Qaravəlli kəndində xatirə bulaq kompleksi istifadəyə verilib

         15 iyul 2021-ci il tarixdə Ağcabədi rayonunun Qaravəlli kəndində Vətən müharibəsində qəhrəmancasına həlak olmuş şəhid Bayramov Xəzər Azad oğlunun xatirəsini əbədiləşdirmək üçün bulaq kompleksinin açılış mərasimi keçirilib. Sözügedən xatirə kompleksi şəhidin yaxın qohumu, hazırda Rusiya Federasiyasında yaşayan Mübariz Rəsulovun şəxsi vəsaiti hesabına ərsəyə gətirilib.

Xatirə bulaq kompleksinin açılışında şəhidin yaxın qohumları, kənd sakinləri, ziyalılar, kənd bələdiyyə və icra nümayəndələri, media mənsubları qatılıblar. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov iştirak edib.

Mərasimdə çıxış edənlər Xəzərin keçdiyi qısa və mənalı ömür yolundan, Vətən müharibəsi dövründə qəhrəmanlığından danışıb, onun haqqında xatirələrini bölüşüblər.

Tədbir iştirakçıları Qaravəlli kənd qəbristanlığına yollanaraq, şəhid Xəzər Bayramovun məzarını ziyarət edib, onun xatirəsini hörmətlə yad ediblər. Sonra şəhidin ruhuna dualar oxunub.

Adil Misirli

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər