2.5 C
Aghjabadi

“Əkinçi” ilə başlanan şanlı Milli Mətbuat tariximiz

Jurnalistika məktəbi hesab edilən “Əkinçi” qəzeti böyük Azərbaycan ziyalısı Həsən bəy Zərdabinin redaktorluğu ilə 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək fəaliyyət göstərsə də və cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının yaranmasında və təşəkkül tapmasında əvəzsiz rolu olub. Qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük əhəmiyyət daşıyıb.

H.Zərdabi “Əkinçi”nin ilk sayında oxuculara müraciətlə yazırdı: “…Dünya bir şeydir ki, həmişə dövran edir və insan bu dövr dünyanın gərdişinə görə gərək habelə öz rəftarını da dəyişdirsin, necə ki, məsəldir, deyərlər, zəmanə dəyişilməyi əlbəttə hər anlayan kəsə məlumdur və bu dövr zəmanənin dəyişilməyi bizim ilə deyil, həmçinin biz qadir deyilik ki, zəmanəni dəyişilməkdən saxlayaq. Ol kəslər ki, həmişə bizə etibar edib bizim sözlərimizə əməl ediblər, zəmanə dəyişilməyinə görə gün-gündən tərəqqi edib irəli gedirlər.”

Milli mətbuatın inkişafına töhfə vermiş qəzetlərin adını çəkərkən qeyd etməliyik ki,“Əkinçi”dən sonra bu sahədə xeyli irəliləyişlər müşahidə edilib. XIX əsrin sonlarında “Ziya” (1879), “Kəşkül” (1880), “Kaspi” (80-90-cı illər) qəzetləri nəşrə başlayıb. XX əsrin əvvəllərində isə C.Məmmədquluzadə, M.Şahtaxtinski, S.Hüseyn, Ö.Faiq Nemanzadə, Ü.Hacıbəyli və başqaları yeni demokratik mətbuatın yaranması uğrunda mübarizə aparıblar. Bu gərgin mübarizə nəticəsində “Molla Nəsrəddin” (1906), “Şərqi-rus” (1903), “Həyat” (1905), “Açıq söz” (1915), “Azərbaycan” (1918) kimi demokratik ruhlu, milli qayəli qəzetlər nəşrə başlayıb.

 Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də, Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimai-siyasi həyatında fəal şəkildə təmsil olunub. Bu dövrdə ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxmışdır. “Əkinçi” qəzetinin nəşrə başladığı gün – 22 iyul ölkəmizdə Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur.

Onu qeyd etməliyik ki, ölkəmizdə mətbuatın davamlı inkişafı təmin olunur. Bu gün ölkədə 5 mindən çox media subyekti var. Müasir dövrdə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirib. Bütün dünyada gedən qloballaşma prosesi mətbuatdan da yan ötməyib. Bu gün yüzlərlə jurnalist beynəlxalq təşkilatların dəstəyi ilə təşkil olunan ixtisasartırma və təkmilləşmə kurslarında iştirak edirlər. Vaxtilə Azərbaycanda Mətbuat Şurasının formalaşması media sahəsində pərakəndəliyi aradan qaldırmağa imkan verib, 2003-cü il martın 15-də Azərbaycan jurnalistlərinin birinci qurultayında qəbul edilmiş Azərbaycan Jurnalistlərinin Peşə Davranışı Qaydaları isə media qurumları arasında problemlərin həllinə müsbət təsir göstərib.

Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafı, jurnalistlərin sosial şəraitinin yaxşılaşdırılması dövlətimizin başçısının diqqət mərkəzindədir. KİV-lərə birdəfəlik yardımların göstərilməsi, mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri, həmçinin milli mətbuatın inkişafındakı xidmətlərinə görə jurnalistlərin fəxri adlarla təltif edilməsi haqqında sərəncamlar mətbuata və mətbuat işçilərinə qayğının göstəricisidir. Dövlət başçısının Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları əsasında yaşayış binaları tikilib jurnalistlərin istifadəsinə verilmişdir. Eyni zamanda, Mətbuat Şurası üçün yeni binanın ayrılması və onun müasir avadanlıqla təmin edilməsi ölkəmizdə azad mətbuatın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olmasının sübutudur.

