Ağcabədi rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş
tədbirlərlə narkotik ticarəti ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxil olan məlumat əsasında polis əməkdaşlarının həyata keçirdikləri
əməliyyat axtarış tədbirləri nəticəsində Ağcabədi şəhər sakini, əvvəllər
məhkum olunmuş Zaur Hacıyev idarə etdiyi avtomobillə birgə şəhər
ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib.
Avtomobilə baxış keçirilən zaman 2 ədəd polietilen torbada təmiz çəkisi
100 qram olan heroin və 1 ədəd “Makarov” tipli tapança aşkar edilib.
Təqsirləndirilən şəxs ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində
məlum olmuşdur ki, o, silahı Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin
müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Qasımov Hidayət İsmayıl
oğlundan almışdır. Görülən tədbirlər nəticəsində Hidayət Qasımov 1 ədəd
“Makarov” tipli tapançanı 250 manata satarkən saxlanılmış və araşdırma
zamanı məlum olmuşdur ki, o, 2021-ci ilin may-iyul aylarında xidmət etdiyi
hərbi hissənin silah anbarının qapısının qıfılını sındırmaqla, oradan 4 ədəd
“Makarov” markalı tapançanı oğurlamış, həmin silahların 2 ədədini Zaur
Hacıyevə, 1 ədədini isə Ağcabədi şəhər sakini Süleymanlı Fuad Eldar oğluna
vermişdir. Təqsirləndirilən şəxs qismində həbs olunan Zaur Hacıyev ayrı-ayrı
vaxtlarda Qasımov Hidayət İsmayıl oğlundan 2 ədəd silah aldığını etiraf etmiş,
yoxlama istintaq hərəkəti keçirilən zaman yaşadığı evin həyətindəki
yarımtikilinin içərisində gizlədiyi 1 ədəd 1955-ci il istehsalı olan “Makarov”
tapançası aşkar edilmişdir.
Hidayət Qasımovun dördüncü silahı satdığı Ağcabədi şəhər sakini
Süleymanlı Fuad Eldar oğlu Bakı şəhəri ərazisində Ağcabədi rayon Polis
Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, o, silahın hazırda Binəqədi RPİ
tərəfindən axtarışda olan Ələkbərov Əfsər Mütalib oğlunun vasitəçiliyi ilə Bakı
şəhər sakini Məlik adlı şəxsə 600 manata satıldığını bildirmişdir.
Faktla bağlı araşdırmalar davam etdirilir.