislərində iştirak edən Əlibala Cəfərov, Nəvai Abbasov isə 400 manat məbləğində cərimə olunublar.
Bundan başqa, 23 iyul 2021-ci il tarixdə rayon polis şöbəsi tərəfindən Aşağı Avşar kəndi ərazisində fəaliyyət göstərən “Kral” şadlıq sarayında da daha bir toy məclisinin keçirilməsinin qarşısı alınıb. Həmin vaxt aşkar olunub ki, əvvəllər də sözügedən şadlıq sarayının sahibi Mustafa Cəfərov tərəfindən eyni nöqsana yol verilib. Faktla bağlı rayon polis şöbəsinin istintaq bölməsi araşdırma aparır.
“Aran”