 Mətbuatın inkişafı siyasi prioritetdir. Ötən əsrin 80-ci illərindən başlayaraq milli mətbuat azad və demokratik mətbuat missiyasının, insanların düşüncə və sözlərinə hörmətin, yeniləşən informasiya vasitəsilə operativ məlumatlandırmanın, plüralizm və tolerantlıq ideyalarının daşıyıcısı olub. Bu gün tez-tez “dördüncü hakimiyyət” adlandırılan mətbuat Azərbaycanda bir çox proseslərin şəffaflığına və hakimiyyətin üç “klassik” qolunun (icra, qanunverici, məhkəmə) fəaliyyətinin yaxşılaşdırılmasına səbəb olur. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır.

Ölkəmizdə azad mətbuatın inkişafı, iqtisadi müstəqilliyin təmin edilməsi, reklam bazarında müəyyən nöqsanların aradan qaldırılması, sosial vəziyyətin yaxşılaşdırılması məqsədilə xüsusi proqramlar hazırlanıb. Ölkə rəhbərliyinə təqdim olunan “Jurnalistlərin dostu” mükafatları Azərbaycan iqtidarının mətbuata açıq olmasının, eləcə də sahənin inkişafına ayrılan yüksək diqqətin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyev bütün dövrlərdə mətbuatın inkişafına prinsipial diqqət ayırmışlar. Mətbuat işçiləri ilə mütəmadi təşkil olunan görüşlər, habelə institusional təşəbbüslər mətbuatın davamlı inkişafına səbəb olmuşdur. Milli mətbuatın inkişafına göstərilən dəstəyə görə ulu öndər Heydər Əliyev 2002-ci ildə, Prezident İlham Əliyev 2010, 2013, 2017 və 2018-ci illərdə “Ruh” Azərbaycan Jurnalistləri Müdafiə Komitəsi tərəfindən təsis olunmuş “Jurnalistlərin dostu” mükafatına layiq görülmüşlər.

44 günlük Vətən müharibəsində və müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mətbuatın rolu və jurnalistlərin fəaliyyəti əvəzolunmaz idi. Məhz nümayiş olunan peşəkarlıq, fədakarlıq və çeviklik sayəsində dünya ictimaiyyətinə müharibə ilə əlaqədar, o cümlədən rəsmi İrəvanın törədiyi hərbi cinayətlər haqqında dolğun məlumatların çatdırılması mümkün oldu. Öz peşə vəzifələrinin icrası zamanı Kəlbəcər rayonu ərazisində iki jurnalistin minaya düşərək həlak olması faktı isə beynəlxalq jurnalistlər birliyinin sərt reaksiyasına səbəb olmuşdur. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqlənmişlər.

Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü funksiyasını yerinə yetirib. Ulu öndər Heydər Əliyevin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında” Fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi informasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib.

Müxtəlif dövrlərdə ölkə rəhbərliyinin təşəbbüsü ilə çap mediasının vergidən azad edilməsi, eləcə də qəzetlərin, jurnalların nəşriyyata olan borclarının silinməsi haqqında qəbul olunan qərarlar ölkədə mətbuatın inkişafına dair göstərilən dəstəyin daha bir təzahürüdür. Burada Mətbuat Şurası tərəfindən qəzet və jurnalların Şuraya olan borclarının da silinməsi faktları qeyd olunmalıdır.

 Artıq Medianın inkişafında keyfiyyət etibarilə yeni bir mərhələ başlayıb. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə yaradılmış Medianın İnkişafı Agentliyi ölkəmizdə çap və onlayn medianın inkişafı, media orqanlarının maliyyə müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, mütərəqqi layihələrin davamlı dəstəklənməsi məqsədilə müxtəlif tədbirlər həyata keçirir.

