Onun da bayramıdır

         İsmayıl İsa oğlu İsmayılov 3 fevral 1959-cu ildə Ağcabədi şəhərində anadan olub. 1965-ci ildə 2 saylı şəhər tam orta məktəbin birinci sinfinə gedib. 1973-cü ildə sözügedən məktəbin 8-ci sinfini bitirəndən sonra Cəfər Babayev adına Bakı Poliqrafiya üzrə texniki peşə məktəbinə qəbul olub. Burada mürəttib ixtisası, həm də linotip(sətirtökən maşın yığıcısı) peşəsinə yiyələnib. Dörd il bu peşə məktəbində oxuyan İsmayıl eyni zamanda, elə 1-ci kursdan oxuya-oxuya məktəbin nəzdində, eləcə də Təhsil Nazirliyində fəaliyyət göstərən mətbəədə çalışıb, müxtəlif sifarişlər yerinə yetirib. 1976-cı ildə peşə məktəbini bitirən İsmayıl mürəttib kimi fəaliyyət göstərib.Uzun müddət “Aran” qəzetində çalışıb. O, 1980-ci ilin yanvar ayından qəzetdə linotipçi, sonra isə 2019-cu ilin dekabrına qədər çeşidləyici kimi işləyib. Hazırda “Faziloğulları” MMC-də çapçı-operator vəzifəsində çalışan İsmayıl olduqca əməksevər, sadə, təvazökar, xeyirxah bir insandır. Həyatda dürüst, sözübütöv olan İsmayıl həm də nümunəvi ailə başçısıdır. 2 oğul, 2 qızı var. Oğlanları da sadə peşə adamlarıdır. Vüsal qaynaqçı, Orxan isə mebel ustasıdır. 8 nəvəsi olan İsmayıl övlad və nəvələrinə əsl örnəkdir. O, istehsalatdan bu gün də ayrılmır, yorulmaq nə olduğunu bilmir, həmişə iş başındadır.

İsmayıl sadə peşə adamı olsa da, hərtərəfli bilik sahibidir. Əsl vətənpərvər kimi, milli dəyərlərə böyük önəm verir və onlara söykənməyi özünə mənəvi borc sayır. Daima mütaliə edən , biliyini daha da artıran İsmayıl bir qarabağlı kimi əsl muğam vurğunudur. O, həm də musiqinin bütün janrlarını sevir, peşəkar musiqini dinləməkdən doymur.

Uzun müddət mətbuat sahəsində, eləcə də vaxtı ilə bizim “Aran”da çalışan İsmayıl İsmayılovu Mətbuat Günü münasibəti ilə təbrik edir, ona işində və həyatda yeni-yeni uğurlar arzulayırıq.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com