Həmyerlimiz “Yüksəliş” müsabiqəsinin qalibi olub

         Ölkə Prezidenti İlham Əliyevin 26 iyul 2019-cu il tarixli Sərəncamı ilə respublikamızda “Yüksəliş” müsabiqəsi təsis edilib. Sözügedən müsabiqə intellektual səviyyəsi, idarəçilik keyfiyyətləri yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatının yaradılmasını təmin edilməsi məqsədi ilə təşkil olunub.

Təsis komitəsinin qərarı ilə elan olunmuş sözügedən müsabiqəyə 11 min 760 nəfər iştirakçı qatılıb. Onların arasından 27 nəfər qalib gəlib. “Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də “AccessBank” Hüquq və Komplayens departamentinin rəhbəri, həmyerlimiz Tural Feyzullayev olub. O, qalib adını yüksək idarəçilik səriştəsi və bacarıqlarına görə qazanıb. 

Qeyd edək ki, bu, həmyerlimizin ilk nailiyyəti deyil. İstedadlı gənc 2018-ci ildə Azərbaycanda biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalına layiq görülüb.

Yeri gəlmişkən bildirək ki, Tural Feyzullayev “AccessBank”dan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasında və Mərkəzi Bankda fəaliyyət göstərib. O, Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasıda hüquqşünas ixtisası üzrə bakalavr, Fransanın Tuluza Universitetində beynəlxalq biznes hüququ üzrə magistr dərəcələri alıb.

İngilis və fransız dillərini bilən T.Feyzullayev xarici ölkələrdə də respublikamızı layiqincə təmsil edir. Həmyerlimizi əldə etdiyi nailiyyətlər münasibəti ilə təbrik edir, ona yeni-yeni uğurlar arzulayırıq!

Yəhya PAŞAZADƏ

Şərhlər