Yeni dövr milli mətbuatımızın inkişafı ilə bağlı qanunvericilik bazasının təkmilləşdirilməsini labüd edir. Qanunvericilik müstəvisində mətbuatın inkişafına verilmiş ən böyük töhfələrdən biri 1999-cu ildə “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununun qəbul olunması olmuşdur. Hazırda media məkanında sürətli qloballaşma prosesi gedir, mətbuatın bütün sahələrdə funksionallığı sürətlə artır. Qabaqcıl texnologiyalar media sektoruna daxil olduqca yeni trendlər meydana gəlir. Bu gün jurnalistlərin, milli mediamızın qarşısında cəmiyyəti daha obyektiv, daha peşəkar şəkildə məlumatlandırmaq missiyası durur. Bu baxımdan mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın qarşısıalınmaz tələbidir. Bununla əlaqədar, Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə media haqqında qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Bundan əlavə, “Aran” qəzeti rayonun ictimai-siyasi həyatının bütün sahələrini operativ olaraq işıqlandırır. Şəhidlər,qazilər haqqında məqalələr, müsahibələr, kənd təsərrüfatı, təhsil, mədəniyyət xəbərləri və digər məsələlər mütəmadi olaraq qəzetdə yer alır. Ağcabədinin tanınmış şəxsləri, tarixi haqqında araşdırma yazılar çap olunur. Gənclərin öz qələm təcrübələrini təqdim etməsi, yaradıcılıqlarının inkişafı üçün burada geniş imkanlar yaradılıb.Tariximizi, ədəbiyyatımızı, mədəniyyətimizi təbliğ edən və öyrənən gənclər üçün “Aran” artıq doğma bir ocağa çevrilib. Qəzetin nəzdində fəaliyyət göstərən ədəbi məclis də yaradıcı insanların daha da inkişaf etməsinə, tanıdılmasına təkan verir.

Eyni zamanda qəzetin saytı – www.aranqazeti.az   da fəaliyyət göstərir ki, bu da əldə olunan məlumatların daha operativ şəkildə oxuculara çatdırılmasında böyük rol oynayır. “Aran”ın “Facebook”, “İnstagram”, səhifələri oxucularla daha sıx ünsiyyət qurulmasına, onların problemləri ilə yaxından tanış olmağa və bunun həlli üçün işlərin görülməsinə imkan yaradır.Yaxın günlərdə fəaliyyətə başlayacaq  Aran Qarabağ TV bir bölgə qəzetinə göstərilən diqqətin nə qədər böyük uğurlara imza ata biləcəyinə sübutdur. Hələ bir müddət öncə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun “Facebook” sosial şəbəkə profilində yazdığı bu fikirlər qəzetin kollektivini daha da ruhlandırmış, onları verilən dəyərin qarşılığında daha səylə çalışmağa həvəsləndirmişdi:

“…Dünyanın bir çox qabaqcıl ölkələrində ABŞ-da, Almaniyada, Rusiyada regional media mərkəzi mətbuatdan qat-qat populyardır. Onların real oxucu auditoriyası var. İnsanlar daha çox öz yaşadıqları bölgədə baş verənlər barədə məlumat almağa meyllidirlər.

Sevindirici haldır ki, Azərbaycanda da ənənələri qoruyub saxlayan bölgə KİV-ləri var. Onlardan biri də Ağcabədi rayonunda işıq üzü görən “Aran” qəzetidir. Nəşr 2020-ci ildən başlayaraq 1500 nüsxə tirajla həftədə 2 dəfə çap olunmaqdadır. Bəli, həftədə 2 dəfə. Bu məqama xüsusi diqqət yetirməyinizi istərdim. 2021-ci ildən isə qəzetin tirajı 2600-ə çatdırılıb. Eyni zamanda elektron versiyası “aranqazeti.az” saytı da yaradılıb. Yaxın günlərdə  qəzetin televiziyası da olacaq…”

Bəli, bir bölgə qəzetinin qısa zamanda belə diqqət çəkməsi əlbəttə, sevindirici haldır və inanırıq ki, bütün bölgələrimizdə bu sahədə irəliləyişlər olacaq, mətbuata göstərilən diqqət və qayğı ümumilikdə ölkə mətbuatında günbəgün daha da çox  hiss ediləcəkdir.

Xəbər lenti

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Şərhlər