14.4 C
Aghjabadi
Çərşənbə axşamı, Oktyabr 19, 2021

Bizim tutduğumuz yol haqq, ədalət yoludur

Şəhid ailələrinə və müharibə iştirakçılarına qayğı dövlətimizin diqqət mərkəzindədir. Son illər ərzində bu sahədə çox böyük işlər görülmüşdür. 10 min şəhid ailəsi və müharibə əlili dövlət tərəfindən mənzillərlə, fərdi evlərlə təmin olunub və bu proses davam edir. 2020-ci ildə Azərbaycan bu istiqamətdə ən böyük göstəricilərə nail olub – 1572 şəhid ailəsi və Qarabağ qazisi evlərlə, mənzillərlə təmin olunub. Bu il 3 minədək şəhid ailəsi, müharibə əlili evlərlə, mənzillərlə təmin ediləcək və bu yaşayış kompleksini də nəzərə almaq şərti ilə artıq bu kateqoriyadan olan 1300-dən çox ailə mənzillərlə təmin olunub. Bununla bərabər, uzun illərdir ki, Qarabağ qaziləri fərdi avtomobillərlə də təmin olunur, ümumilikdə 7200 avtomobil verilib. Mövcud istiqamət üzrə Azərbaycanda aparılan siyasət ən humanist, ən ədalətli və vicdanlı siyasətdir. Vətən uğrunda öz canlarını fəda etmiş qəhrəman övladlarımızın ailə üzvləri dövlət tərəfindən qayğı ilə əhatə olunur. Öz sağlamlığını itirmiş, yaralanmış qazilər bütün dövlət orqanları tərəfindən daim qayğı ilə əhatə olunmalıdır və bu təmin olunur. Azərbaycanda bu sahədə tətbiq olunan prinsiplər öz unikallığı ilə seçilir. Çünki bir çox ölkələrdə müharibələr, münaqişələr olub, ancaq müharibələrdə həyatını itirmiş insanların yaxınlarına bu dərəcədə diqqət göstərilmir. Ermənistan da itkilər verib və İkinci Qarabağ müharibəsində bizdən haradasa 2-3 dəfə çox itki verib. Ancaq orada müharibədə ölənlərin ailəsinin birinə bir mənzil və avtomobil verilmir.

İkinci Qarabağ müharibəsində əlil olmuş şəxslərə dövlət daim qayğı, diqqət göstərir. Qazilərimizin məşğulluq məsələləri həll olunur və bu məsələdə özəl sektor fəal iştirak edir. Təsadüfi deyil ki, özəl sektorun inkişafı, sahibkarlıqla məşğul olanların fəaliyyəti üçün dövlət çox böyük işlər görüb. İndi də özəl sektor, sahibkarlar öz sosial məsuliyyətini göstərməlidirlər və göstərirlər. Məşğulluq marafonuna 200-dən çox sahibkar qoşulub və 160 qazi artıq işlə təmin olunub. Hər il özünüməşğulluqla məşğul olmaq istəyənlər üçün dövlət tərəfindən vasitələr təqdim olunur. Cari ildə nəzərdə tutulub ki, 16 min insan özünüməşğulluq proqramına cəlb olunacaq, dövlət tərəfindən onlara vasitələr veriləcək və beləliklə, onlar öz gələcək maddi imkanlarını özləri təmin edəcəklər. Özünüməşğulluq proqramına cəlb olunan 16 min nəfər arasında artıq 5 mindən çox şəhid ailələrinin üzvləri və müharibə əlilləri vardır.

İkinci Qarabağ müharibəsinin 100-dək qazisi artıq ən yüksək keyfiyyətli, dünyanın aparıcı firmalarının istehsalı olan protezlərlə təmin olunub və bu protezlər onları normal həyata qaytarır. Bütün bu genişmiqyaslı işlər, təşəbbüslərlə bərabər, 8400 nəfərə, müharibədə iştirak edən insanlara sosial ödənişlər verilib.

