Xoş ovqatlı oğlan

         Fətəliyev Sadiq Kamil oğlu rayonumuzun qədim kəndlərindən olan Hüsülüdə 1 avqust 2001-ci ildə dünyaya gəlib. Əməksevər ailədə həyata qədəm qoyan Sadiq 2008-ci ildə Cavad Həsənov adına Hüsülü kənd tam orta məktəbinin birinci sinfinə daxil olur. 2018-ci ildə sözügedən təhsil ocağını uğurla başa vurur. 2019-cu ilin oktyabrında hərbi xidmətə yollanan Sadiq Bakıda Fəxri Qarovul və Mühafizə bölüyündə xidmət edir. Qeyd edəki ki, bu bölüyə hər bir əsgəri qəbul etmirlər. Fiziki cəhətdən sağlam olmaqla bərabər, gərək xüsusi hazırlıq keçəsən, boy-buxun, dünyagörüş də bu bölüyün əsgərlərində yüksək səviyyədə olmalıdır.

Nümunəvi hərbi xidmətinə görə Sadiq Fətəliyev komandanlıq tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb və valideynləri onun qulluq etdiyi hərbi hissənin rəhbərliyi tərəfindən təşəkkür məktubu alıblar. Məktubda belə tərbiyəli, nümunəvi, ağıllı övlad böyütdükləri üçün hissənin rəhbərliyi onun valideynlərinə təşəkkür edir, sağ ol deyirlər.

Sadiqin bədən tərbiyəsi müəllimi Siyasət Məmmədov söhbət zamanı onun haqqında belə söylədi: ”Çox səbrli, təmkinli, nümunəvi şagird idi. Sadiq fiziki cəhətdən sağlam, ucaboylu olduğu kimi, öz müsbət keyfiyyətləri ilə həmişə başqalarından seçilirdi. Dərslərini yaxşı oxuyur, bir çox idman fəndlərini ustalıqla göstərirdi. Böyük-kiçiyin yerini bilən, hamıya hörmətlə yanaşan, müəllim kollektivinin və şagirdlərin sevimlisi olan Sadiq orduda xidməti zamanı məktəbimizin, kəndimizin adını doğrultdu. Onun haqqında ancaq xoş sözlər eşitdik. 44 günlük Vətən müharibəsi zamanı Sadiq orduda bir əsgər kimi öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Sadiqə gələcək həyat və fəaliyyətində uğurlar diləyirəm. İnanıram ki, o, həmişə kəndimizin adını uca tutacaq, layiqli bir insan kimi, hər yerdə, həmişə onun haqqında xoş sözlər eşidəcəyik”.

Sadiq bu yaxınlarda ordu sıralarından tərxis olunaraq dinc həyata qayıtmışdır. Onunla kəndlərində, evlərində görüşüb, xeyli səmimi söhbət etdik. Ucaboy, yaraşıqlı, tərbiyəli Sadiq sözün əsl mənasında təvazökarlıq təcəssümüdür. Hərəkətlərində, danışığında məntiq, əqidə, tərbiyə, özünə və başqalarına hörməti sezmək çox da çətin deyil. Sadiq söhbətimizə bunları əlavə etdi: “Həyatda qazandığım hər bir uğur üçün ilk növbədə valideynlərimə və müəllimlərimə borcluyam. Onlar həmişə mənə mənəvi dayaq olmaqla bərabər, hər yerdə köməklərini, dəstəklərini əsirgəməyiblər. Gələcəkdə də onların adını uca tutacaq, daima onlara layiq hərəkət edəcəyəm. Arzularımdan danışsam, onu deyə bilərəm ki, hərbçi peşəsinə yaxın olan polis işçisi olmaq niyyətindəyəm. İnsanların rahat və qayğısız yaşamaları üçün həmişə onların yanında olacaq, dinc həyat tərzi sürmələri üçün asayişlərinin keşiyində sayıqlıqla duracağam. Başqa arzularım da var. Onlar haqqında hələlik danışmaq istəməzdim. Bəzən arzular həqiqətdən irəlidə gedir. İstəməzdim ki, gələcəyi qabaqlayım… İnşallah gələcəkdə hər şey yaxşı olacaq. Mən buna inanıram”.

Bəli, buna biz də inanırıq, Sadiq. Sənin əzmkarlığın, iradən və daimi xoş ovqatın buna əmin olmağa inam yaradır.

Adil MİSİRLİ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com