Artıq bir neçə reabilitasiya mərkəzi yaradılıb və yaralanmış hərbçilərimiz orada öz sağlamlıqlarını bərpa edirlər. Bu, çox genişmiqyaslı, böyük vəsait tələb edən proqramlardır. Ancaq Azərbaycan bunu edir və bundan sonra da edəcəkdir. Bütün şəhid ailələri, Qarabağ qaziləri bilməlidirlər ki, Azərbaycan hökuməti daim onların yanındadır.

Biz Birinci və İkinci Qarabağ müharibələrinin şəhidlərinin qısasını döyüş meydanında aldıq və bununla fəxr edə bilərik. Öz yaxınlarını itirmiş insanlar bununla təsəlli tapa bilərlər. Çünki onların qəhrəmanlığı, onların şücaəti və fədakarlığı torpaqlarımızın azad olunmasına xidmət etdi. Məhz onların qanı bahasına biz torpaqları almışıq, geri qaytarmışıq. Bizim şəhidlərimiz haqq yolunda, Vətən uğrunda həlak olublar. Onların qəhrəmanlığı nəticəsində bu gün bizim bayrağımız azad edilmiş torpaqlarda ucaldılır. Onların qəhrəmanlığı nəticəsində xalqımız, dövlətimiz müzəffər dövlət, müzəffər xalq kimi yaşayır və bundan sonra əbədi yaşayacaq.

Azərbaycan üç minə yaxın şəhid verib. Onların hər birinin həyatı çox qiymətlidir. Müharibədə itkilərimiz daha da çox ola bilərdi. Çünki, birincisi əks-hücum əməliyyatı keçirən tərəf adətən, bir qayda olaraq, daha çox itki verir – müdafiə olunan tərəfdən ən yaxşı halda üç-dörd dəfə çox. Digər tərəfdən, azad edilmiş torpaqların relyefi bizim üçün çox əlverişsiz idi. Qarşı tərəf üçün əlverişli idi. Onlar bütün strateji yüksəkliklərə sahib idilər. Əlbəttə ki, 30 il ərzində onların qurduqları istehkamlar, 6 müdafiə xətti və mühəndislik işləri onlara böyük üstünlük verirdi. Onlar hesab edirdilər ki, bu müdafiə xəttini, bu istehkamları, bu dağları biz heç vaxt keçə bilmərik. Amma onlar yanıldılar, böyük yanlışlığa, səhvə yol verdilər. Bizi qələbəyə aparan təkcə hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, hərbi texnikamız yox, ən başlıca faktor, amil Vətən sevgisi idi.

Ermənistan bu günə qədər öz itkiləri haqqında məlumat vermir. Müstəqil ekspertlərdə olan məlumatlara əsasən, onların itkiləri ən azı 7-8 mindir. Bunu həm əməliyyatların gedişatı göstərir, eyni zamanda, videotəqdimatlar, ermənilərin məhv edilmiş, qənimət kimi götürülmüş hərbi texnikası göstərir. Biz 336 düşmən tankını ya məhv etmişik, ya da qənimət kimi götürmüşük. Biz yüzlərlə zirehli texnikanı, yüzlərlə hava hücumuna qarşı müdafiə sistemlərini məhv etmişik. Böyük sayda artilleriya qurğularını məhv etmişik. Hər bir artilleriya qurğusu yanında ən azı 3-4 nəfər olur.

Bu gün dünyanın aparıcı ölkələrinin hərbi məktəblərində İkinci Qarabağ müharibəsi öyrənilir. Azərbaycana bir çox yerlərdən təcrübəmizi öyrənmək üçün müraciətlər olunur. Bu şanlı Qələbə Azərbaycan xalqının tarixində əbədi qalacaq. Bəlkə də tarixdə buna oxşar parlaq və tam qələbə heç vaxt olmamışdır. Biz hazırlaşırdıq, tədbirləri görürdük, bütün addımları vaxtında atırdıq. Bütün gücləri bir amal uğrunda səfərbər etmişdik ki, torpaqlarımızı işğalçılardan azad edək. Həm hərbçilərimizin peşəkarlığı, qəhrəmanlığı, texniki təchizat, həm də vətənpərvərlik hissi – bütün bu amillər, xalq-iqtidar birliyi, ölkəmizdə mövcud olan sabitlik və xoş ovqat qələbəyə gətirən amillər olmuşdur.

İndi bütün dünya bilir ki, müharibə dövründə Ermənistan döyüş meydanında bizə qarşı müqavimət göstərə bilmədiyi halda mülki əhalini atəşə tutub, hərbi cinayətlər törədib, qadağan edilmiş silahlardan, o cümlədən ağ fosforlu bombalardan istifadə edib. Bu, artıq sübut olunub. Uzaqmənzilli ballistik raketlərdən istifadə edib və bunun nəticəsində 100-dən çox mülki şəxs həlak olub və minlərlə fərdi ev və fərdi sahibkarlıq obyekti dağıdılıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi öz həllini tapıb. Bu münaqişə həll olunub. Bunu da həll edən tərəf Azərbaycan dövlətidir. Biz bunu birtərəfli qaydada həll etmişik. Biz öz sərhədlərimizə çıxmışıq, Ermənistan-Azərbaycan sərhədini nəzarətə almışıq. Biz artıq quruculuq işlərinə başlamışıq. Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. İyulun 7-də imzalanmış Fərman əsasında Qarabağ iqtisadi zonası yaradıldı. Bütün Qarabağa aid olan rayonlar orada birləşib.

Şərqi Zəngəzur iqtisadi zonası yaradılıb. İndi Ermənistanda bu məsələ ilə bağlı isterikaya qapılırlar. Buna ehtiyac yoxdur, Şərqi Zəngəzur bizim tarixi torpağımızdır, Qərbi Zəngəzur bizim tarixi torpağımızdır. Biz tarixi unuda bilmərik, kiminsə siyasi maraqlarının girovuna çevirə bilmərik. Tarixi sənədlər, xəritələr göstərir sovet hökuməti Zəngəzuru nə vaxt Azərbaycandan qoparıb Ermənistana verib. Bu, yaxın tarixdir – 101 il bundan əvvəl. Biz həqiqəti deyirik. Bizim dədə-baba torpağımızdır: bütün Zəngəzur – Şərqi və Qərbi Zəngəzur. İndi Ermənistanda ərazi iddiası ilə çıxış etdiyimizi deyirlər: Əgər Şərqi Zəngəzur varsa, deməli, Qərbi Zəngəzur da var. Bəli, Qərbi Zəngəzur bizim dədə-baba torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdacağıq və qayıdırıq. Heç kim bizi dayandıra bilməz.

Kommunikasiyalar açılandan sonra Azərbaycan əhalisi öz dədə-baba torpaqlarına qayıdacaq. Üçtərəfli 10 noyabr Bəyanatında göstərilir: Bütün qaçqınlar öz doğma torpaqlarına qayıtmalıdırlar. Bizim doğma torpağımız Zəngəzurdur, bizim doğma torpağımız Göyçə mahalıdır, İrəvandır. Biz buralara mütləq qayıdacağıq.

Azərbaycan tərəfi bu istiqamətdə işlərin başlanmasına hazırdır. Ancaq Ermənistan tərəfindən buna rəsmi reaksiya yoxdur. Müharibə ərəfəsində və müharibə dövründə Ermənistan tərəfi böyük səhvlər buraxıb, hərbi cinayətlər törədib. Sülh müqaviləsi ilə bağlı olan təklifimiz yeni real vəziyyətə əsaslanır. Hesab edirik ki, məsələ həll olunub, Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi olmalıdır. Bir-birinin ərazi bütövlüyünün tanınması olmalıdır, sərhədlərin tanınması olmalıdır, delimitasiya işlərinə start verilməlidir.

İndi istər hərbi cəhətdən, istərsə də iqtisadi baxımdan xeyli inkişaf edən Azərbaycanla artıq dünyanın bir çox ölkəsi hesablaşır. Biz regionda söz sahibinə çevrilmişik. Bu da bizə haqq işimizi davam etdirməyə, nə vaxtsa itirdiyimiz doğma torpaqlara qayıtmağa böyük inam yaradır. Bu inamı da bizdə Vətən müharibəsində qazandığımız Şanlı Qələbə yaratdı. Biz müharibədə qarı düşməni məğlub etdik. Bu bir daha göstərir ki, bizim tutduğumuz yol haqq, ədalət yoludur. Biz heç vaxt bu yoldan dönməyəcəyik. Çünki bu yol işıqlı gələcəyə aparır.

Xəbər lenti

Xatirə bulaq kompleksinin açılışı olmuşdur

            Ağcabədi şəhərində şəhid Həziyev Xəyalın doğulduğu evin yaxınlığında xatirə bulaq kompleksinin açılışı olmuşdur. Açılış mərasimində rayon icra hakimiyyətinin nümayəndələri, Səfərbərlik və...

Azərbaycanın ərazi bütövlüyü bərpa olunub

Azərbaycan Respublikasının Prezidenti Müstəqil Dövlətlər Birliyi Dövlət Başçıları Şurasının 15 oktyabr 2021-ci il tarixdə keçirilən iclasında çıxış edir. Dövlət başçısı qeyd edib...

Ağcabədi xəstəxanasının direktoru barəsində cinayət işi məhkəməyə göndərilib

“Ağcabədi rayon Mərkəzi xəstəxanası” publik hüquqi şəxsin direktoru vəzifəsində işləmiş Fövzi Tahirovun qanunsuz əməlləri ilə əlaqədar keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror...

Qələbənin Qubadlı zirvəsi

25 oktyabr 2020-ci il tarixdə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında daha bir bölgə Qubadlı şəhəri mənfur düşməndən azad olunub. Qubadlı...

YAP Ağcabədi rayon təşkilatında videokonfrans keçirilmişdir

                          Oktyabr ayının 16-da YAP Ağcabədi rayon təşkilatı“Dövlət Müstəqilliyinin bərpası”nın 30-cu ildönümü münasibətilə  videokonfrans  keçirmişdir.YAP Ağcabədi rayon...

18 Oktyabr – Müstəqilliyin Bərpası Günü ilə əlaqədar olaraq Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə tədbir keçirilmişdir

16 Oktyabr 2021-ci il tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Ağcabədi və Ağdam rayon Heydər Əliyev Mərkəzlərinin birgə təşkilatçılığı ilə Zoom...

Ağcabədidə paltarı dəzgaha ilişən gəncin boynu sınıb

Pambıq zavodunda işləyən 1995-ci il təvəllüdlü Mehralıyev Amil Aqil oğlunun paltarı iş yerində elektrik dəzgahına ilişib. Nəticədə o ağır...

Azərbaycan Respubilkasının Prezidenti cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident! 5 oktyabr – Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar əməyimə yüksək qiymət verərək məni «Əməkdar müəllim» fəxri adı...

Təlim və tədbirlərin yekunu

Avropa İttifaqının maliyyə dəstəyi, UNİCEF və “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Erkən Uşaqlıq Dövründə İnkişaf” (EUDİ) layihəsi əsasında bölgədə keçirilən...

Ürəklər bir olanda…

Dərd var ki, tək çəkilmir. Onun böyüklüyü bir qəlbə sığmır. Amma buna baxmayaraq, dərd çəkilməlidir. Həyat öz  təbii...

Şərhlər